Tarix : 2021 Apr 24
Kod 61173

Koronaviruslu xəstədən rüşvət almaqda şübhəli bilinən daha bir şöbə müdiri həbs olunub

1000 dollar rüşvət verdiyi deyilən pasiyent xəstəxanada ölüb
 
Arannews - Meydan TV-nın verdiyi xəbərə görə, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinin müdiri, koronavirus xəstələrinin müayinə və müalicələri üzrə koordinator həkim Fazil Məhərrəm oğlu Əliyev saxlanılıb.
Respublika Prokurorluğunun yaydığı məlumatda belə deyilir. Bildirilir ki, Sabirabad rayonu, Suqovuşan kənd sakini rayon prokurorluğuna müraciət edərək koronavirus infeksiyasına (COVİD-19) yoluxmuş qohumunun stasionar müalicə alması üçün Fazil Əliyevə 1000 dollar məbləğində pul ödənib.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, həkim Fazil Əliyev koronavirus infeksiyasına (COVİD-19) yoluxmuş şəxsin qohumundan qeyd edilən xəstəxanaya yerləşdirilərək müalicə olunması üçün 1000 ABŞ dolları məbləğində pul vəsaitini rüşvət qismində alıb, sonradan isə həmin xəstə müalicə olunduğu xəstəxanada vəfat edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, Fazil Əliyev aprelin 23-də həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.
Aprelin 22-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan “Yeni Klinika”nın direktoru Pərviz Abbasov və Fövqəladə Hallar Nazirliyinin (FHN) Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev həbs olunub. Onlara qarşı da Cinayət Məcəlləsinin 311.3.1 311.3.2 (bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) maddələrilə ittiham irəli sürülüb.

 
  • Yazılıb
  • da (də) 2021 Apr 24
  • Göndərən جهان کمالی