Proses Ermənistanla Azərbaycan arasındakı sərhəd xəttini təyin edən, tərəflərin hər birində olan xəritələr əsasında həyata keçirilir”
“Arannews :Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozan məhz Ermənistandır, Azərbaycan yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir”.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Leyla Abdullayeva belə deyib.
Xidmət rəisi deyib ki, Ermənistanın Azərbaycanı “suveren ərazisini pozması” iddiası tamamilə əsassızdır.
O vurğulayıb ki, sərhəd məsələlərinin kökündə duran səbəb Ermənistanın 2020-ci il noyabrınadək Azərbaycan ərazilərini qanunsuz işğal altında saxlaması olub.
“Azərbaycan tərəfi azad edilmiş bölgələrdə hava şəraitinin mülayimləşməsi ilə əlaqədar, ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi işini davam etdirir. Bu proses Ermənistanla Azərbaycan arasındakı sərhəd xəttini təyin edən, tərəflərin hər birində olan xəritələr əsasında həyata keçirilir”, - Abdullayeva bildirib.
Onun fikrincə, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə xoş niyyətlə başlamaq ortaya çıxa biləcək bütün mübahisələrin həll edilməsinin yeganə yoludur, bu sülh və təhlükəsizliyin təminatı üçün açar rolunu oynayır.
Abdullayeva hesab edir ki, bu texniki məsələ təxribat xarakterli bəyanatlar və Azərbaycana qarşı qarayaxma kampaniyası ilə şişirdilmişdir, belə destruktiv yanaşma yalnız gərginliyin artmasına xidmət edir.
Bu məsələyə Ermənistanın qeyri-adekvat cavabına gəlincə, Abdullayeva bunu Ermənistandakı seçkiqabağı vəziyyətlə əlaqələndirir:
“Bir daha təkrarlamaq istərdim ki, Azərbaycan suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət əsasında sülh, təhlükəsizlik və regional əməkdaşlığa tam sadiqdir”.
Mayın 12-dən etibarən Ermənistan rəhbərliyi bildirir ki, Azərbaycan bu ölkənin sərhədlərini pozur.