“COVAX razılaşmanı pozaraq, Azərbaycana peyvəndlərin təqdim olunmasını ləngidir”
“Arannews :BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatı adından irəli sürülmüş vaksinlərin ədalətli və bərabər bölgüsü ilə bağlı qətnamənin qəbul edilməsi koronovirus pandemiyası ilə beynəlxalq mübarizəyə bu ölkənin növbəti töhfəsi kimi qiymətləndirilməlidir”.
Bunu Azərbaycan Respublikası Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Soltan Məmmədov bildirib.
Millət vəkili qeyd edib ki, Azərbaycan COVID-19 virusuna qarşı peyvəndin ədalətli bölgüsü və əlçatanlığını təmin etmək məqsədilə yaradılmış COVAX beynəlxalq təşəbbüsünə ilk qoşulan və dəstək verən ölkələrdəndir. Lakin COVAX əldə olunmuş razılaşmanı pozaraq, Azərbaycana peyvəndlərin təqdim olunmasını ləngidir. “Əldə olunmuş razılaşmada nəzərdə tutulan vaxt qrafikinə əməl olunmayıb. Bundan başqa, razılaşdırılmış sayda vaksinin veriləcəyi də sual altındadır. Bu, COVAX-a olan etimadı əsaslı dərəcədə sarsıdır. Xüsusilə də ona görə ki, vaksinlərin bölüşdürülməsində ikili standartlara yol verildiyi müşahidə olunur. Heç bir əsas olmadan ölkələr arasında seçim aparılır, halbuki, koronavirus qlobal miqyaslı bir problemdir”.
Soltan Məmmədov bildirib ki, Azərbaycan peyvəndin tətbiqinə ilk başlayan ölkələrdən biri olub.