Qarabağ Dirçəliş Fondunun “Karabakh.Center”internet-resursunun istifadəyə verilməsində məqsəd Qarabağa dəymiş ziyanların həcmini dünyaya çatdırmaqdır.
Arannews : Qarabağ Dirçəliş Fondunun “Karabakh.Center”internet-resursunun təqdimat mərasimi keçirilib.Mərasimdə bildirilib ki, layihədə məqsəd Qarabağa dəymiş ziyanların həcmini dünyaya çatdırmaqdır.
Təqdimat mərasimində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Milli Məclisin deputatları və ictimayyət nümayəndələri iştirak ediblər.
İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, bu böyük başlanğıcdır. Bu portal bizə imkan verəcək ki, biz mövcud vəziyyəti inventarlaşdıraq, digər tərəfdən bu məsələ ilə bağlı xarici auditoriyaları məlumatlandırmağa imkan verəcək. Portalın müxtəlif dillərdə fəaliyyəti nəzərdə tutulur.
Tədbirdə “Qarabağda Urbisid” – dağıntıların və zərərin miqyası haqqında videoçarx nümayiş etdirilib.
Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev isə mərasimdə etdiyi çıxışındabildirib ki, İşğaldan azad edilmiş Qarabağda dağıntıların miqdarı həddindən artıq böyükdür. Bizim “Qarabağ Mərkəzi” adlanan bu layihə də dünya ictimaiyyətinə bu zərərin həcmini çatdırmaq üçün yaradılıb.
Qarabağda geniş dağıntıların həcmi barədə dünya ictimaiyyətini məlumatlandırmaq kifayət edirmi? Azərbaycan Respublikasının 30 illik işğal müddətində bu ölkəyə dəyən ziyanların ödənilməsi üçün beynəlxalq hüquqi baza varmı?
Hüquqşünas Dilbər Ağayevə görə, Almaniyanın bu günədək ikinci dünya müharibəsində vurduğu ziyanları ödəməklə məşğul olduğunu nəzərə alaraq, Ermənistan da Azərbaycanca vurduğu ziyanları ödəməli olacaq. Hüquqşünasa görə, ola bilsin Ermənistan bunun üçün maliyyə vəsayitə malik olmasın ancaq ödəmə tərzi dəyişdirilə və ərazi ilə ödəmə həyata keçə bilər.
Bütün bunlara baxmayaraq bu suallar aktuallığını itirmir: Görəsən niyə Azərbaycan Respublikası rəsmi şəkildə beynəlxalq məhkəmələrə müraciət etmir. BMT-nın TŞ-nin qətnamələrini 30 ildən sonra öz gücü ilə reallaşdıran Azərbaycan Respublikası bu məsələdə hegemon dövlətlərin və qərb ölkələrinin nəzarətində olan beynəlxalq hüquqa nə dərəcədə ümid edə bilər?