Tarix : 2021 Jul 12
Kod 61454

MQ həmsədr ölkələrinin səfirləri Şuşaya getmədilər

ABŞ, Rusiya və Fransa səfirləri Şuşaya getməkdən imtina edibər. Onların bu qərarı qəzəblə qarşılanıb.

Arannews :Azərbaycan hökumətinin dəvəti ilə iyulun 9-da və 10-da Füzuliyə, oradan isə Şuşaya səfər edən xarici ölkə səfirlərinin arasında ABŞ, Rusiya və Fransa səfirləri olmayıb. Bu məlumata görə, həmin ölkələrin səfirləri Azərbaycan hökumətinin dəvətini qəbul etsələr də, son anda Şuşaya getməkdən imtina ediblər.
Azərbaycan prezidentinin köməkçisi, diplomatları səfərdə müşaiyət edən Hikmət Hacıyev jurnalistlərə bildirmişdi ki, bu səfər şəxsən Prezident İlham Əliyevin tapşırığı ilə təşkil olunub.
Virtual.az portalı öz təhlilində yazır ki, indiki halda məhz Minsk Qrupunun həmsədri olan ölkələrin Bakıdakı səfirləri uzlaşdırılmış mövqe nümayiş etdiriblər. Və onların bu cür qeyri-diplomatik demarşının səbəbləri haqda düşünmək, təxminlər yürütmək lazım gəlir. Belə görünür ki, həmsədrlər hələ də ölü vəziyyətdə olan Minsk Qrupu formatında danışıqların bərpasına ümid edirlər və Yerevanla körpüləri yandırmaq istəmirlər. Hərçənd əhalisi lap münaqişənin əvvəlindən azərbaycanlılardan ibarət olmuş Şuşanın Qarabağda yaşayan ermənilərə dəxli yoxdur.
Müəllif hesab edir ki, bu demarş Azərbaycanın həmin ölkələrlə gələcək münasibətlərinə təsirsiz ötüşməyəcək. Və belə mövqe ictimaiyyətin nəzərində həmin ölkələrlə gləcək münasibətlərin inkişafına ciddi ziyan vurmuş olacaq. Onların hərəkəti təkcə Azərbaycan hökumətinə deyil, bütün ölkə ictimaiyyətinə qarşı təhqirdir.
Məqalənin davamında deyilir: Vaşinqtonun ermənipərəst mövqeyi ilə ilk dəfə deyil ki, qarşılaşırıq. Bəs Azərbaycana dost hesab edilən Rusiyanın hərəkətini necə izah edək? Son on il ərzində ilk dəfədir ki, Rusiya diplomatı ABŞ diplomatı ilə bu cür həmrəylik nümayiş etdirir.
İlham Əliyev öz çıxışlarında dəfələrlə deyib ki, Minsk Qrupunun həmsədrləri müharibənin nəticələrinin aradan qaldırılması barədə yox, davam etməkdə olan Azərbaycan-Ermənistan qarşıdurmasının dərinləşdirilməsini yolunu seçiblər.
Bəlkə elə ona görədir ki, sözü gedən dövlətlər indiyəsək bircə dəfə olsun belə Azərbaycan dövləti və xalqını 44 günlük müharibədə əldə edilmiş qələbə münasibətilə təbrik etməyə hazır olmamışlar.

  • Yazılıb
  • da (də) 2021 Jul 12
  • Göndərən جهان کمالی