Tarix : 2021 Sep 19
Kod 61696

Təbriz imam cüməsi: Şəhriyar İran İslam İnqilabı üçün can yandırdı

Təbrizin imam cüməsi Ali-Haşim: “Dindarlıq və vilayətçilik Şəhriyanın dərindən etiqad bəslədiyi iki önəmli amil idi. Bu mövzu onun Əhli-beyti (ə) və vilayəti tanıtması yolundakı ağır missiyasını yerinə yetirməsinə səbəb oldu. Şəhriyar inqilaba can yandırdı və bunun bahasını da özünü azad düşüncəli göstərənlərin qınağına dözməyi ilə ödədi.”
AranNews - Vəliyyi-fəqihin Şərqi Azərbaycanda təmsilçisi və Təbrizin imam cüməsi höccətül-islam vəl-müslimin Ali-Haşim Milli Şeir və Fars Ədəbiyyatı Günü və Ustad Məhəmmədhüseyn Şəhriyarın anım mərasində deyib: “Şəhriyar ləqəbi ilə tanınmış Seyid Məhəmmədhüseyn Behcət Təbrizi İranın digər müasir dühalarının yanında fars ədəbiyyatında müasir şeirin yeni formasını meydana gətirdi.”
Şəhriyarı zəmanənin böyük və sevimli şairi adlandıran imam cümə deyib: “Elə bir iranlı tapılmaz ki, bu dahi şairin adını və şeirini eşitməmiş olsun.”
İmam cümə daha sonra bildirib ki, Şəhriyar qəzəl söylədikdə, çoxları qəzəl dövrünün bitdiyini, qəzəldə bütün qafiyələrin, şəkillərin, anlamların başa çatdığını, artıq bu növ şeirdə yeniliyin mümkün olmadığını düşünürdü. Şəhriyar ictimai bir şair olmaqda, habelə, şeirlərinin məzmun və keyfiyyəti baxımından xüsusi yer tutur. Hamının şeirin bütün üslublarının qəzəldə xülasələndiyini güman etdiyi bir vaxtda Ustad təsvirçilik və təzə üslublar yaratmaqla yeni bir məktəbin binasını qoydu.
Vəliyyi-fəqihin təmsilçisi çıxışının digər hissəsində deyib: “Şəhriyar bizim dövrümüzün dahi və sevimli şairidir. Az iranlı tapılar ki, onun şeirlərindən bir beyt, ya bir misranı bilməsin. Bundan əlavə, Şəhriyar inqilab mübarizələri dövründə cihad qələmi yaratdı, öz sözü ilə desək, inqilab ona təzə ruh üfürdü və sanki bir daha cavanlaşdı.”
İmam cümə vurğulayıb: “Dindarlıq və vilayətçilik Şəhriyanın dərindən etiqad bəslədiyi iki önəmli amil idi. Bu mövzu onun Əhli-beyti (ə) və vilayəti tanıtması yolundakı ağır missiyasını yerinə yetirməsinə səbəb oldu.
Şəhriyar inqilaba can yandırdı və bunun bahasını da özünü azad düşüncəli göstərənlərin qınağına dözməyi ilə ödədi. Haqlı olaraq, Ustad Şəhriyarın incəsənət məqamının qorunması və uca tutulması məqsədilə onun vəfat etdiyi gün (18 sentyabr) Şeir və Ədəbiyyat Günü kimi nəzərə alınmışdır və təqvimdə qeyd olunmuşdur.”
Höccətül-islam vəl-müslimin Ali-Haşim əlavə edib: “Şəhriyarın ana vətəni Azərbaycana sevgisi Heydər baba kimi bənzərsiz əsərin yaranmasına səbəb oldu. Kiminsə bu poemadan bir neçə beyti əzbər bilməməsini düşünmürəm.”

 
  • Yazılıb
  • da (də) 2021 Sep 19
  • Göndərən جهان کمالی