Milli Məclisin qərarı ilə toxunulmazlıq hüququ ləğv edilən və hazırda həbsdə olan deputat Eldəniz Səlimov apelyasiya şikayəti verib.
“Arannews -Report”un məlumatına görə, o, barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyir.
Şikayətə avqustun 11-də Bakı Apelyasiya Məhkəməsində baxılacaq.
İyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.
Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Milli Məclisin 3 avqustda keçirilən növbədənkənar sessiyasının iclasında E.Səlimovun deputat toxunulmazlığına xitam verilib.
Həmin gün Binəqədi Rayon Məhkəməsi onun barəsində 3 ay həbs qətimkan tədbiri seçib.