İkinci Qarabağ döyüşlərində şəhid olan qəhrəmanlarımızdan biri də, 01.05.2001-ci ildə Qəbələ rayonunda anadan olan Mustafayev Elməddin Məhəmməd oğludur.
Arannews :Müharibə Elməddin hərbi xidmətdə olan zaman başlamışdı. O hərbi xidmətini bitirməyinə 2ay 25 gün qalmış şəhid olub. Valideynləri deyir ki, Elməddin ailəcanlı tərbiyəli övlad olub. Kasıb ailədə böyüyüb. Arzuları çox idi. Ən böyük arzuları, ev tikmək, polis olmaq idi. 2020-ci il oktyabrın 10-u Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Atası Mustafayev Məhəmməd səyyar işlərlə məşğul olub ailəsini saxlayırdı. Anası Mustafayeva Könül evdar qadındır.
Mustafayevlər ailəsi əvvəllər məktəb zirzəmisində yaşayıb. Üç il əvvəl isə, məktəbdə elektrik nasazlığı baş verir. Hadisə zamanı əraziyə gələn icra nümayəndələri ailəni oradan çıxararaq Şahmat məktəbinin “yataq”xanasına yerləşdirirlər. Elməddinin bir bacısı da var. Hazırda şəhid ailəsi bir göz yataqxana otağına sığınıb.
“Bura köçəndə döşəmə yox idi. Özümüz döşəmə vurmuşuq. Qismən şərait yaratmışıq. İndi yaşadığımız yerdə olan təzə ev əşyalarının hamısın Elməddinin dostları alıb” - deyə atası danışır.
Elməddin şəhid olandan sonra “Gilan” şirkəti şəhidin atasını işlə təmin edib və Məhəmməd kişi hazırda orda çalışır.
Elmədinin anası deyir ki, evlə təmin edilmək üçün bir neçə dəfə icra hakimiyyətində icra başçısı Səbuhi Abdullayevin qəbulunda olub.
“İcra başçısının sözlərinə görə, Cənab Prezident İlham Əliyev şəhid ailələrinə ev verəcək. Şəraitimiz acınacaqlıdır. Əsas istəyimiz iki otaqlı evlə təmin edilməkdir. Ev rütubətlidir. Elməddinin şəkillərini, şəxsi əşyalarını yığacaq bir otağım olsun istəyirəm. Mən də anayam təsəllimi şəkillərlə tapıram. Ancaq o şəkillər, portretlər ortalıqda qalanda pis oluram. İstəyirəm övladıma aid bir otaq olsun, ona aid hərşeyi yığım onlarla təsəlli tapım”- deyir gözüyaşlı ana.