Tarix : 2021 Jun 03
Kod 61333

İmam Xomeyni təfəkküründə müsəlman qadının yeri və örnəyi

mam Xomeyninin (r) nəzərincə Islami cəmiyyətdə dəyərli və nümunəvi qadın, şah rejiminin devrilməsində və ondan sonra İslam Respublikasının qurulması və möhkəmlənməsində mühüm rol oynamış xanımdır.

 Arannews :Bu qadının müharibə və müdafiədə də mühüm rolu var və o, cəmiyyətin müqəddəs hədəflərə istiqamətləndirilməsində dini elçilərdəndir.

Biz Sovet İttifaqına göndərilən nümayəndə heyətinin tərkibində bunun şahidi olduq. İmam Xomeyninin nəzərincə qadın insan tərbiyəçisi və bəşəriyyətin amallarının gerçəkləşdirilməsi nümunəsidir. Kişi qadının ətəyindən meraca gedir və əgər millətlərdən onları alsalar, millətlər məğlubiyyət və süquta sürüklənərlər.

Örnəyin mənası

İmam Xomeyninin (r) kəlam və əməlində örnəyin mənası seçilmiş şəxsiyyətlərlə əməli bağlılıq və tabeçilik, itaət, onların yolunu davam etdirmək və nümunə götürməkdir. Dini və nümunəvi örnəyin mənası imana, elmə, ədəbə, şücaətə, fədakarlığa, cihada gözəl əxlaqi keyfiyyətlərə və iffətə tabe olmaqdır.

r1

Bu örnəklər təkcə öyüd vermirlər, müxtəlif sahələrdə gerçək irəliləyişlərin təsbiti üçün həm söz, həm də əməli həll yolları və nümunələr təqdim edirlər. Onlar insanların hidayət edilmələri və fikirlərinin aydınlaşması, əyrilkilərə düçar olmaqdan boyun qaçarmaları üçün gərəkdir.

Bu məqalədə İmam Xomeyninin nəzərində qadınların örnəyi, yeri, mübarizə nümunəsi, digər bir örnək - Xədicə, qadın və əxlaqi-tərbiyəvi məsələlər, tərbiyəvi örnək, əxlaqi örnək, dini örnək, müqavimət nümunəsi, qadınlar və elmi-mədəni məsələlər, mədəni örnək kimi məsələlərdən danışılacaq.

İmam Xomeyninin nəzərində qadınların örnəyi

İslam inqilabının mərhum rəhbərinin nəzərincə, Həzrət Fatimeyi-Zəhra (ə) və Həzrət Zeynəb (ə) layiqli və hərtərəfli örnəklərdir və müsəlman qadınlar bütün cəhətlərdə onların davamçısı olmalıdırlar. Çünki insanlıq mahiyyətinin cilvəsidirlər. Onlar vəhy evinin fəxridirlər və İslam səmasında günəş kimi parlayırlar.

Həzrət Zəhra (s) sonsuz fəzilətlər sahibi Həzrət Peyğəmbərin (s) və onun məsum Əhli-beytinin (ə) fəzilətlərinə malik bir xanımdır. Elə bir qadındır ki, baxış fərqinə baxmayaraq, hamının onun barəsində deməyə sözü var, amma heç kəs layqincə tərifləməyin öhdəsindən gələ bilməmişdir. Zəhra (s) İslam dünyasının xanımı, mənəvi və mələkut aləminə mənsub, sözün əsl mənasında insan olmuş bir qadındır. O, insan surətində zahir olmuş ilahi bir varlıqdır.

 

Həzrət Zəhra (s) peyğəmbərlərin bütün xüsusiyyətlərinə malik olmuşdur. Mənəvi hərəkətə təbii dərəcədən başlayıb və ilahi qüdrət və Peyğəmbərin (s) tərbiyəsi sayəsinədə əlçatmaz bir məqama çatıb. Bu kimi qadınlar yaradılışn hədəfidir və «həyyə əla xəyril-əməl» (əməllərin xeyirlisinə tələsin) cümləsinin yozumu ona və onun övladlarına yaxşılıqdır. O, İmam Zamanın (ə), eləcə də kişi və qadınlığından asılı olmayaraq, bütün möminlərin örnəyidir. Həzrət Zəhra (ə) insani fəzilətlərin və yüksək dəyərlərin təməlidir.

İslam inqilabının böyük rəhbəri Fatimeyi-Zəhranın (ə) ibadətini, fəsahət və bəlağətini, misilsiz elmini, hikmət və agahlığını, cihad və mübarizəsini, analıq davranışı və məhəbbətini, bir sözlə, hərtərəfli şəxsiyyətini müsəlman qadın üçün örnək hesab edir. İmam Xomeyninin nəzərincə, Həzrət Zeynəbin (ə) dəyər və yüksək məqamı, ilahi vəzifəsini və şəraiti dəqiq və düzgün dərk etməyə əsaslanan insani və islami davranışından qaynaqlanır.

Buna görə də Fatimeyi-Zəhra (ə) və Zeynəbi-Kübranı (ə) özünə örnək götürmüş qadınlar gərək öz həyatlarını düzgün anlama, şəraitin düzgün dərk edilməsi, fədakarlıq həddində ən yaxşı işi seçmək və ilahi vəzifələrin yerinə yetirilməsi yolunda əzmkarlıq göstərmək əsasında qursunlar.

r2

Xanım Zeynəbin şagirdi Səkineyi-Kübra İslam tarixində elm və agahlıq məşəllərindən biri sayılır. Bu, müsəlman qadınların o həzrətin yolunu davam etdirmələrinin mənasının elm, agahlıq, dünyagörüşü, təlimatlandırma və mədəniyyətilə birgə olmalarının göstəricisidir.

İmam Xomeyni Allah və İslam yolunda hər şeyini zeynəbcəsinə fəda edən və bununla öyünən böyük qadınları tərifləyir. O, millətə quldur hökumətlə mübarizənin necəliyini Zeynəbi-Kübradan öyrənməyi və qarşıya çıxan çətinliklərin onun gözündə nə qədər kiçik olmasına nəzər yetirmələrini tövsiyə edir. İmam Hüseynin (ə) Əhli-beyti (ə) bizə həm döyüş meydanında boynumuza düşən dini vəzifələrə əməl etməyi və fədakarlıq göstərməyi, həm də döyüş meydanından kənarda təbliğatı öyrətmişdir. Həzrət Zeynəbin xütbələri İmam Hüseynin (ə) zalımlar qarşısında mübarizəsi qədər təsirli olmuşdur.

Qadın və siyasi-ictimai fəaliyyətlər

İmam Xomeyni iranlı xanımları İslamı böyük əzmkarlıqla yadların köləlik zəncirindən qurtarmış şirürəklilər adlandırır. Qadınları İslamın qələbəsini kişilərlə çiyin-çiyinə mübarizə apararaq sığortalamış əziz, möhtərəm və şücaətli bacılar hesab edir.

Öz azyaşlı uşaqları ilə küçələrə çıxıb izdihamlı mitinq keçirərək İslamın himayəsinə qalxan qadınlara təşəkkür edərək Allahın və İmam Zamanın (ə) onlardan razı qalmasını diləyir. O, qadınları İslam inqilabı hərəkatının rəhbəri, özünü isə onların davamçısı və xidmətçisi adlandırır. İmam Xomeyninin nəzərincə mübarizə aparmaq və nitqlər söyləmək kimi böyük məsələlər qadınların öhdəsindədir. Çünki Həzrət Zəhranın (ə) təvəllüdü gününün «qadınlar günü» olaraq təyin edilməsinin mənası budur.

 

İslam inqilabının rəhbəri alimlərin, elm adamlarının ailələrinə mənsub xanımların İslamın hədəflərini qorumağa daha çox borclu hesab edir və onları peyğəmbər ailəsinə bənzədir. Qadınların islami hərəkatda nəzərə çarpacaq dərəcədə çox payları var və onlar hər yerdə kömək, rəhbərlik ediblər və kişilərin güclərinin artmasına səbəb olublar. İmam Xomeyninin nəzərincə bu gün keçmişdəkindən fərqlidir və qadınlar ümumi iffəti qoruyaraq öz ictimai-siyasi vəzifələrini yerinə yetirməlidirlər. O, qadınların İslam hökumətindəki vəzifələrinə toxunaraq deyir:

«İslam baxımından qadınlar İslam cəmiyyətinin formalaşmasında həssas rola malikdirlər. İslam qadınları yüksəldir ki, cəmiyyətdə özlərinin insani vəzifələrini tutsunlar, əşya olmaq həddindən çıxsınlar... Və qadın bu inkişafa uyğun olaraq İslam hökuməti sistemində bir sıra vəzifələri öz öhdəsinə götürə bilər.»

İmam Xomeyni xanımların ölkənin müqəddəratını həll edən məsələlərə müdaxiləsinin gərəkliyinə və İslamın qadına kişidən çox diqqət yetirməsinə qaildir. İslam inqilabında qadınların rolu kişilərdən daha çoxdur. Siyasi işlərdə iştirak və müdaxiləsini gərəkli sayaraq, cəmiyyətin qorunması üçün vacibliyini bildirir. Bunun İslamdan götürülmüş bir etiqad qeyd edərək deyir: «Qadınlar da ictimai-siyasi fəaliyyətlərdə kişilərlə çiyin-çiyinə olmalıdırlar, əlbəttə İslamın riayət etməyi əmr buyurduğu şeyə riayət etmək şərti ilə ki, Allaha şükr bu gün İranda onlara riayət edilir.»

r4

İslam inqilabının rəhbəri İran qadınları ilə öyünür. Çünki onlar alicənabcasına əvvəlcə keçmiş zalım rejimin, sonra hegemon qüvvələrin və onlara bağlı qüvvələrin müqabilində ilk sıralarda dayanaraq müqavimət göstərmişlər. Tarixdə heç vaxt kişilərin belə bir müqavimət və şücaət göstərmələri qeyd edilməmişdir.

İmam Xomeyni alicənab iranlı qadınların təcavüzdən müdafiə müharibəsi olan İran-İraq müharibəsindəki fəadakarlıqlarını heyrətamiz sayaraq qələm və dilin bunun bəyanında aciz, hətta xəcalətliliyini qeyd edir. Qadınlardan kişiləri və dövlət adamlarını hidayət etmələrini və məsləhət vermələrini, cəmiyyət üçün faydalı nəsihətçilər olmalarını istəyir.

Onun fikrincə qadınların siyasi fəaliyyəti üçün maneələr aradan qaldırılmış və onlarda dünyagörüşü yaranmışdır və hər birinin bir dəstəni tərbiyə etmək həddinə çatmalarına ümid bəslənilir. İmam Xomeyninin fikrincə qadınlar öz fəaliyyət növləri, müqəddəratları və geyimlərində – əlbəttə dini çərçivəyə riayət etməklə – azaddırlar. İslamın hədəflərinin inkişafı üçün qadınları ön sırada olan milləti məğlubedilməz sayır: “Qadınları hegemon qüdrətlərlə müharibə və şeytani qüvvələrlə mübarizə meydanına kişilərdən qabaq gedən millət qalib gələcəkdir. Həm qadın, həm də kişilərdən şəhidi olan və həm kişi, həm qadınları şəhadət arzulayan millət məğlub edilməz”.

İranlı kişiləri şirürəkli qadınların şücaətlərinə borclu hesab edir və bundan qürur hissi keçirir. Qadınlar qələbədə öndə gedir və kişilərə şücaət, cürət verirlər. İmam Xomeyni deyir:

 

«Mən nə vaxt bu möhtərəm qadınları hədəf yolunda əzmkarlıq və qətiyyətli iradə ilə bütün zəhmətlərə, hətta şəhid olmağa hazır görürəmsə, bu yolun zəfərlə bitəcəyinə əmin oluram... Qadın cəmiyyətlərində kişilərdə olmayan daha çox heyrətamiz bir dəyişiklik görürəm və onlar indiki zamanda İslama kişilərdən çox xidmət ediblər. Hətta kişilərin xidmətlərinin çoxu da qadınların xidmətlərinin nəticəsidir.»

İmam Xomeyni qadınlara nazirliklərdə fəaliyət göstərmək icazəsi vermişdi. Həmçinin qadınların vəhdətə malik olacaqalarına və indiyə kimi İslam Respublikasını qurmaqda möhkəm olduqları kimi birlikdə kişilərdən öndə İslamın hədəflərinin inkişafı istiqamətində çalışacaqlarına da ümid bəsləyirdi.

Mübarizə nümunəsi

İmam Xomeyni Həzrət Zəhranın (ə) kamal və vəziyyətini qadınlar üçün örnək sayaraq buyurur:

«Həzrət Zəhra qısa müddət ərzində mücahidlik etdiyi qədər də zəmanənin hökumətləri ilə danışıb, zəmanənin hökumətlərini məhkum edib.

Siz gərək onun arxasınca gedəsiniz ki, Xanımın (ə) təvəllüd günü Qadınlar günü səviyyəsində qəbul olunsun. Belə örnək ola biləcək qadın müxtəlif meydanlarda cihada qalxmış, İslamı, imaməti, vilayəti, Peyğəmbəri, İslamın ən böyük qəhrəmanı Əmirəl-möminini müdafiə etmiş möhtərəm bir xanımdır.

r6

Buna görə də «ummu əbiha» (atasının anası) və «ummul-əimmə» (imamlar anası) kimi ləqəblər almışdır. Həzrət Peyğəmbərin (s) əziz qızı atasının qəm-kədəri üçün təsəlli, əri üçün fədakar həyat yoldaşı, övladları üçün böyük tərbiyəçi idi və onun ətəyində İmam Həsən (ə), Hüseyn (ə) və Həzrət Zeynəb (s) kimi şəxsiyyətlər tərbiyə edilmişlər.

Bu qız Peyğəmbər (s) üçün nicat mələyi, atası üçün ana, böyük şəxsiyyət üçün böyük dayə kimi çətinliklərə qatlaşmışdır. Zalım hökumətin qarşısında dayanaraq elə bir xütbə söyləmişdir ki, Əllamə Məclisinin dili ilə desək, gərək fəsahət və bəlağət ustadları oturub kəlmə və ibarələrinin mənasını tapsınlar. Çox dolğun bir xütbədir və ədəbi gözəllik baxımından Nəhcül-bəlağənin və Əmirəl-mömininin (ə) ən gözəl və dolğun kəlamlarına bənzəyir. Bu xütbə insanların qarşısında çox gözəl və seçilmiş mənalarla bəyan edilmişdir.»

Digər bir örnək – Həzrət Xədicə (s)

Digər bir örnək Həzrət Xədicədir (s) ki, mənəvi güc və möhkəm əzmkarlıqla Peyğəmbərin (s) düşmənlərinin müxalifət və ədavətlərinin qarşısında dayanmış və peyğəmbərliyi heçdən indiki vəziyyətə gətirib çıxarmışdır. İmam Xomeyni hamıya iqtisadi blokada və ərzaq qıtlığı zamanı Peyğəmbərin (s) əzəmətli və əziz xanımı Həzrət Xədicədən nümunə götürməyi və onların necə müqavimət göstərmələrinə nəzər salmağı tövsiyə edir.

Qadın və əxlaqi-tərbiyəvi məsələlər

İmam Xomeyni qadınların xeyirini arzulayır və onların fəsada sürüklənmələrini, əxlaqsız kişilərin əlində oyuncağa çevrilmələrini istəmir. O, qadınların gəncləri fəsada sürükləyən əyri yollardan qayıtmalarını tövsiyə buyurur.

Həzrət Fatimənin (ə) zahidlik, təqva və ismətini qadınlar üçün örnək sayır və Qadınlar gününə daxil olmaq şərafətinin xanımlar Xanımının davranışlarına uyğunluqdan asılı hesab edir. Qadını bütün səadət və xeyirlərin mənbəyi sayaraq deyir: «Qadın böyük insandır və cəmiyyətin tərbiyəçisidir. O, özünün düzgün tərbiyə üsulu ilə insan düzəldir və ölkəni abadlaşdırır.»

İnqilab rəhbəri indiki qadın cəmiyyətini zeynəbləşmiş və Fatiməyə (ə) tabe bir cəmiyyət sayır. Bir vaxtlar bu qadınlar avropasayağı bəzək-düzəyə tabe idilər və onların geyim modaları avropadan gəlməli idi. Amma indi İslam məktəbinə tabedirlər və bu məktəbin bəyəndiklərini qəbul edirlər. Bu dəyişkiliyi cəmiyyətin ən böyük dəyişikliyi hesab edir və onun qorunmasının gərəkliyini vurğulayır: «Qadınların aləmdəki rolu bir sıra məxsus xüsusiyyətlərə malikdir. Hər hansı bir cəmiyyətin saleh və ya pozğun olması həmin cəmiyyətin qadınlarından qaynaqlanır. Qadın yeganə varlıqdır ki, sayəsində bir cəmiyyətin, hətta cəmiyyətlərin möhkəmlik və ali insani dəyərlərə yüksəldiyi şəxsiyyətlər təhvil verə bilər.»

Tərbiyəvi örnək

İmam Xomeyni qadınlara həm özlərinin, həm də başqalarının əxlaqlarının gözəlləşdirilməsi istiqamətində çalışmalarını və qadınların heysiyyəti olan Xanımın yolu ilə getmələrini tövsiyə edir. Etiqadına görə, hamı özünün İslami əmrlərini Həzrət Zəhra və övladlarından almalıdır və onun kimi olmalıdır.

Qadınlardan istəyir ki, İslamın hökmlərinə həm özləri əməl etsinlər, həm də başqalarını vadar etsinlər. Hər bir fərd özü kimi, başqalarını da islah etmək məsuliyyəti daşıyır. İmam Xomeyni «əmr be məruf və nəhy əz münkər»i cəmiyyətin islah yolu hesab edir. Qadını Quran kimi insanı islah edən sayır və deyir ki, əgər şücaətli və insan yetişdirən qadınların uzaq düşdüyü millətlər məğlubiyyət və süquta düçar olarlar.

İmam Xomeyninin nəzərində əxlaqi örnək

İmam Xomeyni üçün unudulmaz xatirə və əxlaqi örnək gənc bir qızın müharibədə hər iki əlini itirmiş və hər iki gözündən zədə almış döyüşçü ilə evlənməsidir. Həmin qızı belə tərifləyir: «O şücaətli qız böyük, səfa və səmimiyyət dolu ruhu ilə dedi: indi ki, mən müharibə meydanına gedə bilmədim, qoy bu evliliklə özümün inqilab və dinə olan borcumu ödəyim. Bu səhnənin mənəvi əzəmətini, insani dəyərini və onların ilahi nəğmələrini yazıçılar, şairlər, natiqlər, rəssamlar, incəsənət adamları, ariflər, filosoflar, fəqihlər, bir sözlə kimi təsəvvür etsəniz heç kəs bəyan edə, canlandıra bilməz. Bu böyük qızın fədakarlıq, ilahi eşq və mənəviyyatını heç kəs mövcud meyarlarla dəyərləndirə bilməz.»

r3

İslam Respublikasının banisi deyir: «Anaların cəmiyyətə xidməti müəllimlərin və digərlərinin xidmətindən üstündür. Çünki onlar cəmiyyətin fərdlərini öz ətəklərində tərbiyə edirlər və bu, peyğəmbərlərin istədikləri işdir. Peyğəmbərlər qadınların cəmiyyətə aslan kimi kişi və qadınlar təqdim etmələrini istəyirdilər.»

İmam Xomeyni övlad sahibi olmağı ən böyük məsuliyyət və ən şərəfli iş sayır. Çünki cəmiyyətə bir fərdin təqdimatı Allah-təalanın tarix boyu peyğəmbərləri göndərdiyi bir hədəfdir. Uşaqlar ananın sözünə daha çox qulaq asırlar və onlara analar qədər heç kəsin əxlaqı təsir göstərmir və keçmir. Analar xeyir mənbəyidir və əgər Allah eləməsin, pis övlad tərbiyəsi ilə şər mənbəyinə çevrilirlər. Anaların bir ümmətə nicat verən övladlar tərbiyəsi mümkündür və bunun tam əksi də ola bilər.

İnqilabın dahi rəhbəri qadınları kişilərin müəllimi sayır və salam göndərərək onlardan kişilərə nəsihət verib doğru yola sövq etmələrini istəyir. Qadınlar İranın şərəfli inqilab hərəkatında kişilərin müəllimi olublar və indi də elədirlər. İmamın nəzərincə, insan hüquqları baxımından kişi ilə qadın arasında fərq yoxdur. Çünki hər ikisi insandır və öz müqəddəratlarına müdaxilə etmək hüququna malikdirlər. Onların arasındakı bəzi fərqlər isə insanlıqlarına aid deyil.

Bütün sahələrdə qadınlara örnək ola biləcək şəxs kiçik daxma və yoxsul evdə nurları torpaqdan mələklər aləminə, mülkdən mələkuta qədər ucalan insanlar tərbiyə etmiş Xanımdır. Həmin kiçik ev Fatimənin (s) evidir və orada tərbiyə almış şəxslər Allahın bütün qüdrətini cilvələndirən və bəşəriyyəti heyrətə salan xidmətlər göstərmiş dörd-beş nəfərdir.

Bu örnək ev işlərinin öhdəsinə düşməsindən və naməhrəmlərlə ünsiyyət məcburiyyətində olmamaqdan şaddır. Həmişə öz ərinə mütidir, heç vaxt onu əsəbləşdirmir və heç bir işdə onun sözündən çıxmamışdır. Həyat yoldaşı nə vaxt ona baxırdısa, üzündən qəm-kədəri silinirdi. Əmirəl-möminə belə deyirdi: «Allahdan həya edirəm ki, səndən imkanından xaric bir şey istəyim.» Həmçinin buyurardı: «Ey əmioğlu! Səninlə yaşayan gündən nə yalan demişəm, nə xəyanət etmişəm və nə sənə qarşı çıxmışam.»

Bu əxlaqi-tərbiyəvi örnək insanları o qədər sevir ki, gecə ibadətlərində özünü dua etməmişdən qabaq və daha çox qonşuları dua edir və onlar üçün xeyir diləyir. O, acları, yetim və əsirləri doyuzdurmaq üçün özünün və övladlarının çörəyini kəsir, Allahın razılığını qazanır.

İmam Əli (ə) dəyərli örnəyi belə tanıtdırır: «Tuluq ilə o qədər su daşıdı ki, bədənində tuluğun yerləri görünürdü. Əlləri ilə o qədər dəyirman fırlatdı ki, əlləri qabar bağladı.» O, İslamın ilk şəxsinin və İslam dünyası rəhbərinin qızı idi, sadə və yoxsulcasına nikah bağladı, yaşayışını keçirdi. Onun həyatı başdan-başa əmək və çalışqanlıq idi.

Dini örnək

Xanımın ibadət və zahidliyi də nümunədir. Böyük abid və zahidlərdən olmuş Həsən Bəsri deyir: «Peyğəmbərin qızı o qədər ibadət etdi və mehrabda dayandı ki, ayaqları şişdi.» O, bütün hallarda Allahı xatırlayırdı və həm oturuşu, həm də duruşu Allahın razılığını qazanmaq üçün idi. İslami fəthlər baş verən zamanda bölüşdürülmək üçün onun atasının evinə çoxlu miqarda qənimətlər yığılırdı. Həzrət Zəhra (ə) dünya təmtəraq və bəzək-düzəyinə zərrə qədər meyl göstərmirdi, halbuki adətən gənc qızlarda belə hallar çox olur.

r5

Elm, niyyət saflığı, səbr və fədakarlığı dillər əzbəri idi. Bu səbəbdən də atası ona namazın bir rəkətini min rəkətə bərabər edən zikrlər öyrətdi. İffətə hətta öləndən sonra üçün də çox diqqətli idi. Tapşırmışdı ki, onu dəfn etməyə apararkən bədən quruluşunun görünməməsi üçün bir tabut düzəltdirsinlər. İmam Əli (ə) belə buyurur: «O, Allaha itaət yolunda gözəl yoldaşdır.» Kor şəxsin yanında da özünü hicabla örtürdü...

Müqavimət nümunəsi

İmam Xomeyni qərb modellərinin qadınlar üçün örnək olmasından xəcalət çəkir və bəzilərinin həmin meyllərinə tamamilə təəssüfləndiyini bildirir. Məsum Əhli-beyti (ə) hamı üçün örnək sayır və həyatlarını məzlumları himayə və ilahi qaydaların dirçəldilməsi yolunda fəda edənləri xoş sözlərlə yad edir.

Onlar zalım hökumətin müqabilində dayandıqları, İslam yolunda fədakarlıq göstərdikləri, zalım əməvi dövlətini rüsvay etdikləri, ilahi ruh və imana malik olduqları üçün hamıya müqavimət və möhkəmlik nümunəsidir.

Qadınlar və elmi-mədəni məsələlər

İmam Xomeyni millətin məsələləri dərkini və dünyagörüşünün inkişafını tərifləyir və əvvəllər bütün ictimai haqlarından məhrum, amma indi Allaha şükür, layiqli şəkildə şəriət qaydalarına əməl etməklə elmi-mədəni məsələlər meydanına daxil olmuş, tədris və təbliğatla məşğul qadınları mövcud vəziyyətə layiq insanlar sayır.

Cəmiyyətdə qadınların kişilərlə çiyin-çiyinə elmi, ürfani, fəlsəfi və tərbiyəvi fəaliyyətləri üçün mövcud vəziyyəti münasib hesab edir və azyaşlı, yeniyetmə, gənc və yaşlı qadınların mədəniyyət sahələrində fəaliyyət göstərmələri, hətta bəzən İslamın yüksəlişi və Quranın hədəflərinin gerçəkləşməsi yolunda kişilərdən yaxşı çılışmaları ilə öyünür.

Fikrincə, qadınların təlim-tərbiyə və təbliğ işləri inqilabdan sonra gerçəkləşmişdir və əvvəllər onların heç bir haqqı gözlənilmirdi. Hətta on nəfərlik bir dəstəyə daxil olaraq elmi və ya etiqadi bir məsələni danışa bilmirdilər. Amma indi islami qaydalara riayət etməklə ölkənin hər yerində, hətta xaricdə təbliğatla məşğuldurlar.

Mədəni örnək

Bu sahədə də örnək və nümunə ola biləcək şəxs iki dünya qadınlarının xanımı Həzrət Fatimeyi-Zəhradır (ə). O, çox böyük alim və vəhy tapşırıqları yazılmış kitab sahibidir. Həmin vəhy tapşırıqları kitabı Cəbrail vasitəsi ilə nazil edilmişdi və onda dünyanın gələcək hadisə və xəbərləri, həmçinin o Xanımın övladlarının vəziyyəti yazılmışdı.

Əgər onun ruhu ilə əzəmətli Cəbrailin ruhu arasında uyğunluq olmasaydı, heç vaxt qeyb tapşırıqlarını qəbul etmək şərəfinə nail ola bilməzdi. Peyğəmbərlər kimi səmavi səsləri eşidir və mələklərlə söhbətləşirdi. Buna görə də ləqəblərindən biri də «mühəddəsə»dir. Bəzən elm şəhərinin qapısı (Əmirəl-möminin) öz sözlərinin isbatı üçün Fatimənin sözlərini dəlil gətirərdi. Çünki onun sözləri elm nurundan qaynaqlanırdı.

Nəql edirlər ki, bir xanım Həzrət Fatimənin (ə) yanına gələrək ondan bir-birinin ardınca neçə sual soruşur. Sualların əhatə dairəsi geniş olduğu utanır, xəcalət çəkirdi ki, birdən Peyğəmbərin (s) qızını yorar, incidər. Buna görə də birdən dayanaraq deyir: Sizi bundan artıq zəhmətə salmaq istəmirəm. Həzrət Fatimə (s) buyurur: «Mən Allah tərəfindən sənin suallarına cavab vermək vəzifəsi daşıyıram. Və hər sual üçün Allahdan elə mükafat alacam ki, əgər yerlə göyün arasını mirvari ilə doldursalar, yenə də həmin mükafatın dəyərinə çatmaz.»

Yalnız belə əxlaq və elm sahibi olan qadın elm və hikmət örnəyi ola bilər.

 

İbrahim Əmini

  • Yazılıb
  • da (də) 2021 Jun 03
  • Göndərən جهان کمالی