Azərbaycan “Siyasi Məhbuslara Azadlıq” İttifaqı ölkədə olan siyasi məhbusların yenilənmiş siyahısını dərc edib. Siyahıya 122 nəfərin adı daxil edilib.
Arannews -Siyahıya yeni daxil edilənlər Xalq Cəbhəsi Partiyasının üzvü Aqil Hümbətov, “Müsəlman Birliyi” hərəkatının fəalı Razi Hümbətov və “Gəncə işi” üzrə həbs edilmiş daha iki nəfərdir.
Siyasi məhbuslar altı qrupa ayrılıb: “Jurnalistlər və blogerlər” – 7 nəfər, “Müxalif partiyaların və hərəkatların üzvləri” – 7 nəfər, “Dindarlar” – 20 nəfər, ““Tərtər işi” üzrə həbs edilənlər” – 27 nəfər, ““Gəncə işi” üzrə həbs edilənlər” – 47 nəfər, “Ömürlük məhbuslar” – 14 nəfər.
Siyahı keçmiş Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və “Siyasi Məhbusların Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədri Elşən Həsənov tərəfindən tərtib edilib.
Azərbaycan hökuməti ölkədə siyasi məhbusların olmadığını bildirir. Dövlət rəsmiləri insanların qanun qarşısında bərabər olduğunu, siyasi iradəsinə görə təqiblərin olmadığını bəyan edirlər.
Xatırladaq ki, Azərbaycanda ondan çox insan Beynəlxalq Amnistiya hüquq müdafiə təşkilatı tərəfindən “vicdan məhbusu” elan edilib.