Ağdam rayonundan olan əkiz qardaşlar - Nazir və Tacir Allahverdiyevlər 2020-ci ilin sentyabr-noyabr aylarında gedən Vətən müharibəsində şəhid olublar.
Arannews -Modern.az saytının əməkdaşı əkizlərin qardaşı Ceyhun Allahverdiyevlə həmsöhbət olub.
“Onların qayıdacağına inanırdıq...”
- Nazir və Tacir 2001-ci il aprelin 20-də Ağdam rayonunun Çullu kəndində anadan olublar. Onlar bir-birindən seçilmirdilər. Seçilməsələr də, azca bir-birindən fərqləri var idi. Biri əsəbi idisə, digəri mülayim idi. Bir-birilərinə çox bağlı idilər. Onlar məktəbə də bir gediblər. Sinif yoldaşlarından seçilirdilər. Tərbiyyələrinə görə hamının hörmətini qazqanmışdılar. İmkan olmadığına görə ali təhsil ala bilmədilər.
Vətənpərvərlik hissi onlarda çox qabarıq idi. Uşaq olarkən əsgərlikdən məzuniyyətə gələnlərin paltarlarını geyinirdilər ki, biz də əsgər olacağıq. Hərbi paltarı geyinməyi çox sevirdilər. Həmişə də deyirdilər ki, Vətənə olan borcu kişi kimi yerinə yetirəcəklər.
2020-ci ili sentyabrın 27-də Vətən müharibəsi başlayanda hər ikisi Bakıda hərbi xidmət keçirdilər. Əkizlər oktyabrın 1-də tərxis olunacaqdılar. Sentyabrın 27-də bizimlə danışanda onları Füzuliyə apardıqlarını dedilər.
Sentyabrın 27-dən oktyabrın 20-nə kimi mütəmadi olaraq bizimlə əlaqə saxlayırdılar. Hər şeyin yaxşı olduğunu, qələbə çalıb torpaqlarımızı işğaldan edəcəklərini deyirdilər. İkisi də topçu idilər. Biri tuşlayıcı, digəri mərmi gətirən. Biz onların qayıdacağından arxayın idik. Öndə olduqlarını da demirdilər. Anama görə gizlədirdilər.
Oktyabrın 20-də bizə mesaj yazdılar ki, “zəng çatmaya bilər, narahat olmayın. Önə gedirik, şəbəkə olmayacaq”. Həmin vaxtdan sonra əlaqəmiz kəsildi.
“İkisi də eyni anda şəhid olublar”
- Biz onlara özünüzü qoruyun deyəndə, cavab veriridilər ki, “gözümüzün qabağında əsgər yoldaşlarımız şəhid olur. Biz burada rahat dayana bilmərik”. Digər qardaşım maşın almışdı, onlarla danışanda demişdi ki, gələndə sizə də sürməyi öyrədəcəm, onda cavab vermişdilər ki, “bizim qayıda biləcəyimizi bilmək olmaz”.
Dəfələrlə mühasirəyə düşüblər. Bir manqada 7 əsgər idilər. Hamısı tərxis olunmağa hazırlaşan uşaqlar imiş.
Oktyabrın 22-də onların üzərinə minamyot mərmisi düşüb. Düşən kimi canlarını tapşırıblar. Bizə oktyabrın 24-də bələdiyyədən gəlib gəlib dedilər ki, “qardaşınız yaralanıb, gedin gətirin”. Həmin an dalağım sancdı, başa düşdümki, məsələ nə yerdədir. Lakin anamın yanında heç nə deyə bilmədim.
“Hərbi komissarlığa” təcili yardım maşını gəlmişdi. Orda dedilər ki, qardaşınız Nazir şəhid olub. Bizə əvvəlcə birinin şəhid olduğunu dedilər. Elə “Hərbi komissarlıq”da da hər ikisinin şəhid olduğunu bilmirdilər. Biz bilirdik ki, onların bir-birindən ayrılması mümkün deyil.
Bir dəfə Nazir xəstələnib, amma arxa cəbhədə qalmaq istəməyib. Deyib ki, qardaşımdan ayrı qala bilmərəm. İkisi də önə keçib. Daha sonra ikisinin də şəhid olduğunu öyrəndik.
Hər ikisinə “Vətən uğrunda” və “Xocavəndin alınmasına görə” medalı verilib.
“Qapımıza eyni anda 2 tabut gətirildi”
- Biz onların müharibədə iştirakını çox yaxşı qarşılamışdıq. Hər dəfə danışanda deyirdilər ki, “30 il işğalda qalan torpaqları biz geri alıb, həsrətə son qoyacağıq”.
Onların qayıdışını səbirsizliklə gözləyirdik. İnanırdıq ki, mütləq qayıdacaqlar. Qapımıza eyni anda 2 tabut gələndə artıq dərk etdik ki, qardışlarımız şəhid olub. Ona qədər desələr də biz inanmırdıq. Çünki onlar qayıdacaqlarına bizi inandırmışdılar.
“Ən böyük arzuları kəşfiyyatçı olmaq idi”
- Onların yaşamağa haqları çox idi. Nə yaşları var idi ki... Hələ 20 yaşları tamam olmamışdı. 2021-ci il aprelin 20-də 20 yaşlarını qeyd etdik.
Hələ məktəb vaxtlarından deyirdilər ki, “xüsusi təyinatlılar”da qulluq etmək istəyirlər, kəşfiyyatçı olmaq arzusundaydılar.
“Anam yoxluqları ilə hələ də barışa bilmir”
- Anam hər gün ağlayır, məzarlarını ziyarət edir. Onlar heç vaxt anamı incidən uşaq olmayıblar. Anamın ağlamasını heç vaxt istəməzdilər. Anam ağladığına görə tez-tez yuxularına gəlir, “ana, ağlama” deyirlər.
Bir dəfə bacım qızının da yuxusuna gəliblər. Deyiblər ki, “sənin anan bizi görə bilməz. Biz yuxardayıq. Ümumiyyətlə, heç kim görə bilməz, biz yuxardayıq və yaxşıyıq”.
“Qələbə xəbərini eşidən kimi məzarlarını ziyarət edib, gözaydınlığı verdik”
- 2021-ci il noyabrın 10-da qələbə xəbərini qarışıq hislərlə qarşıladıq. Sevinc hissi ilə yanaşı, kədərləndik ki, onlar bu günü görmədilər.
Məzarlarını ziyarət edib, onlara gözaydınlığı verdik, “şükür Allaha, torpaqlarımız alındı, qanınız, əziyyətiniz yerdə qalmadı” dedik.
Qardaşlarımın şəhid olduğu torpağa getmək istəyirəm. Bu mənim arzumdur.
Bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, şəhid analarına səbr diləyirəm. Həmin igid oğullarımız olmasaydı, biz torpaqlarımızı geri qaytara bilməzdik. Onlar 30 illik həsrətə 44 gündə son qoydular. Vətənə olan sevgiləri ilə analarımızın, bacılarımızın qisasını aldılar.