Türkiyənin hakim Ədalət və Qalxınma Partiyasının (AKP) bağlanması iddiası ilə bu il martın 14-də baş prokuror Əbdürrəhman Yalçınkaya çıxış edib
Turkyə Servisi/Aran Agentliyi
Türkiyədə hakim partiyanın qapadılması prosesində bu gün son mərhələ başlayır. Bu gündən Türkiyə Konstitusiya Məhkəməsi davamlı iclaslar keçirəcək. Bu iclaslar yekun qərar verilənə qədər davam edəcək.
Xatırladaq ki, Türkiyənin hakim Ədalət və Qalxınma Partiyasının (AKP) bağlanması iddiası ilə bu il martın 14-də baş prokuror Əbdürrəhman Yalçınkaya çıxış edib. O, AKP-nin ölkədə dünyəvi rejimi dəyişməklə dini rejim qurmaq istədiyini iddia edərək, partiyanın qapadılmasını, prezident Abdullah Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan və parlamentin keçmiş spikeri Bülənt Arınç başda olmaqla 71 nəfərin siyasi fəaliyyətinə qadağa qoyulmasını tələb edir. AKP baş nazirin müavini, hökumət sözçüsü Cəmil Çiçək vasitəsilə yazılı özünümüdafiə çıxışı təqdim edib. Daha sonra reqlamentə uyğun olaraq Konstitusiya Məhkəməsinin məruzəçisi Osman Can məruzə hazırlayıb və AKP-nin qapadılması barədə baş prokurorun iddiasının rədd olunmasını təklif edib.
Qeyd edək ki, AKP-nin qapadılması üçün Türkiyə Konstitusiya Məhkəməsinin 11 hakimindən 7-sinin qərarın lehinə səs verməsi lazımdır. Məhkəmənin əsas üzvlərindən biri iclasda iştirak etməzsə və ya qərar çıxarılan günə qədər təqaüdə çıxarsa, o zaman onun yerinə ehtiyat üzvlərdən biri səs verəcək. Bundan öncə Konstitusiya Məhkəməsi Fəzilət Partiyası haqqında qapatma qərarını 11 gün ərzində, Rifah Partiyası haqqında qapatma qərarını isə 8 gün ərzində çıxarmışdı.