Ayətullah Seyid Əli Xamenei : Amerikanın köməyi ilə zəif ərəb ölkələri ilə münasibət qurmağa yönəldilmiş ardıcıl təlaşlar da zəiflik göstəricisidir. Bunun da işğalçı rejimə faydası olmayacaq. On illərlə bundan qabaq Misirlə rabitə quruldu. Həmin gündən bu vaxta qədər sionist rejim çox zərbə alıb və zəifləyib. Belə bir vəziyyətdə bir neçə zəif ölkə ilə rabitə qurmaq ona kömək edəcəkmi?! Təbii ki, o ölkələr də bu rabitədən faydalanmayacaq. Düşmən sionist rejim həmin ölkələrin torpağına, sərvətinə əl uzadacaq, həmin ölkələrdə fəsad və təhlükəni artıracaq
بسم اللّه الرّحمن الرّحیم
الحمد للّه ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد خاتم النّبیّین و اشرف الخلق اجمعین و علی آله الطّیّبین الطّاهرین و صحبه المنتجبین و من تبعهم باحسان الی یوم الدّین.
Rəhman və Rəhim Allahın adı ilə
Fələstin İslam ümmətinin ən mühüm və ən aktual məsələsidir
Fələstin hadisəsi hələ də İslam ümmətinin ən mühüm və ən aktual müştərək problemidir. Zalım və qaniçən kapitalizm quruluşunun siyasətləri bir milləti öz evindən, öz vətənindən, öz ata-baba yurdundan məhrum edib, orada terrorçu rejimi, biganə bir xalqı oturdub.
Sionist rejimin təsis olunması məntiqi
Sionist rejimin puç məntiqindən əsassız olan nədir?! Avropalılar öz iddialarına görə, İkinci Dünya Müharibəsi illərində yəhudilərə zülm ediblər. Demək, bir milləti Qərbi Asiyada didərgin salmaqla və o ölkədə faciəli qətllərlə yəhudilərin intiqamı alınmalıdır!! Qərb dövlətləri sionist rejimi heç nədən çəkinmədən və dəlicəsinə dəstəkləməklə bu məntiqə istinad ediblər. Bununla da insan haqları və demokratiya barədə öz yalan iddialarını ifşa ediblər. Bu gülünc, eyni zamanda ağlamalı hadisə 70 ildən çoxdur davam edir. Arabir ona yeni səhifələr əlavə olunur.
Sionist rejimlə mübarizə hamının vəzifəsidir
Sionistlər qəsb olunmuş Fələstini ilk gündən terror bazasına çeviriblər. İsrail bir ölkə yox, Fələstin xalqı və digər müsəlman millətlərə qarşı terror mərkəzidir. Bu qaniçən rejimlə mübarizə zülm və terrorla mübarizədir. Bu hamının vəzifəsidir.
İslam ümməti arasında zəiflik və təfriqə Fələstinin işğalına zəminə yaradır
Diqqət olunası bir nöqtə var. İşğalçı dövlət 1948-ci ildə təsis olunsa da onun həssas İslam məntəqəsində yaradılmasının müqəddiməsi illərcə öncə başlamışdır. Həmin illər Qərbin İslam məmləkətlərində sekulyarizmi hakim etmək üçün fəal müdaxilələri ilə eyni vaxta düşür. Qərb ifratçı və kor millətçiliyi, müstəbid, Qərbə vurğun və ya Qərbin əlaltısı olan dövlətləri hakim etməyə çalışıb. İran, Türkiyə və Qərbi Asiyada, Şimali Afrikada ərəb ölkələrində baş verən hadisələrin mütaliəsi bu acı həqiqəti aşkarlayır ki, İslam ümməti arasındakı zəiflik və təfriqələr Fələstinin işğalı faciəsinə zəminə yaradıb. İmperializm dünyası tərəfindən İslam ümmətinə belə bir zərbə vurulub.
Fələstinin işğalı məsələsində sionist kapitalistlərlə Qərb və Şərq düşərgələrinin həmkarlığı
İbrətamizdir ki, həmin dövrdə kapitalizm və komunizm hər ikisi sionist Qarunlarla həmkarlıq etdilər. Əsl fitnəkarlığı İngiltərə layihələndirib izləməyə başladı. Sionist sərmayədarlar bu layihənin icrasını pul və silahla öz öhdələrinə götürdülər. Sovetlər İttifaqı bu qeyri-qanuni dövlətin yaradılmasını rəsmi tanıyan ilk dövlət oldu və böyük yəhudi kütlələrini həmin məntəqəyə köçürdü.
Bir tərəfdən İslam dünyasında mövcud vəziyyətin məhsulu olan işğalçı rejim, digər tərəfdən avropalıların fitnəkarlıqları və təcavüzləri!
Müasir dünyada qüvvələr nisbətinin İslam dünyasının xeyrinə dəyişməsi
Bu gün dünyanın vəziyyəti o zamanki vəziyyət deyil. Bu həqiqəti daim nəzərdə saxlamalıyıq. Bu gün qüvvələr nisbəti İslam dünyasının xeyrinə dəyişib. Avropa və Amerikada müxtəlif ictimai-siyasi hadisələr Qərbin siyasi quruluş, idarəetmə və əxlaqda zəiflikləri və nöqsanlarını dünya qarşısında açıq nümayiş etdirdi. Amerikada seçki gedişində baş vermiş hadisələr iddialı və təkəbbürlü liderlərin böyük rüsvayçılığı, eyni zamanda Amerika və Avropada koronavirus pandemiyası ilə uğursuz mübarizə, bunun haşiyəsindəki rüsvayçılıqlar, Avropanın mühüm ölkələrində ictimai-siyasi uğursuzluqlar hər biri Qərb düşərgəsinin tənəzzül nişanəsidir.
Digər tərəfdən İslam regionunun əhəmiyyətli nöqtələrində Müqavimət qüvvələrinin inkişafı, bu qüvvələrin müdafiə və hücum imkanlarının genişlənməsi, müsəlman xalqlarda agahlığın və ümidin artması, İslam və Quran şüarlarına meylin güclənməsi, elmi inkişaf, millətlərdə müstəqillik və özünəgüvənmə meylinin qüvvətlənməsi mübarək nişanələrdir. Bu nişanələr gözəl gələcək barədə müjdə verir.
Müsəlman ölkələrin Fələstin və Qüds mehvərində həmkarlıq zərurəti
O mübarək gələcəkdə müsəlman ölkələrin birliyi və həmkarlığı ilk və əsas hədəf olmalıdır. Həmin gün əlçatmaz görünmür. Müsəlman ölkələr arasında həmkarlığın mehvəri Fələstinin bütövlüyü və Qüdsi-Şərifin taleyidir. Bu, imam Xomeyninin (r) nurani qəlbini ramazan ayının son cüməsində Beynəlxalq Qüds Gününün elanına hidayət edən həqiqətdir.
Müsəlmanların Qüdsi-Şərif mehvərində birləşməsi sionistlərin, onların amerikalı və avropalı hamilərinin kabusudur. Nakam Əsrin Müqaviləsi layihəsi və ardınca zəif ərəb ölkələri ilə işğalçı rejim arasında rabitələrin normallaşdırılmasına təlaş həmin kabusdan qaçmaq üçün faydasız təlaşdır.
Mən qətiyyətlə deyirəm: Bu təlaşlar nəticə verməyəcək. Düşmən sionist rejimin məhvə doğru tənəzzül hərəkəti başlayıb və bu ara verməyəcək.
Gələcəyin taleyüklü amilləri: İşğal olunmuş ərazilərdə müqavimətin davam etdirilməsi və Fələstin mücahidlərinin Müsəlman dünyası tərəfindən himayəsi
İki amil gələcək üçün təyinedicidir: Birinci və daha mühüm amil Fələstin torpaqlarında müqavimətin davam etdirilməsi, cihad və şəhadət xəttinin gücləndirilməsidir. İkinci amil bütün dünyada müsəlman dövlətlər və xalqların Fələstin mücahidlərini dəstəkləməsi.
Dövlət xadimləri, ziyalılar, din alimləri, partiyalar və qruplar, qeyrətli gənclər və digər zümrələr, bir sözlə hamımız bu ümumi hərəkatda öz yerimizi tapmalı və rol oynamalıyıq. Düşmənin hiyləsini puça çıxaracaq məsələ budur. Bu barədə ilahi vəd var:
أَمْ يُرِيدُونَ كَيْدًا فَالَّذِينَ كَفَرُوا هُمُ الْمَكِيدُونَ
“Yoxsa sənə tələ qurmaq istəyirlər? Kafirlər özləri məkrə düçardır!” (“Tur” surəsi, ayə 42)
Bu, axiruzzamanın bir nümunəsini vücuda gətirir.
...وَاللَّهُ غَالِبٌ عَلَى أَمْرِهِ وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ
“…Allah Öz işində qalibdir, lakin insanların əksəri bilməz!” (”Yusuf” surəsi, ayə 21)
Ərəb gənclərə onların öz dilində bir neçə söz demək istəyirəm.
Bismillahir-Rəhmanir-Rəhim
Salam olsun bütün ərəb azadlıqsevərlərə, xüsusi ilə gənclərə. Salam olsun müqavimətli Fələstin, Qüds və Məscidül-Əqsa xalqına.
Salam olsun Müqavimət şəhidlərinə, bu yolda həyatlarını təqdim etmiş böyük mücahidlərə, xüsusi ilə şəhid Şeyx Əhməd Yasinə, şəhid Seyyid Abbas Musəviyə, şəhid Fəthi Şəqaqiyə, şəhid İmad Muğniyəyə, şəhid Əbdül-Əziz Rəntisiyə, şəhid Əbu Mehdi əl-Mühəndisə, nəhayət Müqavimət şəhidlərinin parlaq siması şəhid Qasim Süleymaniyə. Onların hər biri bərəkətli həyatından sonra öz şəhadətləri ilə də Müqavimət fəzasına mühüm təsir göstərdilər.
Fələstinlilərin cihadı və Müqavimət şəhidlərinin pak qanı bu mübarək bayrağı daim yüksəkdə saxlaya bildi və Fələstin cihadının potensialını yüz qat artırdı. Fələstinli gənc bir zaman daş atmaqla özünü müdafiə edirdi. Bu gün dəqiq raketlərlə düşmənə cavab verir.
Fələstin və Qüds Qurani-Məciddə “Əl-ərzul-muqəddəs” adlandırılıb. On illərdir ki, bu torpaq bəşəriyyətin ən çirkin və xəbis bir qisminin işğalı altındadır. Bu şeytanlar şərif insanların qanını axıdır və sonradan həyasızcasına bunu dilə gətirir.
O irqçilər ki, 70 ildən çox torpaq sahiblərinə qətl-qarət, həbs və ilə əzab veriblər. Amma həmd olsun Allaha, fələstinlilərin iradəsini işgəncə qıra bilməyiblər. Fələstin ayaq üstədir, cihadı davam etdirir. Allahın köməkliyi ilə sonda xəbis düşmənə qalib olacaq. Qüdsi-Şərif və bütün Fələstin bu xalqa məxsusdur və onlara qayıdacaq, inşaallah.
وَمَا ذَلِكَ عَلَى اللَّهِ بِعَزِيزٍ
“Bu Allah üçün çətin deyildir!” (“İbrahim” surəsi, ayə 20)
Fələstin məsələsində bütün müsəlman xalqlar və dövlətlərin vəzifəsi var, məsuliyyət daşıyırlar. Amma bu cihadın mehvəri fələstinlilər özləridir. Onlar ölkə daxilində və xaricdə 14 milyon nəfər civarındadır. Bu toplumun vəhdəti, əzm və iradəsi böyük işə imza atacaq.
Bu gün fələstinlilərin ən böyük silahı vəhdətdir.
Sionist rejim, Amerika və başqa siyasi güclər fələstinlilərin vəhdətinin düşmənidir. Amma Fələstin cəmiyyəti daxildən parçalanmasa düşmənlər xaricdən bir iş görə bilməyəcək.
Bu vəhdətin mehvəri daxildə cihad və düşmənə etimadsızlıq olmalıdır. Fələstinlilər öz siyasətlərində əsas düşmənləri olan Amerika, İngiltərə və sionistlərə etimad göstərməməlidirlər.
Fələstinlilər, Qəzzədə, Qüdsdə, Qərb Sahilində, 1948-ci ildəki ərazilərdə, hətta düşərgələrdə bir yumruq kimi birləşməlidir. Fələstinlilər vəhdət strategiyasını izləməlidirlər. Hər bir dəstə o biri dəstəni müdafiə etməlidir. Onlara təzyiq göstərildikdə ixtiyarlarında olan vasitələrdən istifadə etməlidirlər.
Bu gün qələbəyə ümid həmişəkindən güclüdür. Qüvvələr nisbəti fələstinlilərin xeyrinə çox dəyişib. Düşmən sionistlər hər il daha da zəifləyir. Özünü “heç zaman məğlub olmayan ordu” adlandıran sionist ordu Livanda 33 günlük, Qəzzədə 22 və 8 günlük müharibələrdən sonra “qələbə üzü görməyən orduya” çevrilib. İşğalçı rejimin siyasi durumunu 2 ildə keçirilən 4 seçki aydın göstərir. Sionist rejimin təhlükəsizliyi daim tənəzzüldədir. İşğalçı sionist rejimin ərazisindən mühacirət etmək meylinin güclənməsi bu iddialı rejimin tənəzzülünü göstərir. Amerikanın köməyi ilə zəif ərəb ölkələri ilə münasibət qurmağa yönəldilmiş ardıcıl təlaşlar da zəiflik göstəricisidir. Bunun da işğalçı rejimə faydası olmayacaq. On illərlə bundan qabaq Misirlə rabitə quruldu. Həmin gündən bu vaxta qədər sionist rejim çox zərbə alıb və zəifləyib. Belə bir vəziyyətdə bir neçə zəif ölkə ilə rabitə qurmaq ona kömək edəcəkmi?! Təbii ki, o ölkələr də bu rabitədən faydalanmayacaq. Düşmən sionist rejim həmin ölkələrin torpağına, sərvətinə əl uzadacaq, həmin ölkələrdə fəsad və təhlükəni artıracaq.
Əlbəttə ki, bu həqiqət başqalarının bu hərəkat qarşısında ağır vəzifəsini unutdurmamalıdır. Müsəlman və məsihi alimlər işğalçı rejimlə rabitələrin normallaşdırılmasını şərən haram elan etməli, ziyalılar və azadlıqsevər insanlar fələstinlilərə arxadan xəncər zərbəsi olan bu xəyanəti hamıya izah etməlidir.
Sionist rejimin tənəzzülü kənarında Müqavimət Cəbhəsinin imkanlarının artması parlaq gələcəkdən müjdədir. Müdafiə və hərbi gücün artması, güclü silahların ölkədə istehsal olunması, mücahidlərin özünə etimadı, gənclərin hər gün artan agahlığı, Müqavimət çevrəsinin bütün Fələstin və Fələstinin kənarlarını əhatə etməsi, gənclərin Məscidül-Əqsanın müdafiəsində son hərəkatı cihad və Fələstin xalqının məzlumiyyətinin yanaşı inikası dünyanın bir çox regionlarında ictimai fikirə təsir edir.
Fələstinlilərin mübarizə məntiqi İslam Respublikası tərəfindən BMT-nin sənədlərində qeydə alınıb. Bu mütərəqqi və cazibəli məntiqdir. Fələstinli mübarizlər bütün Fələstin sakinləri arasında referendum keçirə bilər. Həmin referendum əsasında ölkənin siyasi quruluşu təyin edilər, bu referendumda hər millət və dindən olan, o cümlədən qaçqın fələstinlilər iştirak edəcək. Bu siyasi quruluş köçkünləri geri qaytarar, biganələrin taleyi həll olunar.
Bu tələb dünyada qəbul olunmuş demokratiyaya əsaslanır. Onun mütərəqqi olmasını kimsə şübhə altına ala bilməz.
Fələstinli mücahidlər işğalçı rejimlə öz qanuni və əxlaqi mübarizəsini o qədər davam etdirməlidir ki, bu tələbləri qəbul etməyə məcbur olsunlar.
Allahın adı ilə irəli hərəkət edin və bilin ki:
...وَلَيَنْصُرَنَّ اللَّهُ مَنْ يَنْصُرُهُ
“Allah Ona yardım edənlərə əlbəttə ki, yardım edər.” (“Həcc” surəsi, ayə 40)
Vəssəlamu ələykum və rəhmətullah