Qurani-Kərim və hədislərə müraciət etdikdə birmənalı olaraq qadının 1-ci və ümdə vəzifəsinin həyat yoldaşına itaət və ailəsinə, övladına bağlılığı göstərilir. Çünki bu bir ilahi nizamdır.
Arannews :Bismillahir Rəhmanir Rəhim.
Qurani-Kərim və hədislərə müraciət etdikdə birmənalı olaraq qadının 1-ci və ümdə vəzifəsinin həyat yoldaşına itaət və ailəsinə, övladına bağlılığı göstərilir. Çünki bu bir ilahi nizamdır. Qadın zərifdir. Zəif yox, zərif. O artıq yük götürəndə öz təravətini itirir və təyinatından çıxaraq aqressiv və kobud bir məxluqa çevrilir. Necə ki, günümüzdə imperialist qüvvələrin hədəfinə tuş gələn qadın obrazlarında bunu bariz şəkildə görürük. Qadın iş və ictimai işlərlə o qədər yüklənir ki, incəliyini, zərifliyini, təravətini, qayğıkeşliyini, mərhəmətini, güzəşt hissini və səbrini aradan aparır. Aşağıdakı hədisdə bir qadın necə nümunəvi həyat yaşamalıdır sualına cavab veriləcəkdir:
“Bir gün Əsma binti Yezid ibn Səkər adlı xanım Peyğəmbərin hüzuruna gəlir. O, Peyğəmbərə deyir: Ey Rəsulallah, biz qadınlar ərlərimizin evində məhdudiyyət çətiri altındayıq. Ərlərimizin cinsi ehtiyaclarını təmin etmək öhdəliyimizdir. Ömrümüzün bir müddətini hamiləliklə, uşaqları tərbiyə etməklə keçiririk. İmtiyaz və fəzilətlərin çoxunu əldə etməkdən məhrumuq. Lakin siz kişilər bu imtiyazlara sahibsiniz. Cümə və camaat namazlarında, dəfn mərasimlərində və cihadda iştirak edirsiniz. Biz isə sizin paltarlarınızı hazırlayırıq, sizin övladlarınızı tərbiyə edir və saxlayırıq. İndi bilmək istəyirəm ki, bu qədər imtiyaz və uğurdan məhrum olan bizlər, bu imtiyazlara malik olan siz kişilərlə mənəvi mükafatlarınızda şərikik və ondan bizə də bir pay düşür, ya yox?
Peyğəmbər üzünü Əsmaya tutub buyurdu: Həm özün bil, həm də nümayəndəsi olduğun qadınlara izah et ki, sizin hər birinizin ərinə yaxşı baxması, ərinin razılığını təmin etmək istəməsi və onun razı olduğu işlər görməsi kişilər üçün qeyd etdiyin şeylərin (Cümə və camaat namazında iştirak, digər ictimai işlər və s.) hamısına bərabərdir. (Allah-taala sizə onların mükafatını verəcək)”
Bəli, bu hədisdə bir qadının kamil həyat proqramı izah olunmaqdadır. Əlbəttə müasir dövrümüzün bir sıra gənclərinə, xüsusən təhsilli gənc qızlara bu, qəribə gələ bilər. Amma bu həyat tərzi ən düzgün bir nizamdır. Bu gün dünyadakı bu qədər fəsad və ədalətsizliklərin artmasının səbəblərindən biri də məhz qadın faktorudur. Qaniçən Qərb ideologiyası qadına ən böyük hörmətsizliyi edərək, onu yalnız həzz vasitəsi kimi sərgiləyir. Qadın azadlığı şüarı altında əslində qadın köləliyə yuvarlanır. Halbuki dinimiz qadına yüksəq dəyər verir, özünü qoru deyir. Müasir Avropa isə, buna əsarət deyir. Amma qadına qarşı hiyləgərliyini sivil yaşayış kimi qələmə verir. Əfsus!
Vüsal Nadiroğlu
Sosial psixoloq.
Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü