Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən elan olunmuş "Mütaliə aylığı" çərçivəsində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində məktəblilər arasında Nizami Gəncəvinin əsərlərinə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsi keçirilib
Arannews :Muxtar respublikanın Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, nazirlik və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə ilk dəfə keçirilən müsabiqədə muxtar respublika ümumtəhsil məktəblərinin şagirdləri və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sektor müdiri Murad Babayev bildirib ki, bu il "Mütaliə aylığı" çərçivəsində təşkil edilən tədbirlərin sırasında Nizami Gəncəvinin həyat və yaradıcılığının öyrənilməsi, əsərlərinin təhlili və şagirdlər tərəfindən poemalarının səhnələşdirilməsi çoxluq təşkil edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan Sərəncamla qüdrətli söz və fikir ustadı, insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə 2021-ci il ölkəmizdə "Nizami Gəncəvi ili" elan olunub. Bu münasibətlə Təhsil Nazirliyi tərəfindən muxtar respublika ümumtəhsil məktəblərində Nizami Gəncəvi ədəbi irsinin dərindən öyrənilməsinə və şagirdlər arasında təbliğinə geniş yer verilir.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru, şair Elxan Yurdoğlu bildirib ki, qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir. Söz ustadı öz ənənələri ilə seçilən ədəbi məktəbini yaradıb. Nizami Gəncəvinin dünyanın ən zəngin kitabxanalarını bəzəyən əsərləri Şərqdə incəsənətin, xüsusən də miniatür sənətinin inkişafına təkan verib.
Sonra şagirdlər Nizami Gəncəvinin mütaliə etdikləri əsərlərini bədii qiraət ediblər. Müsabiqənin şərtlərinə uyğun olaraq təqdimatlar münsiflər heyətinin üzvləri tərəfindən qiymətləndirilib. Beləliklə, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvü Uğur Məmmədli "Yetirdi" qəzəli ilə I yerə, Naxçıvan Qarnizonu tam orta məktəbinin IX sinif şagirdi Ayla Allahverdiyeva "Sənsiz" qəzəli ilə II yerə, Ordubad rayon Üstüpü kənd tam orta məktəbinin IX sinif şagirdi Nail Fərzəliyev "Sirlər xəzinəsi" poemasından qəzəl ilə III yerə, Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin şagirdi İnci Babayeva isə "Sənsiz" qəzəli ilə həvəsləndirici yerə layiq görülüb.