Tarix : 2021 Aug 25
Kod 61591

Azərbaycan “Zəngəzur platforması” yarada bilər...

İkinci Qarabağ müharibəsi bitəndən sonra Azərbaycan və Ermənistan arasında kommunikasiyaların bərpası, quru yolla dəhliz açılması kimi məsələlər gündəmdədir. Amma hələ də Ermənistan tərəfi işə birmənalı yanaşmır?

Arannews :Maraqlıdır, Azərbaycan xarici ictimaiyyətin marağını Zəngəzura çəkmək üçün “Zəngəzur platforması” yarada bilərmi?
Deputat Fazil Mustafa  bildirib ki, “Zəngəzur platforması” yaradıb, bura digər maraqlı ölkələri cəlb edə bilərik:
“Bizim Zəngəzura tarixi ərazi olaraq iddiamız var. Oranı azərbaycanlıların tarixi torpaqlarına qayıdışı kimi baxımından qiymətləndirə bilərik. İşğala qarşı mübarizəmizi aparırıq, bu torpaqların qaytarılması üçün çalışırıq.  Zəngəzur bu gün bizim üçün əlaqələrin qurulması baxımından çox vacibdir. “Zəngəzur platforması” yaradıb ondan istifadə edə bilərik.

“Zəngəzur dəhlizi” açılmazsa, “Laçın dəhlizi”ni də bağlamalıyıq. Burada həmçinin, iqtisadi bir platforma da yarada bilərik. Maraqlı bölgə dövlətlərini cəlb edə bilərik. İran, Gürcüstan, Türkiyə, Rusiya ilə bu platformanı yarada bilərik. Məsələnin mahiyyətinə uyğun olaraq da davranmağımız vacibdir. Təbii ki, bunun Ermənistan üçün də siyasi çalarları var. Amma biz bura siyasi çalarlardan çox, digər maraqlı ölkələri cəlb etməliyik”.
Milli Məclisin digər deputatı Məlahət İbrahimqızı isə qeyd edib ki, “Zəngəzur platforması”nın yaradılması təbliğat baxımın çox vacibdir:
“Təkcə “Zəngəzur platforması” deyil, hesab edirəm ki, Qərbi Azərbaycanda itirilmiş torpaqlarımızın hamısı üçün fikirlər səsləndirilməlidir. 1930-cu ilə qədər Göyçə mahalı Azərbaycanın ərazisi olub. Vaxtı ilə Zəngəzur, İrəvan hamısı Azərbaycan  torpaqları olub. Ona görə də belə bir platformaların yaradılması xaricdə təbliğatın daha da gücləndirməsinə gətirib çıxara bilər. Biz neçə illərdir ki, erməni lobbisi ilə mübarizə aparırıq. Azərbaycan əleyhinə təbliğat maşını elə təqdim edib ki, guya ora Ermənistan torpağıdır. Bu, tamamilə yanlışdır, Qafqazda “qədim erməni torpağı” deyilən bir anlayış yoxdur.


Bugünkü Ermənistanın mövcud olduğu yer Azərbaycan torpağıdır. Ona görə də Zəngəzur, Göyçə və s. platformaların yaradılması ilə ermənilərin bu günə qədər Azərbaycan xalqı əleyhinə apardığı əks-təbliğatı dağıtmaq olar. Neçə illərdir ki, sübut etməyə çalışırdılar ki, Qarabağ Ermənistanındır, amma biz bu fikirləri yıxdıq. Göyçə, İrəvan, Zəngəzur da Azərbaycan torpaqlarıdır. Azərbaycan xalqı yenidən müharibəyə başlamaq niyyətində deyil, amma biz qədim torpaqları yenidən bərpa edəcəyik. Bu platforma ilə xarici ictimaiyyəti də maarifləndirə bilərik”.
Deputatı Elşad Mirbəşir bildirib ki, “Zəngəzur platforması”nın yaradılması həm geosiyasi, həm də geoiqtisadi mənada çox önəmlidir:
“Dünyanın aparıcı gücləri də Zəngəzurun əhəmiyyətini çox yaxşı dərk edirlər. Zəngəzur tarixi İpək yolunun çox mühim seqmentlərindən biri ola bilər. Avropa bazarına rahat çıxış imkanlarını əhəmiyyətli dərəcədə genişləndirər. Bu kimi platformaların yaradılmasını istəyən ölkələrin də arealı kifayət qədər genişdir. Təbii ki, buna qarşı olan bəzi beynəlxalq subyektlər tapılacaq. Amma bütövlükdə hesab etmək olar ki, bu torpağın əhəmiyyətini dünya ölkələri qəbul edib. Azərbaycan buranın əhəmiyyətini dünya miqyasında təbliğ edir.


Bir daha vurğulamaq lazımdır ki, “Zəngəzur dəhlizi” çox ölkəyə töhfə verəcək. Beynəlxalq subyektlər bu dəhliz vasitəsilə yeni kommunikasiyanın əsasını qoya bilərlər. Məlumatlanma işimiz də kifayət qədər  intensivdi. Nəzərə almaq lazımdır ki, burada Çin, Rusiya kimi nəhəng ölkələr də maraqlıdır”.

  • Yazılıb
  • da (də) 2021 Aug 25
  • Göndərən جهان کمالی