“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir”.
Arannews -Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin aprelin 1-nə olan fəaliyyəti ilə bağlı məlumatında bildirilir.
“İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.
Atəşkəs bütün təmas xəttində müşahidə olunur”, - açıqlamada deyilir.
Bildirilib ki, bu gün rus sülhməramlıları Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin altı karvanını müşayiət edib: “Dördü şimal və cənub istiqamətində Laçın dəhlizindən, biri Şuşa – Qırmızı Bazar - Qacar marşrutu boyunca, digəri isə əks istiqamətdə”.
Məlumata görə, Rusiya sülhməramlı kontingentinin nümayəndələri Rusiya Humanitar Missiyası ilə birlikdə dörd humanitar aksiya keçiriblər və bu müddətdə Xankəndi sakinlərinə əsas əşyalar, ilk yardım dəstləri, qida vasitələri verilib.
“Humanitar Minalardan Təmizləmə Mərkəzinin minalardan təmizlənməsi qrupları Dağlıq Qarabağ ərazilərinin minalardan təmizlənməsi üzrə işlərini davam etdirirlər. Gün ərzində 13 hektar ərazi, 4 km yol təmizləndi, 4 bina yoxlanıldı. Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri 1873 hektar ərazi, 575 km yol, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1658 yaşayış binası partlamamış hərbi sursatlardan təmizlənib, 25 379 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.
Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq üçün səyləri koordinasiya etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır”, - deyə Rusiya MN-dən bildirilib.