Arannews :Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü, ilahiyyatçı Fərhad Mirzə "Rakurs.tv"yə müsahibə verib.
Müsahibəni olduğu kimi təqdim edirik:
"İslam dini tarixi keçmişimizdən süzülərək, milli kimliyimizə çevrilib. Günümüzdə İslamı necə realizə etmək olar?
- İslamın bu günkü durumuna nəzər yetirsək, görərik ki, dünyada İslamın inkişafı artan tempdə irəli gedir. Xüsusən şiə məzhəbi hər sahədə - elmi, siyasi sahədə hər bir ideologiyanın önündə durmaqdadır. Ölkəmizə gəlincə, fərdlərin İslam baxımından dinə baxışı çox bərbad gündədir. İxtilaflar və ziddiyyətlər təzyiqə çevrilərək, bütünlükdə inkişaf prosesini iflic vəziyyətə salıb. Amma bunun özü yeni bir prossesin təməlini qoymaq üçün gözəl fürsətdir. Fürsət dediyimiz isə problemləri araşdırmaqla vəhdəti möhkəmləndirməkdir.
- Problem nədədir?
- Problem hər kəsin özünü düz bilib digərlərini səhv çıxarmağa çalışmasıdır. Əgər biz İslama vahid cəbhədən nəzər yetirsək, İslamı şəxsiləşdirməsək, problem öz həllini tapar. Bu isə İslamın təməl prinsiplərini doğru-düzgün mənimsəməklə mümkündür. İslamın əsas prinsiplərini öyrənərək, onları praktiki həyata keçirmək bu gün zərurət duyulan məsələlərdəndir. Oxumaq, öyrənmək, yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmək kimi vacibləri yerinə yetirmək, ümmətin vəhdətini qorumaq və onu təşkil etmək, maarifçilik bunun həll yoludur. Təməl prinsipi, əqidə əsaslarını dəlilli, sübutlu öyrənmək və etiqadı saflaşdırmaq hər bir inanclının şəri vəzifə borcudur. Cəhalət cəmiyyətin ən böyük düşməni, məlumatsızlıq tərəqqinin qarşısını alan ən böyük amildir.
Əlbəttə, ruhanilər də bu sahədə bacardıqlarını etməlidir. Biz bu gün ruhanilərin fəaliyyətlərini qiymətləndirmək istəsək, bunu lazımı səviyyədə bacarmarıq. Çünki dinin inkişafı üçün iş görən ruhanilərimiz də az deyil. Amma bu belə bir cəmiyyət üçün yenə də azdır.
- Bütün bunların kompleks icra edilməsinin daha lazımi nəticə verə biləcəyini zənn etmək olarmı?
- Bu günkü prosesləri nəzərə alsaq, təbii ki, bu çox çətin bir məsələdir. Amma mümkündür. Çünki öncə cəmiyyət bunu istəməlidir. Bundan sonra ruhaniyyət öz töhfələrini təqdim etməlidir. Əlbəttə, ruhaniyyətin daha bir vəzifəsi də budur ki, cəmiyyəti buna hazırlasın. Bu isə öz növbəsində çox uzun və mərhələli prossesdir. Onu da qeyd edim ki, bu sahədə cəmiyyət ruhanilərimizə çox güclü dəstək verməlidir.
- Son olaraq, müsahibimiz şəxsi təcrübəsi kimi oxuduğu kitablardan hansıları məsləhət görə bilər?
- Mən iki kitabı təklif edərdim. Birinci nəfsi tərbiyə ilə bağlı “Gizli Öz” kitabı, digəri isə Ayətullah Cavadi Amilinin “İmam Hüseyn (ə) və əqlin inkişafı” kitabını tövsiyə edərdim.
- Maraqlı müsahibə üçün təşəkkür edirik".