Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə “Birlikdə yaşadaq” şüarı altında keçirilən “YAŞAT" Xeyriyyə marafonu bu gün ictimaiyyətə təqdim ediləcək.
Arannews-Modern.az saytı xəbər verir ki, Azərbaycan diasporu tarixində ilk dəfə təşkil edilən xeyriyyə marafonunun məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılara qazilərə və şəhid ailələrinə dəstək üçün çağırışlar etmək, birlik və həmrəylik nümayiş etdirərək, Azərbaycan diasporunun daim dövlətimizin, torpaqlarımızın azadlığı yolunda canını və sağlamlığını fəda edən insanların yanında olduğunu göstərməkdir.
Marafonda bütün dünya azərbaycanlıları “Gəlin yaşadaq” şüarı altında birləşərək, qələbəni bizə yaşadanlara və zəfər tarixini yazanlara dəstək olacaq, onların xoş xatirələrini yada salacaqlar.
Marafonla bağlı proqram mayın 25-i, saat 21.00-da Azərbaycan Televiziyası ilə nümayiş olunacaq və həmin yayımda müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə, ictimai xadimlərlə, tanınmış şəxslərlə canlı bağlantılar təşkil ediləcək, şəhid ailələri, Vətən müharibəsi qəhrəmanları çıxış edəcəklər. Daha sonra xeyriyyə marafonunun nəticələri ictimaiyyətə açıqlanacaq.