“Penitensiar Xidmətin Bakıdakı 17 saylı cəzaçəkmə müəssisəsində qanunsuzluq hökm sürür. Müəssisənin rəisi hər gün insan hüqüqlarını pozur, işgəncə geniş tətbiq olunur, təzə gələn məhbuslara işgəncə verilir. Hər şeyə görə rüşvət tələb olunur”.
Arannews : Bu barədə 17 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhbus, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Əlizamin Salayevin audiomüraciətində deyilir.
Salayev deyir ki, səhhəti ağır durumda olmasına baxmayaraq, onun tələbilə yanına həkim gətirilmir. Salayevin sözlərinə görə, məhbuslar ağır şəraitdə yaşamaq ücün çarpışırlar, azad dünyanın onların əzabları barədə xəbərləri yoxdur. O, təcili yardım istəyir.
Öz növbəsində, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Turan-a bildiriblər ki, cəzaçəkmə müəssisələrində nə rüşvət, nə də işgəncə halları yoxdur.
“Məhbuslar narazılıqlarını telefonla Qaynar Xəttə, Penitensiar Xidmətə, hüquq-mühafizə orqanlarına çatdıra bilərlər. Həftədə iki dəfə onlara 15 dəqiqəlik telefonla danışmaq imkanı verilir və telefonun üzərində “Qaynar Xətt”in nömrəsi göstərilib. Zəng edib şikayətlərini versinlər”, deyə Penitensiar Xidmətin əməkdaşı qeyd edib.
Xalq Cəbhəsi Partiyasının Salyan şöbəsinin fəalı Əlizamin Salayev 2021-ci il aprelin 20-də Salyan Rayon Məhkəməsinin hökmü ilə 2 il 3 ay müddətinə azadlıqdan məhrum olunub. Salayev Salyan Rayon Polis İdarəsinin bölmə rəisi Həmzə Əzizovun şikayəti əsasında həbs edilib.
Bir müddət öncə Salayev sosial şəbəkədə video yayaraq, Həmzə Əzizovu qanunazidd və polis əməkdaşına yaraşmayan hərəkətlərdə günahlandırıb. Bundan sonra Əzizov Salyan Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldıraraq Salayevin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyib. Məhkəmə polisin şikayətini təmin edib.
Contact.az