İyulun 22-də Bakı İnzibati Məhkəməsində "Arqument.az" saytının Mərkəzi Seçki Komissiyasına (MSK) qarşı iddiasına baxılıb.
Arannews -Bu barədə "Toplum TV"yə saytın baş redaktoru Şəmşad Ağa məlumat verib.
O bildirib ki, məhkəmə prosesi 2020-ci ilin fevral ayından davam edir.
Jurnalistin dediyinə görə, MSK onun 2020-ci ilin fevral ayında növbədənkənar parlament seçkiləri ilə bağlı göndərdiyi informasiya sorğusunu təmin etməyib.
"2020-ci il fevral ayının 9-da keçiriləcək növbədənkənar Parlament seçkiləri ilə bağlı informasiya sorğusu göndərmişdik. Orada qeyd etmişdik ki, seçkidə iştirak edən və "exit-poll" keçirən keçirən təşkilatlarla bağlı məlumat verilsin. Amma MSK bu sorğuya cavab vermədi. Pandemiya dövründə məhkəmə bir neçə dəfə təxirə salınsa da, indiyə qədər bir neçə məhkəmə prosesi keçirilib, amma MSK məhkəməyə heç bir nümayəndə göndərməyib. Bugünkü məhkəmədə də nümayəndələri iştirak etmədi və hakim Elvin Əliyev məhkəmə prosesini oktyabr ayının 13-dək təxirə saldı", - Şəmşad Ağa belə deyib.
Jurnalist deyir ki, MSK Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsini, habelə "İnformasiya əldə etmək haqqında" Qanunun və "KİV haqqında" Qanunun tələblərini kobud şəkildə pozub: "Həmin informasiyalar dövlət sirri deyil, açıq informasiyalardır, amma MSK onları hərbi və kommersiya sirri kimi gizlədib heç bir məlumat vemədi".
Ş. Ağa deyib ki, prosesi davam etdirməkdə israrlıdır və məhkəmədən tələb edir ki, MSK-nın qanun pozuntusunu qeydə alsın.