Azərbaycan Respublikası ilə Ermənistanın dövlət sərhəddində növbəti insident baş verib.
Arannews :Azərbaycan Respubikasının Müdafiə Nazirliyi mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının dövlət sərhədini keçməsindən xəbər verib. Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, sözü gedən diversiya qrupları saat 03:00 radələrində Azərbaycan Respublikası dövlət sərhədini keçib və Azərbaycan ərazilərinin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib.
Bəyanatda deyililr ki, Ermənistan ordusunun 9 və 15 hərbi qulluqçudan ibarət olan iki qrupu Azərbaycan yollarında minalama fəaliyyəti həyata keçirərkən onlara qarşı Azərbaycan Ordusunun bölmələri tərəfindən əməliyyat tədbirləri görülüb.
Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərksilah edilərək saxlanılıb. Digər erməni hərbi qulluqçularının Azərbaycan ərazilərini dərhal tərk edərək geriyə çəkildikləri bildirilib.
Azərbaycan Müdafiə Nazirliyinin bu gün səhər saatlarında 6 erməni diversantın yaxalanması barədə rəsmi açıqlamasına Ermənistan MN reaksiya verib.
Ermənistan həmin şəxslərin diversant deyil, istehkamçı olduğunu, Azərbaycan ərazisinə keçmədiyini, Geqarkunikdə “istehkam işləri ilə bağlı” çalışdıqlarını yayıb.
Digər tərəfdən Azərbaycan Respublikası mediaları Müdafiə Nazirliyinə istinadən bildirirlər ki, Səhər saatlarında sərhəd yaxınlığında Ermənistan silahlı qüvvələrinin tanklar da daxil olmaqla bir neçə döyüş texnikasının cəmləşməsi müşahidə edilib. Həmin məlumata əsasən sözü gedən texnikanın hərəkətinin qarşısı alınıb.