“Jurnalistlər öz işlərini şəxsi təhlükəsizlik riski olmadan həyata keçirməlidirlər”
AranNews : UNESCO-nun baş direktoru Odri Azulay (Audrey Azoulay) iyunun 4-də Kəlbəcər rayonunda minaya düşən azərbaycanlı jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimovun həlak olması ilə bağlı bəyanat yayıb.
Qurumun saytında bu barədə məlumat verilib. “Sirac Abışovun və Məhərrəm İbrahimovun faciəvi ölümü haqqında xəbər məni heyrətə salıb. Jurnalistlər öz işlərini şəxsi təhlükəsizlik riski olmadan həyata keçirməlidirlər”, deyə baş direktor bildirib.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) isə Azərbaycan hakimiyyətini və işverənləri mina partlaması nəticəsində həyatını itirən jurnalistlərin ailələrinə layiqli təzminat ödəməyə və gələcəkdə münaqişə zonasına göndərilən bütün jurnalistlərin həyat sığortası ilə təmin etməyə çağırıb
“Turan”ın məlumatında görə, qurum həmçinin Ermənistan hakimiyyətini minalanmış sahələrin xəritələrini Azərbaycana təqdim etməyə çağırır.
Rəsmi statistikaya görə,son 7 ayda Azərbaycanın Dağlıq Qarabağ ətrafında işğaldan azad edilən ərazilərində 50 nəfər minaya düşüb, onlardan 18 nəfəri həlak olub.