Füzuli və Zəngilan rayonlarının da mina xəritələri alındı. Buna qədər Ağdamın minalanmış ərazilərinin xəritələri də alınmışdı. Yenə də, həbsdə olan erməni diversantların təhvil verilməsi qarşılığında iki rayonun minalanmış ərazilərinin xəritəsi alındı.
Arannews ;Bu hadisə ərəfəsində ABŞ-ın Azərbaycandakı səfiri Litsenbergerin bəyanatı olmuşdu; Amerika şirkətlərinin işğaldan azad olunmuş ərazilərdə işləmək üçün icazə aldığını demişdi. Bu, Azərbaycan rəhbərliyinin, Prezident İlham Əliyevin ABŞ-la diplomatik danışıqlarının uğurlu alındığına işarə və sübut idi. Çünki bundan əvvəl də Ağdamın mina xəritəsinin alınmasında ABŞ-ın rəsmi İrəvana təsiri olmuşdu. Bu da Azərbaycan rəhbərinin diplomatik uğurlarından biri kimi qiymətləndirilmişdi. Bu dəfə də eyni addım atıldı. Bu hadisənin Azərbaycan üçün çox böyük əhəmiyyəti var; əvvəla, ən əsas məsələ insan itkisinin qarşısının alınmasıdır. Yadınızdadırsa, Kəlbəcərdə jurnalistlər və hakimiyyət nümayəndələri minaya düşüb həlak olarkən və yaralanarkən qəzəblənmiş Azərbaycan cəmiyyətində həbsdə saxladığımız ermənilərin minalanmış ərazilərdə minaların təmizlənməsinə cəlb edilməsi çağırışları səsləndi. Əlbəttə, bu, həmin hadisənin təsiri altında cəmiyyətin müəyyən kəsimlərinin ilkin emosional reaksiyası idi. Ancaq Prezident İlham Əliyev, Füzuli və Zəngilanın mina xəritələrini almaqla ictimai emosional əhvalı rasional diplomatiyaya çevirərək uğurlu nəticə əldə etdi. Bu ərəfədə üçtərəfli noyabr bəyannaməsindən sonra Qarabağda həbs olunmuş silahlı erməni diversantların bir qrupunun məhkəməsi keçirildi. Azərbaycanın müxalif media resursları və bəzi blogerlər erməni diversantlara gözlənildiyindən daha az cəzalar verildiyini tənqid etdilər. Ancaq bu, rəsmi Bakının incə və uğurlu bir gedişi idi. Biz onsuz da həbsdə olan erməni diversantları türmədə əbədi saxlaya bilməyəcəyik. Barı bir işə yarasınlar. Rəsmi Bakı həm beynəlxalq birlik qarşısında öz humanist yanaşmasını göstərmiş oldu, həm də Ağdamdan sonra ən çox minalanmış iki rayonun - Füzuli və Zəngilanın mina xəritələrini ala bildi. Eyni zamanda ABŞ-ın bu prosesə qoşulması Azərbaycanın postmüharibə xəttinə Amerikanın, eləcə də, Avropa dairələrinin dəstəyini gücləndirir. Bundan başqa böyük dövlətlərin, xüsusilə, ABŞ-ın bu məsələdə iştirakı minalanmış xəritələrin doğruluğuna təminat kimi qəbul edilə bilər. Bildiyiniz kimi, xəritələrin doğru olub-olmaması haqda cəmiyyətimizdə şübhələr var. Əgər xəritə doğrudursa, yaxşı, doğru olmasa, bu, Ermənistanın ABŞ başda olmaqla dünya birliyinə meydan oxuması kimi qəbul ediləcək, nəticəsi erməni dövləti üçün ağır olar. ABŞ səfirinin: "Amerika şirkətləri, işğaldan azad olunmuş əraizilərin bərpasında iştirak edəcəklər" deməsi, rəsmi İrəvana ciddi xəbərdarlıq kimi də anlam daşıyır; mina xəritələri yanlışdırsa, bu, həmin bölgələrdə işləyəcək Amerika şirkətləri və vətəndaşları üçün də təhlükəli olacaq. Bu, Ermənistana ciddi siqnaldır.
İkinci mühüm nəticə dünyanın aparıcı güclərinin, o cümlədən, Amerika Birləşmiş Ştatlarının və Avropa ölkələrinin işğaldan azad olunmuş Qarabağın və Şərqi Zəngəzurun bərpasına qoşulması və bu bölgəyə Qərb sərmayələrinin gəlməsidir. Təsəvvür edin: ABŞ, Qarabağa sərmayə qoyacağını deyir. Eləcə də, Avropanın böyük dövlətləri. Xüsusilə, Böyük Britaniya, İtaliya, Almaniya... Hətta Fransa belə. Bu, başqa ölkələrə, transmilli və regional, milli səviyyəli şirkətlərə də işarə və çağırışdır. Ki, bu bölgəyə sərmayə yatırmaqdan çəkinməsinlər. Eyni zamanda Qarabağda yaşayan ermənilərə də siqnal və çağırışdır; Azərbaycanın yurisdiksiyası altında yaşamaq istəsələr, onlar üçün də stabillik və inkişaf dövrü başlayacaq. Eləcə də, Ermənistana qonşularla savaşaraq deyil, barışaraq öz varlığını qoruyaraq inkişaf şansı tapacağı anladılır. Son seçkilər göstərir ki, Ermənistan cəmiyyətinin əksəri Azərbaycanın və Türkiyənin bu məzmunda mesajlarını almış və anlamış kimidir. İndi, ABŞ və Avropa nəhəngləri də Azərbaycanla Türkiyənin mövqeyinin doğruluğunu təsdiqləyir. Azərbaycan zamanında Xəzərə, Amerikadan Avropaya, Rusiyadan Türkiyəyə, Yaponiyadan Səudiyyə Ərəbistanına qədər bütün tərəfləri, cinahları cəlb etməklə, onu sülh dənizinə çevirmişdi. İndi eyni strategiya Qarabağ və Şərqi Zəngəzur bölgələrimizdə həyata keçirilir. Azərbaycan prezidenti diplomatik virtuoz məharəti göstərir; 44 günlük savaşda özündən qat-qat böyük dövlətlərə hərbi master-klass keçmişdi, indi isə siyasi və geosiyasi müstəvilərdə ustalığını nümayiş etdirir. Bu, şişirtmə deyil, gerçəklikdir. Bu baş verənlər - hadisələrin bu cür inkişafı hələ də Azərbaycanın nəzarətindən kənarda qalan Xankəndinin, Ağdərənin, Xocalının, Əskəranın, başqa qəsəbə və kəndlərin də Azərbaycanın yurisdiksiyasına qaytarılmasının uzaqda olmadığını göstərir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərində Türk liderlə Azərbaycanlı məsləkdaşı İlham Əliyev arasındakı dialoqunu xatırlayırsınız. İlham Əliyev, Cıdır düzündən ali qonağa aşağıdakı Xankəndini göstərir. Ərdoğan soruşur: "Orda da oldunmu?" İlham Əliyev ürəkdən gülərək: Orda da olacam" deyir. Və Azərbaycan prezidenti Xankəndində olacağı günü getdikcə yaxınlaşdırır; döyüşsüz, qansız. Bu, asan deyil. Və 44 günlük savaşa qədər İlham Əliyevin bu mövzuda verdiyi vədlərin necə reallaşdığını gördük. Şahmatçılar da ağlına gələn ilk gedişi etmir; tələsmədən, ona ayrılmış zamandan yararlanaraq (dərindən düşünərək, dəqiq hesablayaraq) gedişlərini edir. Tələsərək yanlış gediş etməkdənsə, diqqətli, ehtiyatlı olub doğru variantı oynayır. Siyasət, bax, budur.
Sonda; bəlkə kimsə düşünə bilər ki, Füzuli və Zəngilanın mina xəritələrini almaq nə qədər əhəmiyyətlidir?! İki şey düşünün: birincisi, Füzulidən düşmənin ən çox möhkəmləndirilmiş cəbhə xətti keçirdi. Bu bölgədə itkilərimiz də çox oldu. Və təbii ki, düşmənin ən çox mina basdırdığı iki bölgədən biridir. İkincisi, Füzuli Qarabağın infrastruktur xabı (qovşağı) sayıla bilər. Bunu anlamaq üçün, sadəcə, xəritəyə baxmaq yetərlidir. 1993-cü ildə Füzulinin işğalı daha 3 rayonun işğalına, hətta Zəngilanın mühasirəyə düşməsinə səbəb olmuşdu. İndi Füzulinin inkişafı Cəbrayılın, Qubadlının və Zəngilanın da bərpası və yenidən qurulması üçün əsas faktorlardan biridir. Füzulidə beynəlxalq hava limanı tikilir. Burdan Zəngilana dəmiryolları, avtomobil magistralı çəkilir. Füzulidən Şuşaya "Zəfər yolu" salınır. Biz hələ bu bölgələrin kənd təsərrüfatı üçün necə mühüm olduğunu demirik. Füzulidən Ağdama da gələcəkdə yol açıla biləcək. Füzulidən Qubadlı və Şuşa vasitəsilə Laçına və Kəlbəcərə real, eləcə də, Xocavənddən keçməklə Xankəndinə və sair ərazilərə potensial keçid imkanları var. Zəngilana gəlincə, İranla Ermənistanın Azərbaycanla həmsərhəd olduğu bölgədir; Zəngəzur dəhlizinin bir xətti burdan keçəcək. Buna görə Füzuli və Zəngilanın mina xəritələrinin alınması çox mühümdür. Hər iki bölgənin İranla sərhəddə yerləşməsi də bu önəmi daha da artırır. Və bütün bunları təhlil edərkən Ağdamın, Füzulinin, Zəngilanın minalanmış xəritələrinin alınması 44 günlük savaşda Füzulinin, Zəngilanın döyüşlə, Ağdamın döyüşsüz azad olunması qədər əhəmiyyətlidir. Prezident Əliyev müharibənin 10 noyabrla başlayan döyüşsüz qələbələr seriyasını davam etdirməkdədir. Bu son diplomatik uğuru da belə qiymətləndiririk; hərbi qələbələr diplomatik qələbələrlə möhkəmləndirilir. Birmənalı belədir.