Arannews-Rakurs.tv-yə daxil olan bəyanatı təqdim edirik:
"Bir gün dünyanın ədalətlə dolacağı, haqqın öz yerini alacağı, zülmün kökünün kəsiləcəyi aydın bir səhərin gəlişi müqəddəs kitabmız Quranda qeyd olunan mütləq bir həqiqətdir. Gec və ya tez, dünya öz qoynunda həqiqətin tam varlığı ilə təcəllasına şahidlik edəcək. Şübhəsiz, o günə qədər hər bir insanın bu ədalətin bərqərar olması, dolayısı ilə zülmə qarşı mübarizəsi onun üzərində olan ali vəzifədir. Biz belə bir ədalətin icrası, haqqın öz yerini alması üçün 44 günlük haqq müharibə və mücadilədə neçə-neçə şəhid və qazi verməklə tarixin ədalət zəfərini dünyanın ucalan haqq qalasının bir kərpici olaraq üzərinə qoyduq.
Haqqın təcallası üçün aparılan mücadilələr bəzən olduqca çətin bir dönəm, uzanan illəri və səbri tarıma çəkərək haqqın zəfərinə ümidləri azaldır. Ancaq elə bir haqq savaşı olmayıb ki, zaman ötsə belə öz həqiqətini hər kəs üçün gün kimi aydın etməsin. Bu həqiqəti bir zamanlar imam Hüseyni (ə) zülmlə şəhid edib onun hərəkatının mahiyyətini dəyişməyə çalışanların uğursuz siyasətindən başlayıb, yaşadığımız Qarabağ savaşımıza qədər bir çox müqəddəs mübarizələrdə müşahidə etmək olar.
Bu gün Fələstin savaşının əldə olunan nəticələri, kiçik qələbəsi bu xalqın, müsəlman qardaşlarımızın artıq on illiklərdir ki, ədalət naminə mücadilələrinin qələbə sevinci, haqqın öz yerini almasıdır. Fələstin ərazisi, Qüds tarixən fələstinlilərə məxsus olub və həmişə olacaq da. Əliyalın bu xalq yüz minlərlə şəhid və qazi verməklə zülmlə barışmayan mübarizə tarixinə bir daha ədalətin təcalla edəcəyi haqq savaşının zamanından asılı olmayaraq qələbə çalacağı həqiqəti öz al qanları ilə nümayiş etdirdi. Hələ də xalq tam azadlıqları uğrunda mübarizə aparır və bu mücadilə bir gün zülmün sonu, azad Fələstin də daxil olmaqla İslam torpaqlarına sahiblənmə qələbəsini onlara bəxş edəcək.
Bu, Allahın vədəsidir, həqiqət mütləq qələbə çalacaq!
Müsəlman Birliyi Hərəkatı.