Müsəlman Birliyi Hərəkatının üzvü Abbas Hüseyn həbsxanadan növbəti dəfə məktub ünvanlayıb
Arannews -Rakurs.tv məktubu olduğu kimi təqdim edir:
"Artıq günlərdir ki, məğrur Fələstin xalqı öz torpaqlarında sionist İsrail rejiminə qarşı dirəniş göstərir. Sionistlər fələstinliləri yaşadıqları yerdən zorla çıxarır, şəhərləri bombardman edir. ABŞ, BMT-nin "liderləri" tutduqları haqsız, ədalətsiz mövqeləri ilə sionist İsraili daha da cəsarətləndirir. Məzlum Fələstin xalqının başına bombalar tökülür, evləri, məktəbləri, xəstəxanaları, tarixi abidələri raketlərlərlə dağıdılır. Bu zülmlər dünyanın gözü qarşısında baş versə də, hər kəs susur. İnsan haqları təşkilatları da standart ədalətsiz mövqelər sərgiləyirlər. Bir çox hallarda doğru tərəfin haqqın tapdalayaraq, sionist rejimi açıq şəkildə müdafiə edirlər. Bu səbəbdən də, qatil İsrail körpələrin, dinc insanların qanını axıdır, onları evlərindən zorla çıxarır.
Müsəlman Fələstin xalqı keçən əsrdən bəri sionist rejimin haqsızlıqlarına qarşı mübarizə aparır. Öz torpaqlarında peyğəmbərlərdən simvolik miras qalan tarixi Süleyman məbədini qorumağa çalışırlar, "canımız, qanımız Məscidül Əqsaya fəda" deyərək, öz qürurlarını qorumaqla bərabər "müsəlman necə olmalıdır" şəklini də həyatları ilə əməli surətdə bütün müsəlman dünyasına nümunə gostərirlər.
Bu gün məzlum Fələstin xalqının başına gələn müsibətlər, tökülən qanlar təkcə sionist rejimin müttəfiqlərin boyunlarında deyil: sükut içində tamaşa edən bütün ərəb dövlətlərinin, dünya müsəlmanlarının boynundadır. Müsəlman dövlətlərinin rəhbərləri təşkilatı mənasız, boş, standart çağırışlar edəcəkləri müddətdə sionist rejim
məzlum fələstinlilərin başına bombalar yağdıracaq, evlərini darmadağın edib həyatlarına son qoyacaq.
Sionist İsrailin atdığı raketlər Fələstində körpələri, qadınları, insanları öldürsə də, bu hadisələrin fonunda zülmün qarşısında susan insanlığın da öldüyünün şahidiyik. Mübarək Ramazan ayı birlik, bərabərlik, mübarizə ayı olsa da, görünən budur ki, keçən həmin bir ildə islam dünyasının böyük hissəsi, xüsusən də, ərəb dövlətləri bunu başa düşməyib. Məzlum Fələstin xalqının haqlarını qorumaq üçün birlik olub mübarizə aparmaq istəmirlər. Üstəlik də,özlərini islamın hamisi və müsəlman kimi görürlər...
Bu gün Fələstinə qarşı qoyulan ədalətsiz mövqelərin, ikili standartların bizlər 44 günlük Qarabağ müharibəsində də şahidi olmuşuq. Amma haqq yolumuzda qətiyyətli olduğumuz üçün Allahın izni ilə qələbə qazandıq. Bu gün islam dünyası öz qürurunu qorumaq üçün Fələstin xalqının haqqını qorumalıdır. Bu müsibətlərə birdəfəlik son qoymağın yolu birlikdə mübarizə aparmaqdır. Allah bütün dünya müsəlmanlarının birliyini bərabərliyini, zülmə qarşı mübarizəsini yaratsın. Canımız, qanımız Məscidül Əqsaya fəda olsun.
Abbas Hüseyn
8 saylı cəzaçəkmə müəssisəsi"