Tarix : 2021 Sep 11
Kod 61660

"Ərbəin" ziyarətinə quru yolu ilə getmək barədə açıqlama verildi

Bu il dünyanın müxtəlif şəhərlərində, o cümlədən Kərbəlada "Ərbəin" mərasiminin vaxtı 27 və 28 sentyabr günlərinə təsadüf edəcək. Bu günlərə qədər isə bu mərasimin əsasını təşkil edən “Nəcəf-Kərbəla yürüşü” baş tutacaq.

Arannews : xəbər verir ki, Əvvəlki illərdən fərqli olaraq pandemiya səbəbindən bu mərasimə xarici ölkələrdən nisbətən az zəvvar qatılacaq.
Bizim ölkəmizdən də hər il olduğu kimi bu il də zəvvar qrupları az sayda olsa belə bu mərasimə qoşulacaq.
Hər il 10 minlərlə azərbaycanlını quru sərhədlərlə qəbul edən İraq dövləti bu il isə məhdud sayda yalnız hava limanından qəbul edəcəyini açıqlayıb. Lakin İraq dövlətinin daima dəyişkən qərarlarını tanıyan vətəndaşlarımız hələ də quru sərhədlə bu ziyarətə getmək ümidlərini itirməyib.
“Salamtour” şirkətinin rəhbəri Nurlan Dadaşov bildirib ki, şirkət bu il quru yolla zəvvar aparmasa da digər şirkətlər bu yolla zəvvar aparmağı planlaşdırır. Quru yolla zəvvar aparmaq istəyən şirkətlər isə 2 yerə ayrılıb.
Tranzit ölkə kimi İrandan keçib getmək istəyən.
Tranzit ölkə kimi Türkiyədən (Naxçıvan) keçib getmək istəyən.  
O qeyd edib ki, İraq dövlətinin indiki qanunlarına görə hər iki sərhəd bağlıdır, amma açılma şansı az olsa belə şəxsən 2-ci yolu 1-ci yola nisbətən daha şanslı hesab edir:
"Ümumiyyətlə pandemiya dövründə İraqa tez-tez səfər edən biri kimi həm şirkət rəhbərləri, qrup liderləri, həm də zəvvarları bu məsələdə daha diqqətli olmağa çağırıram. Ancaq qanun imkan verərsə səfərə çıxmaq məsləhətdir. Digər hallarda nəticə yaxşı olmaz".
Şirkət rəhbəri daha sonra "Allahdan ən böyük istəyimiz budur ki, tezliklə bu xəstəlik bəlası yer üzündən çəkilsin və arzusunda olanlar bu il və gələn illərdə bu ziyarətə rahatlıqla yenə gedə bilsinlər", - deyib.

  • Yazılıb
  • da (də) 2021 Sep 11
  • Göndərən جهان کمالی