AXCP sədri Əli Kərimli mayın 3-də hüquq müdafiəçisi Oqtay Gülalıyevi ziyarət edib.
Arannews-AXCP sədri Əli Kərimli mayın 3-də hüquq müdafiəçisi Oqtay Gülalıyevi ziyarət edib.
1972-ci il təvəllüdlü Oqtay Gülalıyev 2019-cu il oktyabrın 29-u Bakıda piyada keçidi ilə yolu keçərkən Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub, Kliniki Tibbi Mərkəzdə ilkin yardım alıb, koma vəziyyətində, ağır kəllə-beyin travması diaqnozu ilə “City Hospital”a köçürülüb. Oktyabrın 30-u orada əməliyyat olunan hüquq müdafiəçisi noyabrın 1-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Hüquq müdafiəçisi noyabrın 6-da Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyəyə aparılaraq İstanbulun Avrasiya Hospitalına yerləşdirilib, noyabrın 19-u həmin şəhərdəki Amerika Xəstəxanasına köçürülüb, orada bir neçə dəfə başından əməliyyat olunub.
2020-ci il noyabrın 8-də hüquq müdafiəçisi Bakıya gətirilib, evdə müalicə alır.
Mayın 3-də Oqtay Gülalıyevə baş çəkən Əli Kərimli yazır ki, hüquq müdafiəçisinin səhhətində irəliləyiş var: “Məni tanıdı, əl tutub salamlaşdı. Hələ danışa bilmir, mən danışdım, o dinlədi”.
Müxalif mövqeyi ilə tanınan Oqtay Gülalıyev 2012-ci ilin aprel-iyun aylarında hakimiyyət nümayəndəsinin tələblərinə fəal şəkildə müqavimət göstərmə və kütləvi iğtişaşlara, vətəndaşlara qarşı zorakılığa çağırış ittihamı ilə həbsdə yatıb. Bu cinayət işi 2016-cı ilin oktyabrında xətm olunub.
Son illər Oqtay Gülalıyev dəfələrlə bəyan edib ki, hüquq müdafiəsi sahəsində fəaliyyətinə görə hədələnir, təqibə məruz qalır.
Onu avtomobillə vuran Kənan Abdullayevin taksi sürücüsü olduğu bəyan edilib. Cinayət işi Nəsimi Rayon Polis İdarəsində istintaq olunub. İstintaq zamanı Kənan Abdullayevin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. 2021-ci il yanvarın 25-də Nəsimi Rayon Məhkəməsi onu 2 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Yol hərəkəti qaydalarının pozulması – ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqda təqsirli bilinən Kənan Abdullayev məntəqə tipli müəssisədə cəza çəkir.
Məhkəmə hökmü Kənan Abdullayevin üç il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsini də nəzərdə tutub.