Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə bir qrup jurnalist Ağdamda Qızıl Kəngərli kəndində, Xaçınçay su anbarı və ondan ayrılan beton kanalın ətrafının minalardan təmizlənməsi prosesi ilə tanış olur.
Arannews :APA-nın Ağdama ezam olunmuş əməkdaşının məlumatına görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minatəmizləmə qrupunun komandiri, baş leytenant Süleyman Heydərov bildirib ki, digər dövlət qurumları ilə yanaşı, FHN-in qüvvə və vasitələri də işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işlərinə cəlb edilib. Tapşırıqların icrası məqsədilə Xidmətin istehkam və pirotexnik bölmələrinin şəxsi heyətindən ibarət minatəmizləmə qrupları formalaşdırılıb.
Həmin qruplar Mülki Müdafiə Qoşunlarının tibbi təxliyə qrupları ilə birgə bölgəyə ezam ediliblər. Minatəmizləmə qrupları Türkiyədə müvafiq kurslar keçib və beynəlxalq sertifikatlarla təmin ediliblər.
S. Heydərov deyib ki, ilkin tapşırığa əsasən, Ağdamda Xaçınçay su anbarının ətraf ərazisi və anbardan ayrılan beton suvarma kanalının sağ-sol sahili təmizlənməlidir: “Qruplar hazırda bu təmizlənmə işlərini həyata keçirir. Tapşırıqların icrası dövründə ərazidə minalarla yanaşı, mina qədər təhlükəli gücə malik partlamamış hərbi sursatlar tapılıb və müvafiq tədbirlər görülüb. Eyni zamanda aviabombalar vasitəsilə atılan bombacıqlara da rast gəlinib. Bunlar tennis topları boydadır və ərazidə olanların diqqətini cəlb edə bilər.
Buna görə də hər kəsə çağırış edirəm ki, belə sursatlarla qarşılaşdıqda FHN-in 112 zəng mərkəzinə məlumat versinlər”.