Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun nəşi tapılaraq, şəxsiyyəti müəyyənləşdirilməklə aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlərin görülürməsi təmin olunub.
Bu barədə Arannews - Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq, şəxsiyyətlərinin müəyyən olunmaqla doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilib, həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.
Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə intensiv həyata kecirilmiş əmaliyyat-istintaq tədbirləri, Müdafiə və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən bu istiqamətdə aparılmış müntəzəm iş nəticəsində itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması, şəxsiyyətlərinin müəyyən olunaraq meyitlərinin aidiyyəti üzrə təhvil verilməsi təmin olunub.
Bundan əvvəl verilmiş məlumatlara əlavə olaraq bildirilir ki, itkin düşmüş daha bir hərbi qulluqçunun –kapitan Pənahov Əkbər Bəylər oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin edilib.
İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.