Arannews :Bağışlayan və Mehriban Allahın adı ilə.
Haqq niyə müdafiəyə ehtiyaclıdır?
Düşünürəm ki, bir çoxlarını maraqlandıran sualdır. Şəxsən məni də düşündürüb bu suallar: Haqq niyə müdafiə olunmalıdır? Məgər haqqın sahibi bütün güc və qüdrətin mənbəyi aləmlərin Rəbbi olan Allah deyilmi? Bəs elə isə Allah niyə haqqı qalib etmir? Gərək əziyyətlər çəkilsin? Niyə qurbanlar getməlidir?
Bu sualların cavabı Qurani-Kərim və hədislərdədir. Həmçinin filosofların aforizm və kəlamlarındadır.
Bu dünya yaranandan bəri haqla batilin mübarizəsi mövcud olmuşdur. İstər ilahi istərsə də qeyri-ilahi dinlərdə bu fəlsəfə vardır. Əksər ideologiyalar bu dünyanın sonunda bir xilaskar vasitəsilə haqqın mütləq qalibiyyətini təsdiqləyir. Dünyadakı proseslərin xüsusən batilin haqq üzərində şərti qalibiyyətini isə insanların öz səhvləri nəticəsində baş verdiyini vurğulayır. Çünki bu dünya səbəb və nəticə qanunları əsasında idarə olunur. Hər bir fərd və cəmiyyət öz əməlinin girovudur.
Müqəddəs kitabımız, sonuncu ilahi əmanət olan Qurani-Kərimə müraciət eetdikdə də Allah-təala insanları ayıq-sayıq olmağa, haqqı müdafiə etməyə, batildən çəkindirməyə dəvət edir. Hətta haqqın təbliğatı uğrunda ölənləri müjdələyir və onları ”ölü” adlandırmağa icazə vermir.
Tövbə surəsi , ayə 112
(Onlar Allaha tövbə, ibadət və şükür-səna edənlər, oruc tutanlar (və ya cihad uğrunda, elm təhsil etmək üçün yurdundan ayrılıb başqa yerlərə gedənlər), rüku və səcdə edənlər (namaz qılanlar), yaxşı işlər görməyi əmr edib pis işləri yasaq edənlər və Allahın hədlərini (halal-haramı) qoruyanlardır. (Ya Rəsulum!) Belə möminləri (Cənnətlə) müjdələ!
Bəqərə surəsi , ayə 154
Bismilləhir Rahmənir Rahim
Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.
Digər tərəfdən Qurani-Kərim yuxarıdakı suallarımıza cavab verir.
Muhəmməd surəsi , ayə 4
Bismilləhir Rahmənir Rahim
Əgər Allah istəsəydi, onlardan (başqa cür – müharibəsiz də) intiqam ala bilərdi. Lakin O sizi biri-birinizlə imtahana çəkmək üçün (vuruşmağınızı əmr etdi). Allah Öz yolunda öldürülənlərin əməllərini əsla puç etməz.
Tövbə surəsi , ayə 14
Onlarla vuruşun ki, Allah onlara sizin əlinizlə əzab versin, onları xar etsin, sizi onlara qalib etsin və möminlərdən (müşriklərdən yaralı) olan dəstənin ürəklərinə şəfa versin.
Yunus surəsi , ayə 99
Bismilləhir Rahmənir Rahim
Və əgər sənin Rəbbin (yaradılış iradəsi ilə) istəsəydi, yer üzündə olanların hamısı mütləq bütünlüklə məcburi surətdə iman gətirərdilər. (Lakin Allah məcburiyyət olmadan iman gətirilməsini buyurmuşdur.) Yoxsa sən camaatı zorla mömin olmağa məcbur edəcəksən?
Muhəmməd surəsi 7-ci ayə
Bismilləhir Rahmənir Rahim
Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm (cihadda möhkəm, qüvvətli) edər.
Mücadilə surəsi, ayə 21
Bismilləhir Rahmənir Rahim
Allah (Öz əzəli elmi ilə Lövhi-Məhfuzda) yazmış və qərara almışdır ki: «Mən və peyğəmbərlərim qalib gələcəyik». Şübhəsiz, Allah qüvvətli, qüdrətli və məğlubedilməzdir.
Fəth surəsi 22- 23
Bismilləhir Rahmənir Rahim
Əgər küfr edənlər sizinlə vuruşsalar mütləq sizə arxa çevirər (və məğlub olar), sonra bir başçı və yardım edən tapmazlar. (Peyğəmbərlərin bu qələbəsi yazısı) əvvəlcədən (Lövhi-məhfuzda, baş verməsi isə ümmətlərdə) keçmiş ilahi bir qanundur və sən Allahın qanununda əsla bir dəyişiklik tapmazsan.
Səff surəsi, 14-cü ayə
Bismilləhir Rahmənir Rahim
Ey iman gətirənlər! Allahın (dininin və peyğəmbərinin) köməkçiləri olun! Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda mənim köməkçilərim kimdir?” – demiş, həvarilər də: “Allahın köməkçiləri bizik!” – deyə cavab vermişdilər. Nəhayət, İsrail oğullarından bir tayfa iman gətirdi, bir tayfa isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar qələbə çaldılar.
Ayələrdən belə nəticə çıxır ki, hər şey cəmiyyətin özünə qayıdır. Əgər bir cəmiyyət doğru yolda olar və ətrafını da doğruya dəvət edərsə, müvəffəq olar. Laqeydlik göstərsə batilə məğlub olacaqdır.
"Dünya pis əməli olan insanlara görə yox , belə insanların əməllərinə tamaşaçı qismində qalan və susanlara görə xoşagəlməz bir yerdir".
Albert Eynşteyn
Diqqətiniz üçün təşəkkür edirəm.
Vüsal Nadiroğlu.
Sosial psixoloq.
Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü.