Tarix : 2021 Apr 21
Kod 61158

Bakı sakinləri Nazirlər Kabinetinin binası qarşısında etiraz aksiyası keçiriblər

Bakının Yasamal rayonunun “Sovetki” adlanan ərazisində evləri sökülən onlarla sakin Nazirlər Kabinetinin binası qarşısıında “Haqqımızı verin!” şüarı ilə etiraz aksiyası keçirib.

Arannews :Sakinlər sökülən evlərinin müqabilində az vəsait verilməsinə və bəzi sakinlər isə ümumiyyətlə vəsait ala bilməməsinə etiraz edir. Sakinlər baş nazir Əli Əsədovla görüş tələb edib. Bəzi sakinlər aclıq aksiyasına başlayacağlarını bildiriblər.
Sakin Fərid Bağırov deyib ki, evini söküblər, lakin əvəzində vəsait ödənilməyib.

“Evimi söküblər, pulunu ala bilmirəm. Dəfələrlə müraciət etmişəm. 145 kvadrat metr evim olub. Əvəzində nə ev verirlər, nə də pul. Deyirlər zirzəmi sahəsi olub. İndi ailəmlə evsiz qalmışam”, - o qeyd edib.
Bəzi sakinlər Maliyyə Nazirliyi tərəfindən aldadıqlarını iddia edirlər.
“Bizim ailəyə cəmi 32 400 manat pul veriblər. Bu pulla ev almaq mümkün deyil. Hazırda kirayədə qalırıq. Ya əvvəlki evimizi qaytarsınlar, ya da ailəmizi evlə təmin etsinlər”, - etirazçılardan biri deyib.
“Yaşadığım evi babamın atası 1834-ci ildə tikib. 1902-ci ildə babam bu evdə doğulub. Sonra atam, daha sonra mən doğulmuşam. İndi deyirlər ev kommunal sahə olub. Bizə nə pul, nə də mənzil verirlər”, - digər etirazçı qeyd edib.
Sakinlər məhkəmələrdə də hüquqlarını qoruya bilmədiklərini deyiblər.
“Məhkəmələr bizim şikayətlərə düzgün baxmır. Bizi aldadırlar. İki ildir məhkəmələrdəyəm, heç nəyə nail ola bilməmişəm”, - etirazçılardan biri deyib.
“Sovetski”də evlər 2014-cü ildə sökülməyə başlayıb. Oradakı yüzlərlə ev sökülüb. Əvvəlcə evlərin hər kvadrat metri üçün 1500 manatdan pul ödənildiyi bildirilib. Sonradan bu vəsait 2000 manatadək artırılıb. Bununla yanaşı, ərazidəki köhnə tikililərin bəzisində yaşayış sahələri 20-30 kvadratmetr olub. Müşahidəçilərin fikrincə, kiçik sahəsi olan mənzillər üçün verilən vəsaitə hər hansı mənzil almaq mümkün deyil.

  • Yazılıb
  • da (də) 2021 Apr 21
  • Göndərən جهان کمالی