Tarix : 2021 Apr 20
Kod 61157

Siyasi məhbusun vəkili ilə görüşünə icazə verilmir

Hazırda 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan siyasi məhbus, Müsəlman Birliyi Hərəkatının üzvü Əhsən Nuruzadəni vəkili ilə görüşməsinə maneə yaradılır.

Arannews -Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə məhbusun yaxınları məlumat verib.
Vəkil Fəxrəddin Mehdiyev müvəkkili ilə görüş üçün Pentensiar Xidmətə məktubla müraciət edib. Pentensiar Xidmətin vəkilə göndərdiyi məktubla aprelin 17-də 17 saylı Cəzaçəkmə Müəssisəsinə gedən vəkil Fəxrəddin Mehdiyev yenə görüşə buraxılmayıb. Ona bildirilib ki, gərək Pentensiar Xidmət CÇM-nin özünə məktub göndərə. Halbuki, qanunvericilikdə görüş üçün məktub tələb olunmur, order və vəkil vəsiqəsi yetərlidir. 

YADDAŞ

İnanclı məhbus Əhsən Nuruzadə 2017-ci il oktyabrın 6-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. O CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham olunub. Bu isə 5 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.Ə.Nuruzadənin üzərindən 14.775 qram heroin tapıldığı iddia olunur.
2018-ci il martın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Əhsən Nuruzadə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə zamanı o, cibinə narkotiki polislərin atdığını bildirib: "Narkotiki mənim sağ cibimə atıblar. Mən solaxayam. Ona görə dedim ki, polislər gələn dəfə narkotiki atanda bunu nəzərə alsınlar".
Dindar fəal ittihamları rədd edir. Bildirir ki, həmin idarənin əməkdaşları bundan öncə onu iki dəfə həbs edərək, Taleh Bağırzadənin müdafiəsindən və Müsəlman Birliyi Hərəkatından uzaqlaşmağı, mitinqlərdə iştirak etməməyi tələb ediblər. Əks halda, uzunmüddətli həbsə göndəriləcəyi haqda xəbərdarlıq ediblər.
2018-ci ilin 8 avqustunda Bakı Apellyasiya Məhkəməsi Müsəlman Birliyi Hərəkatının koordinatoru Əhsən Nuruzadənin külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə 7 il azadlıqdan məhrum edilməsi barədə hökmü qüvvədə saxlayıb.
Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında vəkili Fariz Namazlı müttəhimin təqsirsiz olduğunu bildirib. O, Ə.Nuruzadənin saxlanması zamanı qanun pozuntusuna yol verildiyini deyib.
Ə.Nuruzadə Bakıda Səməd Vurğun parkının yanında taksidən düşərkən saxlanılıb. Onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) aparıblar. Bu müddətdə polisin nəzarətində olub.
F.Namazlı xatırladıb ki, Ə.Nuruzadə ictimai fəaliyyətlə məşğul olub, dini fəalların, o cümlədən Müsəlman Birliyi Hərəkatının lideri Taleh Bağırzadənin həbsi və məhkəmə prosesləri barədə məlumatlar dərc edib. Məhz belə fəaliyyətə görə onu əvvəllər də iki dəfə BMCMİ əməkdaşları saxlayıblar. Onların təqdimatı əsasında Ə.Nuruzadə inzibati həbsə məruz qalıb.
Ə.Nuruzadə 2015-ci il Nardaran hadisələri ilə bağlı həbs edilən dini fəalların hüquqi və ictimai müdafiəsinin koordinasiyası ilə məşğul olub. O, yerli və beynəlxalq hüquq təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.
Qeyd edək ki, Əhsən Nuruzadə məhkumluğu dövründə daim hüquqları tapdanıb. Tez -tez onu bir CCM-dən digərinə göndərib, erini dəyişiblər. Hazırda 17 saylə CÇM-də saxlanan Əhsən Nuruzadə ora 6 saylı Cəzaçəkmə Müəssisəindən köçürülüb. 6 saylı CÇM-nə isə onu 13 saylı CŞM-dən köçürmüşdülər.

  • Yazılıb
  • da (də) 2021 Apr 20
  • Göndərən جهان کمالی