Tarix : 2021 Apr 13
Kod 61127

Ərdəbil Azərbaycanın din xadiminə ağır cəza istənilməsinin aspektlərinin araşdırılması konfransına evsahibliyi edib-Foto

Ərdəbildə Azərbaycanın dini alim və mütəfəkkiri höccətül-islam Hacı İlham Əliyevin həbs edilməsi və ona ağır cəza istənilməsinin aspektlərinin araşdırılması mövzusunda konfrans keçirilib.

Arannews : xəbər verir ki, Ərdəbil Əyaləti İslam Təbliğatı Baş İdarəsinin toplantı salonunda keçirilən konfransda universitet müəllimləri, alimlər, Qafqaz məsələləri üzrə ekspertlər və media əməkdaşları iştirak edib.
Konfransda çıxış edən Ərdəbil Əyaləti İslam Təbliğatı Baş İdarəsinin direktoru höccətül-islam Qasim Cəfərzadə deyib: “Əhalisinin 85 faizini şiələr təşkil edən Azərbaycan Respublikası mədəniyyət və kimlik cəhətindən bizimlə ortaqdır. Bu səbəbdən Azərbaycan xalqının və onun elitasının taleyi bizim üçün əhəmiyyət daşıyır və bu ölkədə baş verənlərə laqeyd yanaşmaq olmaz.”
Höccətül-islam Cəfərzadə əlavə edib: “İran İslam Respublikasının birinci və ikinci Qarabağ müharibələrində Azərbaycanın hökumət və xalqına dəstək olduğu, bu müharibənin Ali Məqamlı Rəhbərin bəyanatı ilə sona çatdığı kimi, bildiririk ki, Azərbaycanın alimlərinin də taleyi bizim üçün mühümdür və Azərbaycan hökuməti Qarabağda döyüşmüş və işğal edilmiş ərazilərin əsas hissəsini düşmən işğalından azad etmiş bir millətə qarşı təzyiq göstərməməlidir.”
O çıxışının davamında deyib ki, Azərbaycan Respublikasında dindarların, o cümlədən Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyevin həbs edilməsi mərdliyə sığmayan bir hərəkət və bütün beynəlxalq qayda-qanunlara ziddir. Azərbaycan hökuməti bu ölkənin təhlükəsizliyi əleyhinə heç bir hərəkət etməmiş və yalnız siyasi tənqidçi olmuş bir şəxsi siyasi açıqlamalarına görə əsassız ittihamlarla həbs etməməli, onu uzun müddətli həbsə məhkum etməməlidir.
Təbliğat İdarəsinin direktoru Azərbaycanın məhkəmə aparatına müraciət edərək deyib: “Biz Azərbaycan Respublikasının məhkəmə aparatını dözüm göstərməyə çağırırıq və onlardan istəyirik ki, sərvətlilərin və dinə qarşı olanların muzdurlarının təsiri altına düşməsinlər. Məhkəmə orqanının iftixarı onun müstəqil olmasındadır.”
Höccətül-islam Cəfərzadə deyib: “Azərbaycan və bölgə xalqları Azərbaycan Respublikası məhkəməsinin şiə ruhanisinə qarşı bu hərəkətinə qarşı çıxacaqlar və onu bərk pisləyirlər.”
Konfransda iştirak edən ruhanilər, alimlər, universitet müəllimləri, media əməkdaşları və dəvət edilmiş digər qonaqlar sonda bəyanat qəbul edərək onu oxuyublar, Bakı dövlət ittihamçısının AİP sədr əvəzinə 18 il həbs cəzası istəməsini pisləyiblər və bu ölkənin həbs edilmiş dindarlarının, o cümlədən höccətül-islam Hacı İlham Əliyevin azad edilməsini istəyiblər.






  • Yazılıb
  • da (də) 2021 Apr 13
  • Göndərən جهان کمالی