Tarix : 2021 Jun 28
Kod 61416

Ermənistanda seçkilərin yekun nəticələri açıqlandı: Paşinyan istədiyini edə biləcək

Ermənistanda parlament seçkilərinin yekun nəticələri açıqlanıb. Səsvermənin ümumi nəticələri praktik olaraq dəyişməz qalsa da, Nikol Paşinyanın və Robert Koçaryanın blokları hərəyə əlavə olaraq 3 mandat da alıblar.

Arannews -Bizimyol.info xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyası bu gün erkən parlament seçkilərinin yekun nəticələrini açıqlayıb. MSK 83 seçki məntəqəsindəki səslərin yenidən sayılmasını tamamlayıb və nəticələri təqdim edib.
MSK sədri Tiqran Mukuçyanın sözlərinə görə, seçki siyahılarında 2 milyon 591 min 316 nəfər yer alıb. Onlara yeni siyahılar da əlavə edilib - 1 245 nəfər (bu yaxınlarda Ermənistana gəlmiş və daimi yaşamaq üçün icazəsi olmayanlar - red.). Digər 2.451 seçici səyyar seçki qutusundan (xəstəxanalar, qocalar evləri və s.) istifadə edərək, 500 nəfər isə elektron şəkildə (diplomatlar) səs veriblər. Cəmi 2 milyon 595 min 512 seçici qeydə alınıb. Bunlardan 1 milyon 281 min 997 nəfər və ya 49,39%  səsvermədə iştirak edib. 4593 bülleten etibarsız sayılıb.
Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq “Vətəndaş sazişi” və “Hayastan” blokları əlavə mandatlar alıblar. Mərkəzi Seçki Komissiyası səslərin sayına əsasən Ermənistan Milli Məclisinə daxil olan siyasi qüvvələrin alacağı mandat sayını təsdiqləyib.
Paşinyanın partiyası 53.91%, Robert Koçaryanın “Hayastan” bloku - 21.09% səs qazanıb. Bu nəticələrdən çıxış edən MSK-nın qərarına əsasən, ilkin olaraq Paşinyanın siyasi təşkilatı parlamentdə 68, Hayastan bloku - 26, “Şərəfim var” bloku - 7 yer alıb.
MSK sədri Tiqran Mukuçyanın izah etdiyi kimi, seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq, Paşinyanın partiyası  milli azlıqların nümayəndələri (yezidilər, ruslar, kürdlər) üçün əlavə olaraq daha 3 mandat alıb. “Hayastan” bloku isə Ermənistanın Assur icmasının nümayəndələri üçün əlavə olaraq bir mandat alacaq.
Bundan əlavə, Ermənistanın ikinci prezidenti Koçaryanın bloku daha 2 mandat alıb, çünki Mukuçyanın dediyi kimi, qanunverici orqandakı müxalifət səslərinin sayı 36 olmalıdır. Və “Hayastan” digər müxalif qüvvələrdən daha çox səs qazandığı üçün iki mandat məhz ona verilib.
Beləliklə, Paşinyanın qüvvələri 8-ci çağırış Milli Məclisdə 71 mandat, Koçaryanın “Hayastan” bloku 29 mandat və “Şərəfim var” bloku 7 mandat alacaq.
Bu nəticələrə əsasən, Paşinyan hər hansı qüvvə ilə koalisiyaya getmədən istədiyi qanunu parlamentdə qəbul etdirə biləcək.

  • Yazılıb
  • da (də) 2021 Jun 28
  • Göndərən جهان کمالی