Azərbaycan hökuməti Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmləri müzakirə edir.
Arannews : Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə danışıb.
Hikmət Hacıyev bildirib ki, müzakirələr Qarabağda Rusiya sülhməramlılarının fəaliyyəti və əməliyyatlarının Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr tarixli üçtərəfli bəyanatına əsasən aparılır:
"10 noyabr üçtərəfli razılaşması sülhməramlı qüvvələr üçün siyasi və müəyyən dərəcədə hüquqi çərçivəni müəyyən edib".
"Əlavə razılaşmalara və sülhməramlıların mandatı barədə əlavə hüquqi mexanizmlər məsələsinə gəldikdə, tərəflər arasında bu barədə ilkin əlaqələr olub və müəyyən müzakirələr hələ davam edir", - deyə H.Hacıyev söyləyib.
O deyib ki, bütün Qarabağ Azərbaycanın suveren ərazisidir, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və 10 noyabr bəyanatına uyğun olaraq sülhməramlı qüvvələr Azərbaycanın Qarabağ bölgəsinin müəyyən bir hissəsində müvəqqəti olaraq yerləşdiriliblər.
Siyasi icmalçı Zaur Şiriyev Hikmət Hacıyevin açıqlamasını Meydan TV-yə şərh edərkən bildirib ki, Rusiya sülhməramlılarının mandatından söhbət gedərkən əsasən texniki və siyasi məsələ önə çıxır:
"10 noyabr bəyanatından sonra rus hərbçiləri bölgədə müvəqqəti yerləşdirilsə də, onların hansısa hadisəyə necə reaksiya verəcəyi açıqlanmayıb, yaxud bu cür məsələlər tənzimlənmir. Hormal şəraitdə onların hərəkət istiqaməti, hadisələrə necə reaksiya verməsi, Rusiya-Türkiyə Mərkəzinin rolu tənzimlənməlidir. İkinci məsələ isə daha çox siyasidir. Bəziləri düşünür ki, Azərbaycan Rusiya Sülhməramlılarına mandat verməklə onları legitimləşdirir, amma əslində, hökumət onları dəvət etməklə sülhməramlılara mandat verib. Hazırda söhbət hüquqi mandatdan gedir. Hüquqi mandatın isə müsbət və mənfi cəhətləri var, bu, necə və hansı tərəfdən qiymətləndirməkdən asılıdır".
Zaur Şiriyevin sözlərinə görə, onda olan məlumata əsasən, rəsmi Bakı sülhməramlıların mandat müzakirəsini yalnız Moskvayla aparmaq istəyir:
"Çünki beynəlxalq hüquq baxımından Qarabağ Azərbaycan ərazisidir, sülhməramlılar da Bakının icazəsiylə bölgəyə gəlib. Rusiya isə mandat müzakirələrinin yekun sənədində Ermənistanın imzasının olmasında maraqlıdır və bunu 10 noyabr bəyanatında Paşinyanın imzasının olmasıyla əlaqələndirir. Hüquqi baxımdan Azərbaycan haqlıdır, bir daha deyirəm, çünki Bakı Rusiya sülhməramlılarını öz ərazisinə qəbul edib".
Politoloq Azər Qasımlı hesab edir ki, İlham Əliyev Rusiya sülhməramlılarını Azərbaycan xalqının xəbəri olmadan ölkəyə buraxıb:
"10 noyabr sazişi gecə imzalanıb və o saatlarda Azərbaycan xalqı yatmışdı. Məsələ ondadır ki, Əliyev həmin sənədi yalnız Paşinyanla yox, Putinlə də imzalayıb, yəni 3 dövlət başçısının imzası var. Əgər saziş Azərbaycan və Ermənistan arasında olsaydı, daha çox iki ölkə münasibələrini tənzimləyən sənəd olardı. Yaxud əksinə, Moskva-Bakı arasında olsaydı, Ermənistanın sazişə hər hansı aidiyyatı olmazdı. Amma saziş üçlü sənəddir və Əliyev bu sənədə imza atmaqla Kremlə "kozır" verdi ki, sənəd 3 tərəf arasında imzalanıb. Belə olanda Bakı yalnız bir tərəflə danışıq apara bilmir. Ona görə Rusiyanın Ermənistanın da danışıqlara cəlb etməsi gözləniləndir. Bütün hallarda bu prosesdə oyun qaydalarını Rusiya qurur. Əgər Azərbaycan Rusiyanın daxili və ya xarici siyasətlə bağlı istəklərinə müsbət cavab versə, danışıqları Bakıyla apara bilərlər".
Azər Qasımlı yaxın 5 ildə Bakının Rusiya sülhməramlılarını Qarabağdan çıxaracağına inanmır:
"Əgər Rusiyada hansısa proseslər olmasa, bu dövlət zəifləməsə və bölgədən çıxmaq qərarı verməsə, sülhməramlılar asanlıqla bölgədən çıxmayacaq. İkinci, Ermənistan Rusiyaya lazımdır, balansı saxlamaq üçün təzyiq kimi istifadə edəcək. Digər tərəfdən, Ermənistan özü də oyundan kənar olmaq istəmir. Əslində, 44 günlük savaşdan sonra Ermənistan prosesdə deyil, sadəcə, ruslara onları oyunda saxlamaq lazımdır".
Rusiya sülhməramlıları hazırda Moldova və Gürcüstanda da yerləşdirilib. Moldovada 1992-ci ildə, Gürcüstanda 1994-cü ildə. Azərbaycanda isə sülhməramlılar 5 il müddətinə yerləşdirilib.
Qarabağ münaqişəsi yeni mərhələdə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
BMT 1993-cü ildə Azərbaycan ərazilərinin erməni qüvvələri tərəfindən işğal olunmasını tanıyan dörd qətnamə qəbul edib, amma bu qətnamələr icra olunmayıb.
2020-ci il sentyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə ağır döyüşlər başladı.
44 günlük bu müharibə (İkinci Qarabağ Müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ aldı.
10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.
Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) 1923-cü il iyulun 7-də Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan SSR tərkibində yaradılıb.
1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Soveti "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" Qanun qəbul edib. Bununla da DQMV-nin səlahiyyətlərini genişləndirib.
1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin sessiyası "Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə" Qərar qəbul edib. Bunu Azərbaycan tərəfi qəbul etməyib. Azərbaycan 1991-ci il oktyabrın 18-də Müstəqillik Haqqında Konstitusiya Aktını qəbul edib. Bundan bir ay sonra – 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə həm 1923-cü il 7 iyul dekreti, həm də 1981-ci ildə "DQMV haqqında" Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi qanun ləğv olunub.
Dağlıq Qarabağın ərazisi Xocavənd, Tərtər, Goranboy, Şuşa və Kəlbəcər inzibati rayonları arasında bölüşdürülüb.