Tarix : 2021 May 27
Kod 61307

Oqtay Gülalıyevin oğlu qəzaya düşüb

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev mayın 25-də axşam yol-nəqliyyat qəzasına düşdüyü bildirilir. “Turan”ın məlumatına görə, o, avtomobilin sükanı arxasında olub və qarşıdan gələn avtomobillə toqquşub.

Arannews: Qarşıdan gələn avtomobil məhdudlaşdırıcı xətti keçdi və biz toqquşduq", - Gülalıyev “Turan” agentliyinə bildirib.
Agentlik yazır ki, onun burnu sınıb, kəllə-beyin xəsarəti alıb. Həkimin sözlərinə görə, başın sol tərəfində şişkinlik müşahidə olunur. Diz nahiyəsi zədələnib. Vəziyyəti orta ağırdır.
Təbriz Gülalıyev TƏBİB-in yardımı ilə saat 22.20-yə yaxın Bakı Sağlamlıq Mərkəzinə gətirilib.
Oqtay Gülalıyev də 2019-cu ilin oktyabrın 29-da axşam saatlarında qəza keçirib, onu avtomobil vurub. Şahidlərin sözlərinə və sosial şəbəkələrdə yayılan videogörüntülərə əsasən, hadisə Oqtay Gülalıyev piyadalar üçün nəzərdə tutulan keçiddən keçərkən baş verib. Məlumatlara görə, qəza baş verəndən sonra avtomobil sürücüsü özü Oqtay Gülalıyevi xəstəxanaya çatdırıb.
Oqtay Gülalıyev əvvəlcə 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə yerləşdirilib. Sonradan “City Hospital”a köçürülüb və oktyabrın 30-da orada əməliyyat olunub. Daha sonra isə yaxınları onu Neyrocərrahiyyə Klinikasına aparıblar.
Sonradan müalicəsini davam etdirmək üçün o, Türkiyənin İstanbul şəhərinə aparılıb. Heydər Əliyev Fondu onun xərclərini öz üzərinə götürüb.
Bəzi ictimai fəallar hüquq-mühafizə orqanlarının qəzanın qəsdən törədilmədiyi ilə bağlı açıqlamasına şübhə ilə yanaşırlar.
Oqtay Gülaliyev Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatorudur. O, həmin gün, oktyabrın 29-da Repressiya və İşgəncələr Əleyhinə Komitənin “İşgəncələrə son qoyulsun!” adlı 10-günlük ictimai kampaniyaya start verdiyini açıqlamışdı.

  • Yazılıb
  • da (də) 2021 May 27
  • Göndərən جهان کمالی