F.Əliyev özü də bir neçə dəfə bəyanat verib ki, hakimiyyət onu öldürməyə çalışır
Azerbaijan Servisi/Aran Agentliyi
Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev üç ilə yaxındır ki, cəmi 7,5 kvadratmetrlik kamerada saxlanılır. Onunla bağlı hökm qanuni qüvvəyə minmiş sayılsa da, F.Əliyevi hələ də cəzaçəkmə müəssisinə köçürmürlər. Keçmiş nazirin müdafiəçiləri bunun məqsədli olduğunu bildirirlər. Onların deməsinə görə, F.Əliyevin saxlanıldığı təkadamlıq kameraya quraşdırılan güclü işıq 24 saat ərzində söndürülmür. Hər tərəfi beton olan kiçik bir kamerada nə az, nə çox - düz 33 ay qalmaq ən böyük işgəncədir.
Əslində F.Əliyevin saxlanıldığı məkan istintaq təcridxanası adlanır. Adından da göründüyü kimi, hər hansı şəxs burada istintaq dövründə saxlanıla bilər. F.Əliyevin hətta məhkəmə istintaqı da bir neçə ay öncə yekunlaşıb. Lakin onu heç bir səbəb göstərmədən oradan başqa yerə köçürmürlər. MTN-in istintaq təcridxanasında olmuş şəxslərin deməsinə görə, xüsusilə yay aylarında orada dözülməz şərait olur. Çünki təcridxana qurumun binasının üst qatında yerləşir və isti aylarda orada yüksək temperatur olur. Gündüzlər bürkü, gecələr isə güclü işıq insanın ilk növbədə əsəb sistemini sıradan çıxarmaya bilməz. Bu şəraitdə orada iki-üç ay qalmaq kifayət edər ki, insan ən müxtəlif xəstəliklərə düçar olsun. Əgər Fərhad Əliyev ürəyində ciddi problemlər olduğu halda belə bir dözülməz şəraitdə 33 ay sağ qala bilibsə, bu onun orqanizminin və iradəsinin möhkəmliyindən xəbər verir. Amma bu o demək deyil ki, bütün bunlar ona təsir göstərmir. Sabiq nazirin müdafiəçilərinin sözlərindən aydın olur ki, F.Əliyev həddən artıq əsəbi olub, səhhətində ciddi problemlər yaranıb. Onu dözülməz şəraitdə daha uzun müddət saxlamaqla Əliyevin fiziki məhvinə çalışırlar.
F.Əliyev özü də bir neçə dəfə bəyanat verib ki, hakimiyyət onu öldürməyə çalışır. Onun dediklərinə rəğmən, üzləşdiyi hadisələrə əsaslanıb söyləmək olar ki, iqtidar sabiq nazirlə bağlı “tədrici ölüm” qərarı verib. Faktiki olaraq, F.Əliyevi çərlədib öldürməyə çalışdıqları göz önündədir.
Amma istənilən halda kamerada sabiq nazirin başına bir iş gələrsə, əlbəttə ki, bunun məsuliyyəti hakimiyyətin üzərində olacaq.