Fars Dili və Ədəbiyyatı Akademiyasının rəhbəri: “Hər kim İranın fars və türk dili barədə siyasətini bilmək istəyirsə, biz deyirik: Şəhriyar bizim örnəyimizdir. O, fars və türkcə şeirlər söyləyib. Əslində, hökumətin siyasəti də budur ki, türk dili Azərbaycanın dili olaraq, fars dili isə rəsmi və milli dil olaraq hörmətlə qarşılanmalıdır. Qətiyyən, türkcə-farsca ikilik yoxumuzdur.”
Arannews / Şəhriyarın anım mərasimi və “Fars Şeiri və Ədəbiyyatı Günü” dünən axşam Təbrizdə Ustad Şəhriyarın məzarı yaxınlığındakı Məqbərətuş-şüərada keçirildi. 27 şəhrivər (18 sentyabr) müasir İran tarixinin ən dahi şairi Şəhriyarın vəfatının ildönümü günü Fars Şeiri və Ədəbiyyatı Günü adlanmışdır.
Mərasimdə Fars Dili və Ədəbiyyatı Akademiyasının rəhbəri Qulaməli Həddad Adil Ustad Şəhriyarın şeirlərini hiss, sevgi, mənəviyyat və dindarlıqla dolu olduğunu vurğulayaraq deyib: “Müasir şairlərin şeirləri Şəhriyarın şeirləri kimi xalq arasında nüfuz qazana bilməyib. Hal-hazırda İranın hər yerində insanlar onun şeirlərini əzbərləyirlər. Şəhriyar dövrünün hadisələrindən qəflətdə qalmırdı, onun divanında bütün hadisələrin izləri vardır. Şəhriyar heç vaxt onu qınayanların qınağından qorxmurdu, İslam İnqilabını özü üçün müjdə sayırdı.”
Akademiyanın rəhbəri Şəhriyarın qorxmamazlığına toxunaraq deyib: “Türkcə qəzet, jurnal və kitab yazmağın qadağan olduğu bir dövrdə, o, türkcə şeir söylədi.”
Həddad Adil Şəhriyarı azərbaycanlı birinin kamil nümunəsi, ən mükəmməl təbrizli, qeyrətli bir iranlı adlandıraraq deyib: “Şəhriyar “Heydər baba” şeiri ilə türk şeirinə yeni can üfürdü.
Akademiyanın rəhbəri çıxışının digər hissəsində Təbriz və onda baş verən hərəkatlardan söz açaraq deyib: “Təbriz haqda danışmaq istəsək, gərək həftələrlə, aylarla bu böyük tarixi şəhərdən danışaq. Ona görə ki, İranın hadisələrlə dolu bütün tarixi dövrlərində Təbrizin adı parlayır və bu şəhərdə Səfəviyyə dövründə, Qacar dövründə İran-Rus müharibələrində, Məşrutə dövründə, İslam İnqilabı dövründə Siqətul-islamlar, Səttarxanlar, Baqirxanlar, şəhid imam-cümələr, müharibənin böyük sərkərdələri ulduz kimi parlayıblar.”
Həddad Adil qeyd edib ki, Şəhriyar ana dilini sevdiyi kimi fars dilini də sevmişdir. Hər kim İranın fars və türk dili barədə siyasətini bilmək istəyirsə, biz deyirik: Şəhriyar bizim örnəyimizdir. O, fars və türkcə şeirlər söyləyib. Əslində, hökumətin siyasəti də budur ki, türk dili Azərbaycanın dili olaraq, fars dili isə rəsmi və milli dil olaraq hörmətlə qarşılanmalıdır. Qətiyyən, türkcə-farsca ikilik yoxumuzdur. Çünki türk dili və qeyri-farsca olan digər dillər İranın mədəni sərvəti sayılır.”