Höccətül-islam vəl-müslimin Nəzəri: “Şəhid Zeynal Şahhüseynovun dəfn mərasimində onun anasının dediyi sözləri dinləyin! Bu ananın öz oğlu ilə vidalaşmasının bizim analarımızın şəhid övladları ilə vidalaşması arasında heç bir fərq yoxdur. Biz bir millətik və qanımız birdir.”
Arannews :Təbrizin “Xadimuş-Şuhəda” Heyətinin ictimai əlaqələr bölməsindən verilən xəbərə əsasən, Təbrizdə İmam Rzanın (ə) mübarək mövlud mərasimi keçirilib. İmam Rza (ə) Hərəminin xadimlərindən bir qrupunun da qatıldığı bu mərasimdə şəhid Zeynal Şahhüseynov və son Qarabağ müharibəsinin şəhidləri anılıb.
Mərasimin xətibi hövzə və universitet ustadı höccətül-islam vəl-müslimin Müctəba Nəzəri səkkizinci imamın şən və məqamından söz açaraq deyib: “İmam Rzanın (ə) öz ardıcıllarına verdiyi hədiyyələrdən biri də Kərbəla türbəti idi. Kərbəla türbəti məsumların (ə) tövsiyəsidir. Onların tövsiyələrinə əsasən, bacardıqca başqalarına Kərbəla türbəti vermək və bunu bir mədəniyyətə çevirmək lazımdır.”
Xətib əlavə edib: “Ey kaş, bizim analarımız yenə də təzə dünyaya gəlmiş körpələrinə ilk olaraq Kərbəla türbəti dadızdıralar və bu adət-ənənəni qoruyub saxlayalar. Çünki Kərbəla türbəti şəhadət və müqavimət simvoludur.”
Şəhidlik məqamına nail olmağı İmam Rzanın (ə) digər hədiyyəsi kimi tanıdan xətib deyib: “Kaş, şəhidlərin vəsiyyətnamələrini toplayaydılar. Onda məlum olardı ki, şəhidlərin neçə faizi şəhadət məqamını İmam Rzadan (ə) almışdır. Şəhid Höcəcinin vəsiyyətnaməsini mütləq oxuyun.
Həzrət Zeynəbin (ə) hərəminin müdafiəçilərindən olmuş və İŞİD terrorçularının əli ilə başı bədənindən ayrılan şəhid Höcəci öz vəsiyyətnaməsində İmam Rzaya (ə) müraciət edərək yazır:
Salam olsun gözəl Ağama!... Səni möhtərəm atan Musa ibn Cəfərə (ə) and verirəm, səni əziz oğlun İmam Cavada (ə) and verirəm, səni əziz bacın Fatimə Məsuməyə (ə) and verirəm ki, mənə zamin ol.
Ağacan! İstəyirəm, Əli Əkbər (ə) kimi cavan ikən şəhadətin şirinliyini dadım və bu dəyərsiz canımı siz Əhli-beytə (ə) fəda edim. Ey mənim Ağam! Boynuma minnət qoyub, şəhidlik qəbaləmi imzala.”
Höccətül-islam vəl-müslimin Nəzəri tövsiyə edib ki, yolu tapmaq üçün özünüzü şəhidlərin birinin həyat tərzinə yaxınlaşdırın.
Xətib daha sonra İmam Rzanın (ə) həyat tərzindən söz açaraq deyib: “İmam Rzanın (ə) yanında hər vaxt həzrət Zəhranın (ə) adı çəkilsəydi, İmam o Xanıma olan hörmətinə görə ayağa qalxardı. Biz eşitmişik ki, hər kəs İmam Rzadan (ə) hacət amaq istəsə, onu üç dəfə anası həzrət Zəhraya (ə) and versin.”
Ustad xütbəsinin digər hissəsində deyib: “Şəhid məhdud bir coğrafiyaya aid deyil. İslam dünyasının şəhidləri bir gün İraqda, bir gün Suriyada, bir gün İslam dünyasının digər cəbhələrində canfəşanlıq edirlər. Şəhidlər Vəchullaha baxırlar, Vəchullah harada olsa, şəhid də oradadır. Ona görə də şəhidlər həmişə diridirlər.
Şəhidləri qətiyyən məkan, zaman və dil ilə məhdudlaşdırmaq olmaz. Şəhid, Allahın dil, məkan və zamanının rəngindədir. Bizim şəhidlərimiz bir gün İraqda, bir gün Suriyada və bir gün Qarabağdadır. Qarabağ müharibəsində İran xalqı Azərbaycan Respublikası xalqının yanında oldu, onlarla birlikdə şəhid verdi, heç bir maddi və mənəvi köməyini əsirgəmədi. Çox əfsus ki, o zaman bizim media zəifliyimiz var idi, bu üzdən birinci Qarabağ müharibəsinin həqiqətlərini açıqlaya və çatdıra bilmədik. Ona görə də bugün bizdən təəccüblə: “Qarabağ müharibəsində sizdən şəhid olan var?!” deyə, soruşurlar.
İran İslam Respublikası hər zaman öz qonşularının kömək istəyinə müsbət cavab vermiş və yetərincə kömək etmişdir. Birinci Qarabağ müharibəsi bunun bir nümunəsi idi. Lakin bugün çox heyrət və təəssüflə qonşunun qonşuya zülm etdiyini görürük, qonşu dövlət müsəlman İran xalqının nəcibliyinə əzab-əziyyət etməklə cavab verir.”
Azərbaycan və İran xalqının kimliyinin əsil və dini bir kimlik olduğuna toxunan xətib deyib: “Bizim daha artıq oxşarlıqlarımızı Ərbəin yürüşündə, bu ölkənin müxtəlif yerlərində keçirilən dini mərasimlərdə, Məhərrəm və Aşura günlərində, Qədr gecələrində görün.
Bizim xalqımızın şimal qonşumuz olan xalqla ən mühüm ortaq kimliyimiz dini kimlikdir. Dil və coğrafiya kimliyindən asılı olmayaraq hamımız İmam Hüseynin (ə) aşiqiyik.”
Xətib daha sonra deyib: “Əziz qonşu! Bir gün düşmənimizin dronu sənin ərazindən qalxdı və bizim ərazimizə daxil oldu. Bugün mənfur düşmənimizi öz evinizin həyətinə bağlamısınız və o çirkin səsi ilə bizi narahat edir. Halbuki, bilməlisiniz ki, bizim qonşuluq haqqımız var və qonşu qonşuya zülm etməz. Ən azından qəbul etdiyiniz Ərdoğanın sözünü dinləyin ki, deyir: “Bir gün atamdan soruşdum: - Biz lazıq, ya tükr? Atam dedi: - Allah Qiyamət günü bizim soyumuz barədə deyil, Peyğəmbərimiz və dinimiz barədə soruşacaq.”
Yaxud ən azından sionist rejimi ilə münasibətləri kəsməyi ondan öyrənin. Siz ki, məsciddə namaz qılırsınız! Nə üçün müsəlman ölkənizin KİV-lərində bayrağı üzərində “Allah” sözü yazılmış İran İslam Respublikasına hörmətsizlik edilməsinə icazə verdiniz? Əgər xalq buna görə hal-hazırda bir söz demirsə, bilin ki, bunu sinələrində həbs edib və Azərbaycan Respublikasının məsul şəxsləri çox diqqətli olmalıdır, sizin ölkənizdə bəzi şəhidlər və məhbuslar, hicab yolunun şəhidləri və məhbusları adlanır, bəzi şəhidlər İmam Hüseyn (ə) yolunun şəhidləri adlanır. İslam ölkəsində hicabı müdafiə edən həbsxanaya salınarmı?
Şəhid Zeynal Şahhüseynovun anasının sözlərini dinləyin! Bu ana eynilə bizim şəhidlərimizin anaları kimi əzadarlıq edir və öz şəhid oğlunun cənazəsinin yanında deyir: “Mən həzrət Zeynəbdən (ə) dərs almışam”, “Oğlumu həzrət Zeynəb (ə) yolunda qurban vermişəm”, “Allahım, bu qurbanı məndən qəbul et”. Ananın oğlu ilə bu vidalaşmasının bizim analarımızın şəhid övladları ilə vidalaşması arasında heç bir fərq yoxdur. Hamımız birik və qanımız birdir.”
Təbriz Universitetinin ustadı daha sonra deyib: “Şəhadət məktəbini inkar etmək mümkün deyil. Həzrət Əbəlfəz Abbas (ə) adını qadağan etmək mümkün deyil. İmam Hüseyn (ə) və həzrət Əbəlfəz (ə) adları, onlar haqda söhbətlər sizin iddianızın əksinə olaraq ziyanlı məlumatlar deyil. Ziyanlı məlumatlar Avrovizion kimi anti-islami proqramlara, Nardaran sahilində İslama uyğun olmayan istirahət mərkəzlərinə aiddir. Ziyanlı məlumatlar sizin nəşrlərinizin alt səhifələrində İslamın ziddinə yazılmış “Ayati-şeytani” kitabından cümlə və iqtibasların yazılmasıdır. Siz Salman Rüşdinin bu kitabda bizim Peyğəmbərimizə (s) hörmətsizlik etdiyini bilmirsiniz?!
Qonşuluq haqqının qədrini bilin. Hamınız gördünüz ki, sizinlə dost olduğunu iddia edən bəzi ölkələr Suriyada hansı səhvlərə düçar oldular. Cəbhətün-nüsrə terrorçularını necə silahlandırdıqlarını və gücləndirdiklərini, sonra da bu terrorçuların Suriyada nə qədər başlar kəsdiklərini görmədinizmi?!
Tarix unudulmayacaq. Terrorçular İraq Kürdüstanına girdikdə Amerika, Fransa və İngiltərənin köməyindən artıq əlini üzmüş Məsud Barzani İrandan kömək istədi və Tehranla əlaqə yaradan kimi tarixi bir cavabla üzləşdi və o cavab belə idi: “Sübh azanına kimi müqavimət göstərin, biz gəlirik.” Həmin günün səhərisi sərdar Süleymaninin köməyi ilə süqut etməkdən xilas oldular.
Höccətül-islam vəl-müslimin Nəzəri nitqinin sonunda Azərbaycan Respublikası hökumətinə müraciət edərək deyib: “İcazə verməyin, terrorçu İsrail rejiminin səfiri sizin ölkənizdə İslam Respublikası əleyhinə danışsın və tvit yazsın: “(İran) Bizim qarşıdurmadan minlərlə mil uzaqda olduğumuzu hiss edə bilər, lakin biz uzaqda deyilik. Biz İranın (Bakıda) qonşuluğundayıq.”
Cənab Corc Dik, terrorçu və sionist rejiminin Bakıda səfiri! 21 il bundan əvvəl məzlum fələstinli uşaq Muhəmməd əl-Durrahı atasının gözləri qarşısında qətlə yetirdiyiniz və uşağın atası Camal əl-Durrahın kiçik daş parçasını sizə tərəf atmaqdan başqa çarəsinin olmadığı günlər arxada qaldı. Bugün Muhəmməd əl-Durrahın qanının axıdılmasından illər sonra İslam müqaviməti cəbhəsinin damarlarında qan coşdu, Qüds qılıncı əməliyyatında Fələstin xalqının mübarizə yolunda dönüş yarandı və göydən başınıza 3000 raket yağdı. Avropada torpağın qiyməti qalxmamış, Fələstindən çıxın, sonra qalmağa yer tapa bilməyəcəksiniz.”
Mərasimin davamında İmam Rza (ə) Hərəminin xadimləri hərəmin bayrağını məclisə daxil ediblər, məddahlar İmam Rzanın (ə) mədhində şerlər oxuyublar.