Arannews :Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyannamənin müddəalarından biri atəşkəsə nəzarət edilməsi üçün bölgəyə Rusiya sülhməramlılarının yerləşdirilməsi haqdadır. Hələlik onlar regiona 5 il müddətinə yerləşdirilib. Bu müddətin bitimində tərəflərdən hər hansı etiraz etməzsə, müddət daha 5 il uzadıla bilər.
Rusiya sülhməramlıları bölgəyə müharibə bitdikdən dərhal sonra daxil olublar. Hazırdan onlar Dağlıq Qarabağın bəzi hissələrində, o cümlədən Xankəndi və Laçın şəhərlərində xidmət aparırlar.
Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi Azərbaycanda bəzi dairələrin məfdi reaksiyasına səbəb olub. Azərbaycanlılar hesab edirlər ki, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan onların rayonlarını məhz Rusiyanın dəstəyi ilə işğal edib. Buna əsaslanan bəzi azərbaycanlılar düşünürlər ki, Rusiyanın sülhməramlılarının Dağlıq Qarabağ bölgəsinə yerləşdirilməsi buradakı ermənilərin separatçı səylərini davam etdirməsinə imkan verir.
Rəsmi Bakı da bölgədəki ermənilərin separatçı hərəkətlərinə dözməyəcəyini bildirir. O, müharibədən sonra Ermənistan rəsmilərinin Dağlıq Qarabağın mərkəzi sayılan Xankəndiyə səfərlərinə sərt reaksiya verib. Azərbaycan buraya onunla razılaşdırılmadan edilən səfərləri qanunsuz sayır.
Üçtərəfli bəyannaməyə görə, Rusiya sülhməramlılarının əsas vəzifələrindən biri bölgədə hər hansı qanunsuz silahlı qüvvənin mövcudluğunun qarşısını almaqdır. Bakı erməni həbri qüvvələrinin Dağlıq Qarabağ bölgəsinə göndərilməsini də qeyri-qanuni sayır və belə halların qarşısının qətiyyətlə alınacağını bildirir.
Yeri gəlmişkən, 44 günlük müharibənin başa çatmasından bir ay sonra Azərbaycan tərəfi Dağlıq Qarabağda bir qrup erməni hərbçisini saxlayıb. Onları terrorçu hesab edən Bakı bu üzdən həmin şəxsləri Ermənistana təhvil verməkdən imtina edir. Nəticədə Yerevan məsələni beynəlxalq qurumlarda, o cümlədən Avropa Şurası Parlament Assambleyasında da qaldıraraq, Bakını hərbi əsirləri geri qaytarmamaqda günahlandırır.
Bütün bunlarla yanaşı, Azərbaycan cəmiyyətində Rusiya sülhməramlıları ilə bağlı narahatlıq olsa da, Bakı indiyə qədər onların Dağlıq Qarabağdakı fəaliyyətinə ciddi irad bildirməyib.
Lakin ictimai və siyasi təşkilatlar tərəfindən sülhməramlıların əleyhinə kəskin mövqe müşahidə olunur. Aprelin 28-də Rusiya Səfirliyi qarşısında keçirilən aksiya da bununla əlaqədədar olub. Etirazçılar sülhməramlıların tezliklə ölkədən çıxarılmasını tələb etmişlər.
Xatırladaq ki, 44 günlük müharibə Ermənistanın mütləq məğlubiyyəti ilə bitib. Məhz bu üzdən o, üçtərəfli atəşkəs sazişi imzalamaq və bununla da Dağlıq Qarabağ bölgəsində yerləşən Ağdam, Laçın və Kəlbəcər rayonlarından öz qüvvələrini döyüşsüz çıxarmaq məcburiyyətində qalıb. Lakin bu gün yaşananlar göstərir ki, Yerevan üçtərəfli bəyannamənin müddəalarını qəbul etsə də, onların yerinə yetirilməsinə ciddi maraq göstərmir. Məhz buna əsaslanan Bakı Ermənistana xəbərdarlıq edərək, onu mümkün revanşist addımlardan çəkinməyə çağırıb