Tarix : 2021 Jun 25
Kod 61407

Azərbaycan müxalifətindən Paşinyanın qələbəsinə REAKSİYA - Liderlər mövqelərini açıqladılar

İyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçirildi. Seçkilərdə ölkənin bütün keçmiş rəhbərləri və hazırkı baş nazir Nikol Paşinyan namizədliyini irəli sürərək, hakimiyyət uğrunda mübarizəyə qalxdılar.

Arannews -Bu barədə Modern.az Azərbaycanda fəaliyyət göstərən partiyalarının rəhbərlərinin rəyini alıb.

Onların fikrincə, Nikol Paşinyanın Ermənistanda üstünlüyü “10 noyabr bəyanatı”nın müddəalarının yerinə yetirilməsini tezləşdirə bilər.  



Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa düşünür ki, Ermənistandakı seçkilərdə Nikol Paşinyanın qələbəsi Azərbaycan üçün optimal variantlardan biridir:


“Çünki Azərbaycanla bəyanata imza atmış qüvvənin hakimiyyətdə qalması proseslərin daha sürətlə irəliləməsinə imkan yarada bilər. Ona görə, müzakirələrin daha aktiv aparılması imkanı var.

Amma bunun nəticəsi Ermənistanda hökumət formalaşandan sonra özünü göstərəcək. Ermənistanın daxili işlərində təbii ki, maraqlı olmalıyıq. Amma əsas öz işlərimizə baxmalıyıq ki, qısa müddət içərisində prosesi yekunlaşdıraq. Çünki məsələləri vaxtında yerinə yetirmədikdə sonradan gerçəkləşməsi ləngiyir.

Əsas hədəf Zəngəzur dəhlizinin açılmasıdır. Bunu edə bilsək, bütün proseslərin bizim xeyrimizə olması dəqiqləşəcək”.



Müsavat Partiyasının Arif Hacılı xatırladıb ki, Ermənistandakı seçkilərdə Rusiya açıq-aydın eks-prezident Robert Koçaryanı dəstəkləyirdi və onun qalibiyyətini istəyirdi:


“Ermənistanda seçki yarışı faktiki olaraq, erməni əhalisi ilə Rusiya arasında gedirdi. Bu yarışda ermənilər Rusiyaya qalib gəldilər. Bizim üçün daha pis nəticə Xocalı qatili Robert Koçaryanın seçilməsi ola bilərdi. Çünki o, Azərbaycana, Türkiyəyə, Türk dünyasına qarşı aqressiv çıxışları, mövqeyi ilə seçilən, xüsusilə yuxarı Qarabağ ərazisində separatçı fəaliyyətin başında duran, oradakı azərbaycanlıları ərazilərindən didərgin salan şəxslərdən biridir.

Regiondakı siyasi münasibətlər, erməni siyasətində hansı dəyişikliklərin baş verəcəyi Nikol Paşinyanın seçilməsindən asılı olacaq. Paşinyan yenə də “Qarabağ Ermənistandır, nöqtə” və s. populist davranışlarını, Azərbaycana qarşı ərazi iddiaları irəli sürən mövqeyini davam etdirsə, münasibətlərdə inkişaf olmayacaq”.


Partiya başqanının fikrincə, Paşinyan real situasiyanı dərk edərək, həm Azərbaycan, həm də Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq, kommunikasiyaların və Zəngəzur dəhlizinin açılmasına mane törətməmək mövqeyi tutsa, bu Ermənistanın və bütövlükdə regionun maraqlarına uyğun olacaq:


“Ermənistandan yeganə istəyimiz, beynəlxalq hüquq normaları çərçivəsində Cənubi Qafqaz ölkələrinin ərazi bütövlüyünün tanınması və bu istiqamətdə əlaqələrin qurulmasıdır”.

 


Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi isə düşmən ölkədəki seçkilərin nəticələrinin bütövlükdə dövlət siyasəti ilə bağlı olduğunu vurğulayıb:

 

“Prezident İlham Əliyev də dəfələrlə deyib ki, Ermənistan və Azərbaycan münasibətləri yaxşılaşmalıdır. Paşinyan da bir neçə dəfə Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşmasına işarə edib. Bu məsələlər vacibdir. Ancaq Azərbaycan hələ ki ərazi bütövlüyünə tam qovuşmayıb. Ermənistanda revanşist qüvvələrin hakimiyyətə gəlməsindənsə, Azərbaycanın qarşısında məğlub olmuş siyasi təşkilatın qalib gəlməsi Azərbaycanın maraqlarına uyğun idi. Çünki ən azı imza atdığı vacib sənədlərə özü sadiq qalacaq. Digər məsələləri isə zaman göstərəcək. Mən Azərbaycan üçün Ermənistanda keçirilən seçkiləri hadisə hesab edirəm. Çünki Ermənistan düşmən ölkədir. Orada kimin hakimiyyətə gəlməsi Azərbaycan üçün maraqlı olmalıdır və maraqlıdır. Bu baxımdan düşünürəm ki, proseslər bizim maraqlarımızdan çox da kənarda baş vermədi”.



Vəhdət Partiyasının sədri Tahir Kərimli diqqətə çatdırıb ki, Nikol Paşinyanın qələbə çalması gözlənilən idi:

 

“Bu həm də məntiqi məsələdir. Çünki Nikol Paşinyan “10 noyabr bəyanatı”na qol çəkmiş erməni rəhbərdir. Təbii ki, o, öz imzasının icrası ilə məşğul olmalı idi. Seçkinin nəticələrini müsbət dəyərləndirirəm. Bu, Azərbaycanın xeyrinədir. Nikol Paşinyanın böyük fərqlə qalib gəlməsi o deməkdir ki, erməni xalqı “Qarabağ klanı”na yox deyir. Müharibə tərəfdarları da o qədər də çox deyil. Getdikcə regionda əməkdaşlıq fikirlərinə yönələnlər artır. Bu nəticələr ermənilərin sağlam düşüncəyə doğru dəyişməsinə inamı artırır. Onlar reallıqla barışırlar və düşünürlər ki, regionda düşmənçilik olmaz, gücləri buna yetərli deyil, başqasına güvənərək, irəli gedə bilməzlər.

Paşinyanın qələbəsi göstərir ki, Zəngəzur dəhlizinin açılması və s. kimi verilən sözlər yerinə yetiriləcək”.   



Azərbaycan Kommunist Partiyasının rəhbəri Rauf Qurbanovun fikrincə, Ermənistanda növbədənkənar parlament seçkilərinin nəticəsi  və Nikol Paşinyanın  qələbəsi göstərir  ki, erməni xalqı müharibəyə yox, sülhə, qarşılıqlı münasibətlərin inkişafına, regionda sabitliyin bərpa olunmasına və Azərbaycanla münasibətlərin tənzimlənməsinə səs verib:


“Bu da təbii olan bir haldır. Ermənistan cəmiyyəti artıq verilən boş vədlərə inanmır. Hansı ki, 20 ildən artıq bir dövrdə  Ermənistanda hakimiyyətdə olmuş cinayətkar bir qrup  insanları bu xülyaya  inandırmağa  nail oldu. Lakin, tarix saxtakarlığı qəbul etmir. Mövcud reallıq geç-tez öz yerini  tapır. Qarabağ Azərbaycanın əzəli torpaqlarıdır.
Mən bir siyasi partiya rəhbəri olaraq əminliklə onu qeyd edə bilərəm ki, üç dövlətin başçıları - Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il, noyabr ayının 10-da  əldə olunmuş  razılaşmanın  bütün bəndləri  yaxın gələcəkdə reallaşacaq. Bu da regionda davamlı sülhün və sabitliyin, region dövlətləri arasında siyasi-iqtisadi əlaqələrin yaranmasına və möhkəmlənməsinə  xidmət edəcək”.


Üm
id Partiyasının sədri İqbal Ağazadə Azərbaycanın siyasətini Ermənistanda kimin hakimiyyətdə olması, kimin qələbə çalması ilə müəyyənləşdirməsinin əleyhinədir:


“Paşinyan da özünün xələflərindən seçilməyən erməni rəhbəridir. Onu Robert Koçaryandan, Serj Sarkisyandan,  Levon Ter-Petrosyandan heç nə fərqləndirmir. Azərbaycana münasibətdə eyni mövqe sərgiləyiblər. Azərbaycan torpaqlarının işğaldan azad olunması istiqamətində hüquqi tərəfdə olmayıblar, “Böyük Ermənistan” xülyası ilə yaşayan və bunu gerçəkləşdirməyə çalışan şəxslər olublar. Sadəcə, birinin dövründə Azərbaycan Ordusu məğlub olub, digəri hakimiyyətdə olanda qələbə çalıb. Ona nəzərən mövqe sərgiləyiblər. Təfərrüat nə olacaqsa, Azərbaycan özü müəyyənləşdirəcək. Güman etmirəm ki, Nikol Paşinyan hüququn aliliyini üstün tutaraq, Ermənistan ictimaiyyətinə, Dağlıq Qarabağdakı ermənilərə müraciət edəcək, buranın Azərbaycan torpağı olduğunu, ermənilərin əsassız iddiadan əl çəkməyə çağıracaq. Paşinyan qeyri-qanuni hərəkətlərini etiraf etməyəcək. Bunu Ermənistanın heç bir rəhbəri deməyib, o da deməyəcək. Ona görə, kimin seçilməsi üzərində siyasət qurmaq mənasızdır. Sən hansı dövlət başçısını nəyə məcbur edəcəksənsə, uğurlu siyasət bu olacaq”.

  • Yazılıb
  • da (də) 2021 Jun 25
  • Göndərən جهان کمالی