Bildiyimiz kimi Azərbaycanda bir çox insanlar vicdan və ya hicab məhbusu kimi tanınmaqdadır. Təəssüflər olsun ki, Qarabağ müharibəsinin qələbəsinin şükrü olaraq nahaqdan tutulan insanların azadlığa çıxacağını gözlədiyimiz halda daha bir ruhaninin 18 il həbs qərarı istənildi.
Arannews :Adətən, hansısa ölkədə müharibədən qalib çıxıldığı halda, yaxud da bayram münasibətilə məhbusların əfvinə dair sərəncam gözlənilir. Təbii ki, haqqı tapdalanmış insanların, o cümlədən ruhanilərin kimisə onları əfv etməsinə dair gözləntiləri yoxdur. Ümumiyyətlə, onların ömründən illər tələf olunduğu üçün onlardan birbaşa üzür və əfv dilənməli, səhvlər düzəldilməli və onlar azadlığa buraxılmalıdır.
Xüsusilə də ruhanilərin, dindarların azadlığı gözlənilən hal idi. Çünki Qarabağ müharibəsində torpaqları işğaldan azad edən, “ Ya Hüseyn!” şüarını dillərindən düşürməyən şücaətli əsgərləri məhz bu ruhanilər tərbiyə edib, şəhadət ruhiyyəsində böyütmüşdür. Bu şücaətli əsgərlər şou-biznes proqramlarında böyüyən insanlar olmayıblar. Onların bu cür mərd böyüməsində, şəhadətpərvər olmasında əziz ruhanilərin böyük zəhməti vardır.
Bundan başqa Ramazan ayı mübarək bir ay olduğu üçün gözləyirdik ki, ruhanilərin azadlığa buraxılamsı məsələsi gündəmə gəlsin. Amma, əfsus ki, Ramazan ayının gəlişinə iki gün qalmış başqa bir ruhaninin də 18 il həbs olunma qərarının istənilməsini eşitdik.
Xatırlayırsınızsa, AİP sədr əvəzi olan İlham Əliyevin həbs edilməsi Türkiyə prezidenti Ərdoğanın Azərbaycana səfər etdiyi vaxtlarda baş vermişdi. Həmin Ərdoğan ki, özü və köməkçiləri regionda şiəliyin güclü yayılmasından hər zaman şikayətlənirlər. Onlar açıq-aşkar çıxışlarında qeyd edirlər ki, şiəliyin yayılması təhlükədir. O zamanlar, yəni, Ərdoğanın gəlişindən sonra dəyərli ruhanimiz İlham Əliyev həbs edilmişdi. İndi də mübarək Ramazan ayına bir neçə gün qalmış eşitdik ki, ittihamçı İlham Əliyevin haqqında 18 il həbs qərarı istəyib.
Təbii ki, bu işlər əbəs yerə baş vermir. Bir tərəfdən müsəlman Şərqində İran və şiəliyin qarşısını almaq üçün lider olmaq xəyallarıyla ortalığa çıxartdıqları Ərdoğan şiəliyi təhlükə hesab edir, digər tərəfdən şiə ruhanisi onun ölkəmizə gəlib getdikdən sonra həbs edilməsini görürük.
Bütün bunlar onu göstərir ki, regionda şiəliyin güclü və geniş yayılmasından narahat olanlar vardır. Həmin şiəlik ki, Azərbaycanda Qarabağı düşməndən alıb Azərbaycana qatır, Yəməndə Ali Səud və onun koalisiya üzvlərini məğlub edir, Livanda, Fələstində sionistlərə qan uddurur, İraqda, Suriyada Amerika və onların əlaltılarına məqsədlərinə çatmağa imkan vermir. Bütün bunları nəzərə alıb Azərbaycanda şiəliyin qabağını almağa çalışırlar. Amma, təbii ki, bütün bunların bir faydası olmayacaq, necə ki, indiyədək olmayıb.
Əziz müsəlman xalq isə ayıq-sayıq olmalıdır. Öz ruhanisini, dindarını, dinini, hicabını vaxtında, lazımi şəkildə müdafiə etməyi bacarmalıdır. Bu çox pis bir vəziyyətdir ki, bir ruhani həbs edilir, müsəlmanların lazımi həddə səsi çıxmır, bu sükutdan ilham alan düşmənlər bu işi adət halına çevirir və növbəti dəfə başqa ruhani həbs edilir. Bu cür bir halın qarşısını bacardığımız qədər almağa çalışmalıyıq, ruhanilər əldən çıxsa ruhaniyyətimiz, mənəviyyatımız əlimizdən çıxacaq.