Müsəlman Birliyi Hərəkatının üzvü Abbas Hüseyn "Gəncə hadisələri"nə görə verilən hökmlərə münasibət bildirib.
Arannews -Rakurs.tv Abbas Hüseynin həbsxanadan göndərdiyi məktubu olduğu kimi təqdim edir:
"Yenə də repressiyalar, yenə də haqsızlıqlar, ədalətsiz məhkəmə qərarları, sifarişli hökmlər, bu işlərin acı nəticələrindən acı çəkən günahsız insanlar, gözü yaşlı analar, valideynlər, intizar çəkərək gözləri qapıya baxan körpələr. Ümidləri gələcəkləri ilə məhv olunmuş neçə-neçə ailələr. Gəncə hadisələrində həbs olunanların şərləndiklərini hər kəs bilir. Bu işin əsas səbəbkarlarının da rəhbərlikdə olanların olduğu dəfələrlə müxtəlif formalarda etiraf edilib. Sistemdə olunan dəyişikliklər; Mehdiyevlərin, Həsənovların getməsi ilə həqiqətlərin qorunmasına ümidlər yaransa da, görünən odur ki, kadrlar dəyişsə də, təfəkkürlər dəyişilməyib. Eynən üstü göz oxşayan, mühərriki dəyişilməyən köhnə texnikalar kimi.
Maraqlıdır ki, erməniyə rəhim edən, ən cinayətkar qan içənlərə humanistlik göstərənlər-günahsız yerə tutulan öz vətəndaşlarına, "Gəncə hadisəsi" ilə həbs olunanlara niyə humanistlik göstərmədilər? Bu günahsız insanları kimlər öldürüb? Harda "terror" törədilib? İstədikləri bu olub ki, Gəncə şəhərində haqsızlıqlar olmasın, dəyərlər tapdalanmasın. Bu insanlar ömürlük, 20 il həbs olunduğu halda əsas cinayətkarlara, neçə-neçə əsgərimizi öldürüb, vətəndaşlarımıza qan udduranlara 6 ay, 6 il həbs verdilər. Bu işləri görənlər bilsinlər ki, insanlıq tarixində etdiyiniz bu biabırçılıqlar unudulmayacaq".