Konstutsiya Məhkəməsi, AKP-nin müdafiəsini verilmiş müddətdən daha tez verərək əlavə vaxt tələb etməməsinə görə istintaq işini iyulun sonuna kimi başa çatdırmaq əzmindədir
Turkyə Servisi/Aran Agentliyi
Türkiyənin Konstutsiya məhkəməsi hakim Ədalət və İnkişaf partiyasının (AKP) bağlanması istəyi ilə açılmış istintaq işini bazarertəsi müzakirə etməyə başlayacaq. Türkiyə mətbuatının yaydığı məlumata görə, müzakirələrə yekun qərar çıxarılana kimi davam ediləcək.
Konstutsiya Məhkəməsi, AKP-nin müdafiəsini verilmiş müddətdən daha tez verərək əlavə vaxt tələb etməməsinə görə istintaq işini iyulun sonuna kimi başa çatdırmaq əzmindədir.
Belə ki, AKP-nin bağlanması üçün açılmış istintaq işi 5 ay kimi qısa müddətdə yekunlaşmış olacaq. Türkiyədə partiya bağlanması üçün açılan istintaq işləri adətən 2 il davam edirdi. Daha öncə bağlanmış, Fazilet Partiyasının (FP) məhkəmə prosesi 26 ay, Rifah Partiyasının (RP) məhkəmə prosesi isə 8 ay davam etmişdi. FP istitanqında yekun qərar 11 gün, RP istintaqında isə 8 gün ərzində elan olunmuşdu. AKP barəsindəki istintaq işinin yekun qərarını, 11 nəfərdən ibarət olan Konstutsiya Məhkəməsi Heyəti verəcək. Əsas üzvlərdən birinin iştirak etmədiyi və ya təqaüdə çıxacağı təqdirdə, 4 ehtiyat üzvdən ən təcrübəlisi heyətə daxil ediləcək.
Qeyd edək ki, Türkiyə Konstutsiyasına görə Partiyanın bağlanması qərarının çıxarılması üçün 11 əsas üzvdən ən az 7-sinin səsi lazımdır.