Azərbaycan Respublikası ilə əlaqələrin daha da genişləndirilməsi üçün böyük addımlar atacağıq.
Arannews -Axar.az xəbər verir ki, bunu İranın yeni seçilən Prezidenti Seyid İbrahim Rəisi deyib.
İran Prezident bildirib ki, müştərək tarixə, dinə və milli adət-ənənəyə malik olan qonşu və dost dövlətlər böyük potensiala malikdirlər. Bu potensialdan istifadə edib qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini daha yüksək səviyyəyə qaldırmaq lazımdır.
Seyid İbrahim Rəisi qeyd edib ki, yeni hökumət yaxın qonşuları ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirəcək. Bu baxımdan Azərbaycan İranın yaxın qonşusu və dost dövlətdir. Hazırda İran ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən əlaqələr mövcuddur. Lakin bu əlaqələr daha da inkişaf edə bilər. İqtisadiyyat, texnologiya, kənd təsərrüfatı sahələrində qarşılıqlı əməkdaşlıq üçün böyük imkanlar var. İran şirkətləri işğaldan azad olunan Azərbaycan ərazilərinin bərpasında yaxından iştirak etməyə hazırdırlar.
Prezident diqqətə çatdırıb ki, regional təhlükəsizlik məsələsində də iki dövlətin əlaqəli fəaliyyəti zəruridir. Regionda sülhün və əmin-amanlığın davamlı xarakter alması üçün birgə addımların atılması vacibdir. Rəsmi Tehran və Bakı xalqların mənafeyi üçün daha sıx əməkdaşlıq əlaqələri qurmalıdır və əlaqələr davamlı xarakter almalıdır.