Türkiyənin hakim Ədalət və Qalxınma Partiyasının (AKP) bağlanması iddiası ilə bu il martın 14-də baş prokuror Əbdürrəhman Yalçınkaya çıxış edib
Türkiyə Servisi/Aran Agentliyi
Türkiyə Konstitusiya Məhkəməsi hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qapadılması prosesində dünəndən son mərhələyə başlayıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, davamlı iclaslara başlayan Konstitusiya Məhkəməsi ilk iş günündə saat 22:00-a qədər çalışıb.
Xatırladaq ki, Türkiyənin hakim Ədalət və Qalxınma Partiyasının (AKP) bağlanması iddiası ilə bu il martın 14-də baş prokuror Əbdürrəhman Yalçınkaya çıxış edib. O, AKP-nin ölkədə dünyəvi rejimi dəyişməklə dini rejim qurmaq istədiyini iddia edərək, partiyanın qapadılmasını, prezident Abdullah Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan və parlamentin keçmiş spikeri Bülənt Arınç başda olmaqla 71 nəfərin siyasi fəaliyyətinə qadağa qoyulmasını tələb edir. AKP baş nazirin müavini, hökumət sözçüsü Cəmil Çiçək vasitəsilə yazılı özünümüdafiə çıxışı təqdim edib. Daha sonra reqlamentə uyğun olaraq Konstitusiya Məhkəməsinin məruzəçisi Osman Can məruzə hazırlayıb və AKP-nin qapadılması barədə baş prokurorun iddiasının rədd olunmasını təklif edib.
“Ergenekon” iddianaməsi və İstanbuldakı partlayışlar fonunda keçirilən iclasın ilk günü maraqlı hadisə ilə başlayıb. İzmirdə yaşayan Ömər Özgür Kormaz adlı vətəndaşın vəkili Mustafa Kamal Turan Konstitusiya Məhkəməsinin dörd hakiminin prosesdən kənarlaşdırılması haqda vəsatətlə çıxış edib. Müzakirələrdən sonra vəsatət rədd olunub. Daha sonra Konstitusiya Məhkəməsinin məruzəçisi Osman Canın məruzəsi müzakirə olunub. Konstitusiya Məhkəməsi dünən baş prokuror Əbdürrəhman Yalçınkayanın iddiasını əsaslandıran dəlillərlə də tanış olmağa başlayıb. Müzakirələr bu gün davam etdiriləcək.
Qeyd edək ki, AKP-nin qapadılması üçün Türkiyə Konstitusiya Məhkəməsinin 11 hakimindən 7-sinin qərarın lehinə səs verməsi lazımdır. Məhkəmənin əsas üzvlərindən biri iclasda iştirak etməzsə və ya qərar çıxarılan günə qədər təqaüdə çıxarsa, o zaman onun yerinə ehtiyat üzvlərdən biri səs verəcək. Bundan öncə Konstitusiya Məhkəməsi Fəzilət Partiyası haqqında qapatma qərarını 11 gün ərzində, Rifah Partiyası haqqında qapatma qərarını isə 8 gün ərzində çıxarmışdı.