Qədir-Xum bayramı ərəfəsində İslam dünyasının şiəlik paytaxtının təzahüru sayılan Təbrizin Göy məscidində İran, Azərbaycan, Rusiya, Gürcüstan, İraq, Almaniya, Yəmən və Türkiyənin türkdilli şairlərindən bir qrupunun iştirakı ilə Birinci Beynəlxalq Qədir Türk Şeiri Konqresi keçirildi.
AranNews – Redaksiyamızın Şərqi Azərbaycan İncəsənət Dairəsinin ictimai əlaqələr bölməsinə istinadla verdiyi xəbərə görə, Qədir-Xum bayramı ərəfəsində 27 iyulda İslam dünyasının şiəlik paytaxtının təzahüru sayılan Təbrizin Göy məscidində İran, Azərbaycan, Rusiya, Gürcüstan, İraq, Almaniya, Yəmən və Türkiyənin türkdilli şairlərindən bir qrupunun, habelə İranın mədəniyyət xadimlərinin iştirakı ilə Birinci Beynəlxalq Qədir Türk Şeiri Konqresi keçirildi.
Konqresin yekun mərasimində İslam İnqilabı İncəsənət Dairəsinin direktoru Məhəmmədməhdi Dadman iştirakçıları Qədir-Xum bayramı münasibətilə təbrik edərək dedi: “Bölgə ölkələrinin qardaşlıq və birlik ömrü, bu bölgədəki mədəniyyətə və sivilizasiyaya hücum edən ölkələrin qurulmasının ömründən daha uzundur. Bu qardaşlıq təkcə ortaq mədəniyyət və etiqada söykənməklə dərinləşə bilər. Dünyanın hər hansı bir yerində mədəniyyət diplomatiyamızın təməlinin mədəni ortaqlıqlara söykənəcəyinə inanırıqsa, şübhəsiz ki, bu vacib bölgədəki İslam mədəniyyəti və sivilizasiyasının tutumuna ciddi yanaşacağıq.”
Mərasimdə çıxış edən Şərqi Azərbaycan İncəsənət Dairəsinin direktoru Seyid Məhəmmədhüseyn Bəlaği konqresin əsas məqsədlərini açıqlayaraq dedi: “Bu mərasimin təşkilində məqsəd şiələrin birlik və vəhdətini isbat etmək, türkdilli şairləri tanıtmaqdır. Bu gün Təbriz İranla yanaşı Türkiyə, Azərbaycan, Gürcüstan, İraq, Rusiya və Suriyadan gəlmiş şairlərə evsahibliyi etmək iftixarına nail olmuşdur və bu, çox dəyərli bir nailiyyət sayılır.”
Yekun mərasiminin davamında Beynəlxalq Qədir Fondunun icraçı katibi höccətül-islam Həsən Kamilifər dinin təbliğində şeiri ən təsirli vasitə adlandıraraq dedi: “Şeir, Peyğəmbərin (s) Qədir-Xum mövzusunu təbliğ və izah etmək üçün istifadə etdiyi ilk vasitə idi. Şeirin əhəmiyyət və təsirli olması baxımından qeyd etmək lazımdır ki, mərhum Əllamə Əmininin “Əl-Qədir” kitabının 8 cildində I əsrdən XII əsrə qədər “Qədiriyyələr” yazılmış şeriləri toplamışdır. Habelə, böyük şairlər həmişə şeirləri ilə din təbliğatçıları olublar. Kümeyt ibn Zeyd Əsədi, Debel Xuzai, Seyid İsmayıl Humeyri, Şafiyə Əbu Fəras Həmdani, Şeyx Səfiyəddin Hilli, İbn Həssam Xusifi, Möhtəşəm Kaşaninin şeirləri, Ayətullah Məhəmmədhüseyn Ğərəvi İsfahani (Kompani), Şəhriyar, Abid Təbrizi və müsəlman ölkələrinin digər şairlərinin şeir, mərsiyyə və mədhləri İslam dininin və Qədir-Xum mövzusunun təbliği üçün istifadə edilmişdir.”
O, çıxışının sonunda Qədir-Xum mövzusunun məzlum olduğunu vurğulayaraq dedi ki, Qədir-Xum hadisəsinə heç vaxt yetərincə diqqət ayrılmayıb. İslam Peyğəmbərinin (s) göstərişinə əsasən, Qədir-Xum hadisəsini qəriblikdən çıxarmalı, onun nurani simasından zülm tozunu silməliyik.
Birinci Beynəlxalq Qədir Türk Şeiri Konqrsinin yekun mərasimində iştirak edən xarici qonaqlar arasında Azərbaycandan Abbas Abdullah, Türkiyədən Əli Kəran, İraqdan Rəcəb Bərbəroğlu birinci, ikinci və üçüncü yerləri tutublar və seçilmiş şair kimi tanıdılıblar.
İrandan isə Şəbgir Təbrizi, Əmir Rəsuli və Behzad Geranmaye birinci, ikinci və üçüncü yerləri tutublar, Bilal Kəmali isə xüsusi hissədə seçilmiş şair kimi tanıdılıb.
Konqresin yekun mərasimində Vəliyyi-fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi və Təbriz imam cüməsi höccətül-islam vəl-müslimin Ali Haşim, Mədəniyyət və İrşad İdarəsinin baş direktoru Seyid Qasim Nazimi, Şərqi Azərbaycan Əyalətinin İslami Təbliğat Təşkilatının baş direktoru höccətül-islam Şəbani də iştirak edib.