Ermənistan Xarici İşlər Nazirliyi 18 iyun 2021-ci il tarixli bəyanatında Azərbaycanı 44 günlük müharibə zamanı Azərbaycan ərazisində qanunsuz şəkildə Ermənistan tərəfindən döyüşən hərbi cinayətləri, terror aktlarını törətməkdə, muzdlu kimi döyüşməkdə təqsirləndirilən şəxsləri mühakimə etməkdə ittiham edir.
AranNews :Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Ermənistan XİN-in bəyanatında “hərbi əsirlər” və “mülki şəxslər” kimi istinad edilən şəxslər hərbi əməliyyatlar zamanı və əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisində qəsdən öldürmə, işgəncə, terrorçuluq və digər cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərdir.
Qeyd edilib ki, Azərbaycanın həm beynəlxalq hüquq, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları, Muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı beynəlxalq Konvensiya, həm də yerli qanunvericiliyə əsasən bu şəxsləri məsuliyyətə cəlb etməyə həm hüququ, həm də beynəlxalq öhdəliyi var: “Hazırda Azərbaycan tərəfində saxlanılan və istintaqa cəlb olunan ermənilərə gəldikdə isə, Ermənistan XİN-ə xatırladırıq ki, bu şəxslərdən bir qrupu 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı imzalandıqdan sonra Azərbaycan ərazisinə daxil olan terrorçu qrupunun üzvləridir və bu qrupun təxribatçı fəaliyyəti nəticəsində Azərbaycanın 4 hərbi qulluqçusu öldürülüb və bir mülki şəxsi ağır yaralanıb. İttiham olunan erməni əsilli Livan vətəndaşı əcnəbi muzdlu qismində pul qarşılığında 44 günlük müharibə zamanı Azərbaycanlı hərbçi və mülki şəxslərə qarşı döyüşlərdə iştirak edib. Digər iki erməni vətəndaşı isə hələ birinci Qarabağ müharibəsi zamanı mülki və hərbçi Azərbaycanlılara qarşı işgəncə verməkdə ittiham olunan şəxslərdir. Vurğulamaq istərdik ki, Azərbaycanda saxlanılan ermənilərin yerinin gizli saxlanılması ilə bağlı deyilən fikirlər tamamilə yalandır. Rəsmi açıqlamalarda artıq bildirildiyi kimi, Azərbaycan bu şəxslərin saxlanılma vəziyyəti ilə bağlı olan bütün tələbləri yerinə yetirib. Hətta Beynəlxalq Qırmızı Xaç Komitəsi, İnsan Haqları üzrə Müvəkkilin (Ombudsman) saxlanılan şəxslərlə mütəmadi görüşləri təşkil edilib və bu şəxslərin səhhəti barədə tibbi sənədlər belə təqdim edilib”.
XİN nəzərə çatdırır ki, Azərbaycan humanizm prinsiplərindən çıxış edərək bu günədək saxlanılan ermənilərin bir hissəsini Ermənistana təhvil verib: “Bunun qarşılığında isə Ermənistan tərəfinin addımları göz qabağındadır. Yalnız Ağdam üzrə mina xəritələrini Azərbaycana təhvil verən Ermənistan, bu ölkənin yüksək səviyyəli rəsmiləri tərəfindən açıq şəkildə etiraf edildiyi kimi, çoxsaylı mina xəritələrini gizlədir, Azərbaycana verməkdən imtina edir. Hələ birinci Qarabağ müharibəsindən itkin düşən 4000-dək azərbaycanlının taleyi barədə bu günədək heç bir məlumat verilməyib. Ərazilərimiz işğaldan azad olunduqdan sonra Kəlbəcər rayonunun Başlıbel kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıq Ermənistan tərəfindən törədilən müharibə cinayətlərinin və Ermənistanın itkin düşmüş azərbaycanlılar barədə məlumatı gizlətdiyinin bariz sübutudur. Ermənistan XİN-i beynəlxalq hüquq pozuntularından danışmağa başlamadan öncə Ermənistan Respublikasının 30 ilə yaxın müddət ərzində beynəlxalq hüquq prinsiplərini, xüsusilə də suverenlik və ərazi bütövlüyünə hörmətlə yanaşılması prinsipini tapdaladığını, bir milyonadək insanın fundamental hüquqlarının kobud şəkildə pozduğunu göz önünə gətirməlidir”.