Tarix : 2021 Apr 28
Kod 61191

Təbriz ruhaniləri Hacı İlham Əliyevə dəstək bəyanatı yaydı

Təbriz şəhərinin bir qrup ruhanisi Azərbaycan Respublikası dövlət ittihamçısının AİP sədr əvəzi höccətül-islam Hacı İlham Əliyevə 18 il həbs cəzası istəməsinin ardınca bəyanat yayaraq bu ədalətsizliyi pisləyib.
Arannews :Bəyanatın mətni aşağıdakı kimidir:
Bismillahir-Rəhmanir-Rəhim
وَسَيَعْلَمُ الَّذِينَ ظَلَمُوا أَيَّ مُنْقَلَبٍ يَنْقَلِبُونَ
“Zülm edənlər isə hansı dönüşə dönəcəklərini mütləq biləcəklər!” (“Şuəra” surəsi, ayə 227)
Azərbaycan Respublikası xalqı bu ölkənin müsəlman və rəşadətli əsgərlərinin igidlikləri ilə əldə edilmiş qələbə nəticəsində azad edilmiş əraziləri yenidən qurmağa hazırlaşdığı bir günlərdə bir ildən çoxdur ki, həbs edilmiş höccətül-islam Hacı İlham Əliyev barədə çox acı və inanılmaz xəbər İslam cəmiyyətini kədərləndirdi. Azərbaycan Respublikası dövlət ittihamçısı əziz ruhani alimə 18 il həbs istəyib.
Biz şəhid və inqilabçılar yetişdirən Təbriz şəhərinin bir qrup ruhanisi bundan əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyimiz kimi bugün də Azərbaycanın islamçı məhbuslarına öz dəstəyimizi elan edirik və bildiririk ki, bu İslam alimi heç bir cinayətə, hətta pozuntuya yol verməyib, ona qarşı irəli sürülən ittihamlar ədalətsiz və əsassızdır.
Qabaqcadan da xəbərdarlıq edildiyi kimi təəssüflər olsun ki, sionist rejimin Azərbaycan Respublikasında hüzur və nüfuzu səbəbindən bu müsəlman ölkəsinin dindarlarına qarşı təzyiqlərin şiddəti artır, qələbə bayramı və torpaqların azad edilməsi cəmiyyətdə daha çox həmrəylik yaratması əvəzinə sionist rejimi ünsürlərinin davamlı təxribatları ilə təəssüfləndirici vəziyyətlər baş verməkdədir.
Doktor Mövsüm Səmədovu 12 il zindana məhkum edənlərə, bu İslam alimi və həkiminin şərəfli ömrünün 12 ilini alanlara və bu dəfə höccətül-islam Hacı İlham Əliyevə 18 il hökm çıxarmaq istəyənlərə deyirik: 
Bu hərəkətiniz tamamilə ədalətsizdir və insanların ömrü bu dünyada hər şeydən dəyərli olduğundan Azərbaycan Respublikasında hüquqi işlərinə rəhbərlik edənlər, habelə prokurorluq bu İslam ölkəsinin dindarlarına etdiyi belə zülmlərə görə Mütəal Allah qarşısında cavab verməli olacaqlar.
Sonda Azərbaycan müsəlman ölkəsinin hökumət adamlarına müraciət edərək vurğulayırıq ki, öz hökumətinizin taleyini sionist rejimin nəhs və çox qısa gələcəyinə bağlamayın, islamçı məhbuslara qarşı qeyri-düzgün qərarlarınıza yenidən baxın.
Höccətül-islam vəl-müslimin doktor Nobəri
Höccətül-islam vəl-müslimin doktor Əlizadə
Höccətül-islam vəl-müslimin doktor Həmzəban
Höccətül-islam vəl-müslimin Zakiri
Höccətül-islam vəl-müslimin Nəzəri
Höccətül-islam vəl-müslimin Azadquyan
Höccətül-islam vəl-müslimin doktor Seyid Cəfər Təbatəbayi
Höccətül-islam vəl-müslimin Abidi
Höccətül-islam vəl-müslimin Yusifi
Höccətül-islam vəl-müslimin Cəlali
Höccətül-islam vəl-müslimin Humayuni
Höccətül-islam vəl-müslimin Həmidi
Qeyd edək ki, Azərbaycan İslam Partiyasının sədr əvəzi höccətül-islam Hacı İlham Əliyev 29 fevral 2020-ci ildə xarici təşkilat, yaxud dövlətlərlə Azərbaycan əleyhinə əməkdaşlıq etmək kimi əsassız ittihamlarla həbs edilmişdir və indiyə kimi zindanda saxlanılır və məhkəməsi keçirilir.
O, sərdar Hacı Qasim Süleymaninin şəhadətindən sonra möhkəm mövqe sərgilədi, sionist rejimi və Amerika əleyhinə çıxış etdi, Azərbaycanda şəhid generala anım mərasimi keçirdi. Habelə, Hacı İlham Əliyev Trampın “əsrin sazişi” planına etiraz etmiş, bu planın müsəlmanların məsləhət və xeyrinə olmadığını demişdir.
Hacı İlham Əliyev Azərbaycanın görkəmli şiə din xadimlərindən sayılır və bundan əvvəl orta məktəblərdə hicab qadağasına etiraz etdiyi üçün 2 il həbsə məhkum olunmuşdu.
Son günlərdə AİP sədr əvəzi Hacı İlham Əliyev üçün təşkil edilmiş qanunsuz məhkəmədə dövlət ittihamçısı ona 18 il həbs cəzası (ən ağır cəza) verilməsini istəmişdir. Bir sıra səbəblərdən indiyədək onun barəsində qəti hökm çıxarılmayıb. Sonuncu iclasda onun işini aparan məhkəmə hakimi sonrakı iclasın vaxtını 29 aprel saat 12:15-ə təyin edib.
  • Yazılıb
  • da (də) 2021 Apr 28
  • Göndərən جهان کمالی